news Image
2014.02.01
20:59
| A A A
Əli Əhmədov: "Azərbaycan gəncləri Suriya üçün yox, Qarabağ uğrunda döyüşməlidirlər"

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov son vaxtlar Suriyada cihad adı ilə döyüşən və həlak olan Azərbaycan vətəndaşları ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır: "Təbii ki, hər bir Azərbaycan vətəndaşı və gənci öz torpaqlarını işğaldan azad etməyə hər zaman hazır olmalıdır. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Amma biz hər zaman müharibənin əleyhinə olmuşuq. Baxmayaraq ki, Azərbaycan torpaqları işğal altındadır, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızı işğaldan azad etmək üçün ölümə getməyə hazırdır. Ancaq Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət dünyanın heç bir yerində müharibəni, qan tökülməsini istəmir. Biz Azərbaycanın hər hansı bir vətəndaşının müharibələrdə və fəlakətlərdə iştirakını arzu etmirik".

Ə.Əhmədov Azərbaycan gənclərinin Suriyada hər hansı ideyalar uğrunda mübarizəyə qoşulmasına müsbət baxmadığını deyib: "Dünya birliyi çalışmalıdır ki, Suriyada qan tökülməsinin qarşısı alınsın, sabitlik və əmin-amanlıq yaransın. Azərbaycan gənclərinin gedib Suriyada döyüşməsi və həlak olması isə bizim üçün lazım deyil. Azərbaycan gəncləri öz torpaqlarının işğaldan azad edilməsi uğrunda çalışmalı və buna hazır olmalıdır. Hər birimiz çağırışlar etməliyik ki, bundan sonra başqa yerlərə, o cümlədən hər hansı vətəndaşımız Suriyaya döyüşlər aparmağa getməsin".

Qeyd edək ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası da bununla bağlı fətva verərək bəyan edib ki, bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunması narahatlıq doğurur. Həmçinin bildirilir ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil: "Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlmiş məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yolu ilə cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırıq".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və onlara qarşı effektiv mübarizə aparılması məqsədilə respublikada təlim kurslarının təşkilinə başlayıb.


Xatırladaq ki, bəzi azərbaycanlı gənclər Suriyada silahlı münaqişələrdə iştirak edirlər.