news Image
2014.02.05
07:03
| A A A
Ukraynada Rusiya və NATO savaşı başlanır
Tərəflər fəal surətdə hərbi texnika cəmləşdirməklə məşğudurlar

ABŞ-a məxsus olan və qanadlı raketlərlə təchiz olunmuş "Remic" eskadra mina gəmisi) və ölkənin altıncı donanmasının "Maunt Uitni" flaqman gəmisi Qara dəniz sularına girib. Məlumata əsasən, Türkiyə tərəfi ilə qarşılıqlı razılaşma əsasında Dardanel və Bosfor boğazlarından keçən gəmilərin göyərtəsində 600-dən artıq dəniz əsgəri var.

"İnterfaks" agentliyi məsələ ilə bağlı bildirir: "Hərəkət vektorundan onların Qara dənizin Ukrayna sahillərinə istiqamət aldıqlarını təxmin etmək mümkündür. ABŞ gəmilərinin Rusiyanın ərazi sularına daxil olub-olmaması hələlik müzakirə edilmir".

Bildirək ki, bundan əvvəl ABŞ-ın Rusiyanın müraciəti əsasında Soçidə keçiriləcək Olimpiya oyunlarının təhlükəsizliyinin təminatı üçün ölkə hərbi-dəniz qüvvələrinə məxsus iki gəmini Qara dənizdə yerləşdirməyə hazır olması ilə bağlı məlumat yayılmışdı. Pentaqondan bu barədə bildirilib ki, gəmilər Qara dənizə Olimpiadanın təhlükəsizliyinin təminatı üçün standart hərbi planlaşdırma çərçivəsində girəcək. Belə bir vaxtda o da məlum olub ki, Almaniyanın Qrafenver şəhəri yaxınlığındakı hərbi bazaya ən son modifikasiyalı 29 "Abrams" tankı gətirilib. Tanklardan əlavə hərbi bazaya 33 "Bradley" ZTR-i və onlarla digər zirehli hərbi texnika da yerləşdirilib. Rəsmi olaraq bu zirehli texnikaların bazaya yerləşdirilməsi NATO hərbi təlimləri ilə izah edilir.

Lakin Ukraynanın Azadlıq Partiyasının lideri Oleq Tyaqnibokun fikrincə, 600-dan çox xüsusi təyinatlı dəniz piyadası Soçidə mümkün terror aktları zamanı evakuasiya üçün göndərilə bilməzdi və ortada daha ciddi məqsədlər var. Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik Leonid İvaşov isə hesab edir ki, NATO tankları Avropada ancaq bir məqsəd üçün tətbiq edilə bilər - Şərq istiqamətində irəliləmək üçün: "Onlar nə şimala, nə də cənuba gedəcəklər. Mən istisna etmirəm ki, bu, Ukraynadakı hadisələrlə bağlıdır. Aydındır ki, Ukraynadan sonra Belarus, Rusiya və s. gəlir. NATO qüvvələrinin Ukraynaya yeridilməsi variantları müzakirə edilir: "Görünür, amerikalılar istəmir ki, Ukraynada vəziyyət dramatik xarakter alanda təkcə avropalılar bu hadisələrdə iştirak etməsinlər. Ona görə də onlar Avropaya öz tanklarını yeridirlər".

Moskva da Ukrayna ətrafında baş verən bu olaylara seyrçi mövqedən yanaşmır. Rusiyalı ekspert Valentina Badrak isə hesab edir ki, Rusiyanın mövqeyi daha da sərtdir: "Moskva Ukrayna prezidenti Viktor Yanukoviçdən faktiki olaraq güc ssenarisini reallaşdırmağı tələb edir. Güc ssenarisi isə Yanukoviçi gec-tez məcbur edəcək ki, yardım ilə bağlı Rusiyaya rəsmi şəkildə xahiş etsin. 2008-ci ildə Ukrayna NATO-ya daxil olmağa hazırlaşırdı. Vladimir Putin isə Qərb partnyorlarına izah etdi ki, rəsmi statistikaya görə, bu ölkədə yaşayan 45 milyon insandan 17 milyonu rusdur. Bəzi regionlarda isə yalnız rus əhalisi yaşayır, Krımda isə bu göstərici 90 faizdir. Ukraynada yaşayan etnik rusların müdafiəsi Rusiyanın müdaxiləsi üçün əsas alət kimi istifadə edilə bilər. O zaman Qərb Rusiya ilə mübahisə etməməyə qərar verdi. Amma son vaxtlar görürük ki, ABŞ öz oyununu oynayır. Son günlərdə ABŞ rəsmiləri Ukraynaya Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı müzakirə etməyi israrla tövsiyə edir. Münhen təhlükəsizlik konfransında belə bir bəyanatla senator Con Makkeyn çıxış etdi. O bildirdi ki, Ukraynanın gələcəyi ilə bağlı müzakirələr Yanukoviçlə deyil, Vladimir Putinlə aparılır".

ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olmasını şərh edən hərbi məsələləri üzrə ekspert V.Badrak "Nezavisimaya gazeta"ya açıqlamasında bildirib ki, indiki mərhələdə hərbi gücün tətbiqini istisna edir: "Demək çətindir ki, vəziyyət necə inkişaf edəcək. İndi hər şey Viktor Yanukoviçin qabiliyyətindən asılıdır. Mənəvi planda Ukrayna hakimiyyəti xalqla mübarizəni uduzdu. Amma gücdən istifadə edərək son döyüşə getməyə çalışacaqmı? Buna cavab vermək çətindir"

Ukrayna və Rusiya Federasiyası arasında ikitərəfli razılaşmalara əsasən, nəzərdə tutulub ki, Rusiyanın Qara dəniz donanması 2017-ci ilə qədər Ukrayna ərazisində Krımda dayanacaq. Bu halda Ukrayna bildirib ki, Rusiya donanmasının vaxtından əvvəl çıxarılmasını tələb etməyəcək. Moskvada hesab olunur ki, rus donanmasının mövcudluğu Krımın Rusiyanın bir hissəsi olduğunu hiss etdirir. Şəhərdə minlərlə rus dənizçisi və əsgəri gəzir, hökumət və donanma müəssisələri üzərində Rusiya bayraqları asılıb. Bu isə o deməkdir ki, ehtiyac yaranacağı təqdirdə Rusiya da Ukraynada hərbi gücdən istifadə edəcək. Özü də Moskva bu hərbi gücü mütəmadi artırır.