Əlaqə Arxiv
news Image
2012.06.06
22:36
| A A A
2 günə 55 erməni əsgəri gəbərdilib
Ordumuzun işğal edilmiş ərazilərdə düşmənə qarşı uğurlu əməliyyatı barədə maraqlı məlumatlar yayılıb

Cəbhə zonasında son günlər davam edən gərginliklə bağlı olduqca maraqlı məlumatlar yayılmaqdadır. Məsələn, "Defence.az" portalının hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, iyunun 4-dən 5-ə keçən gecə Azərbaycan ordusunun kəşfiyyat qrupu Tərtər istiqamətində preventiv əməliyyat həyata keçirib.

Yüksək rütbəli zabitin sözlərinə görə əməliyyat uğurla keçib. Tərtər cəbhə xəttindən ermənilərin cəbhə arxasına keçən xüsusi təyinatlılarımız düşmənin 40 yaxın əsgərini məhv edərək itkisiz Azərbaycan ordusunun başqa cəbhə sahəsindəki mövqelərinə çıxıb. Azərbaycan kəşfiyyatçılarının bu uğurlu əməliyyatına cavab olaraq Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

Düşmən ordumuzun mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı 11 erməni kəşfiyyatçısı məhv edilib və 1 nəfər əsir götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu şəhid olub. Qeyd edək ki, bu döyüşlərdən öncə iyunun 3-dən 4-nə keçən gecə cəbhənin Berdavan və Çinarlı kəndi istiqamətində ermənilərin 3 əsgəri məhv edilib, 5 əsgəri və 1 zabiti yaralanıb. Hərbçilərimizin sözlərinə görə düşmən öz itkilərinin sayını gizlədir. Bu- nun ardınca cəbhə xəttinin müxtəlif istiqamətlərində diversiya törətməyə cəhd göstərən Ermənistan ordusu yeni itki verib. Qeyd olunur ki, iyunun 6-da cəbhənin müxtəlif istiqamətlərində baş vermiş atışmada Ermənistan ordusu bir əsgər itirib.

Məlumatda qeyd olunub ki, iyunun 6-da saat 04:15-də Füzuli rayonunun Horadiz kəndi istiqamətində Ermənistan ordusunun kiçik serjantı Ohanyan Vardan Robertoviç həlak olub, Mavreyan Araik Qeqamoviç və Satryan Volodya Yuriyeviç yaralanıb.

Beləliklə, xüsusi əməliyyat nəticəsində erməni tərəfi ümumilikdə 55 nəfər itki verib. Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 5-də saat 18:00-dan iyunun 6-ı səhər saat 08:00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozublar. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Bu arada isə o da məlum olub ki, Ermənistan tərəfi təmas xəttində Azərbaycan hərbçilərinin həlak olması ilə bağlı məlumatlardan spekulyativ məqsədlər üçün istifadə etməyə çalışır. Azərbaycanlı siyasətşünaslar isə hesab edirlər ki, bu, işğalçı Ermənistanın növbəti təxribatıdır. Həmsədr ölkələr, xüsusən də Birləşmiş Ştatlar İrəvana xəbərdarlıq etməsə, bölgədə vəziyyət daha da gərginləşə bilər. Erməni lobbisi isə məsələnin ABŞ Konqresində müzakirəsinə can atır. Konqresin ermənipərəst üzvləri Nümayəndələr Palatasında məsələni "Azərbaycanın Ermənistanın təmas xəttindəki rayonlarına hücumu" adı ilə müzakirəyə çıxarıblar. Onlar 907-ci düzəlişin dəyişdirilməsini və Azərbaycana silah satışını qadağan etməyi təklif ediblər. Ekspertlər isə bildirir ki, son 2 gündə cəbhə xəttində baş verən insident ATƏT-in Minsk qrupunun həmsədrlərinə, xüsusən də Birləşmiş Ştatlara siqnal olmalıdır. Bu, bölgədə müharibənin başlama ehtimalının hələ də aktual olmasının göstəricisidir. Siyasətşünaslar deyirlər ki, Ermənistan ordusunun təxribat qrupunun ABŞ-ın dövlət katibi Hillari Klintonun regiona səfəri vaxtı Azərbaycan ordusunun mövqelərinə soxulmağa cəhd göstərməsi məqsədli şəkildə həyata keçirilib. Bu məsələdə Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun İrəvanda keçirdiyi görüşlərdə vasitəçi ölkə kimi Ermənistandan işğal siyasətinə son qoymağı tələb etməməsinin də təsiri olub. Erməni lobbisinin təkidi ilə məsələnin Azərbaycanın təxribatı adı ilə Birləşmiş Ştatlar Konqresində müzakirəyə çıxarılması yolverilməzdir. Siyasətşünaslar hesab edirlər ki, vəziyyət belə davam edərsə, erməni təxribatlarının qarşısı alınmasa, bölgədə vəziyyət daha da gərginləşə bilər.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə mediaya açıqlamasında bildirir ki, Rusiya Azərbaycana qarşı istənilən təxribatı Ermənistan vasitəsilə keçirməyə hazırdır. Qəbələ RLS-lə bağlı olan gərginliyi, o cümlədən digər bir sıra məsələləri də nəzərə almaq lazımdır. Üzeyir Cəfərov həmçinin qeyd edib ki, bununla Ermənistanın tert.am saytının Azərbaycan silahlı qüvvələrinin atəşi nəticəsində üç erməni hərbçisinin həlak olması, bir neçəsinin yaralanması barədə yaydıqları məlumat da təsdiqini tapıb. Üzeyir Cəfərov isə deyib ki, əslində bir neçə gün öncə düşmənin 10-a yaxın hərbi qulluqçusu sıradan çıxarılıb: "Azərbaycan Müdafiə Nazirliyi belə bir mühüm görüş ərəfəsində təkzib etsə də, fakt faktlığında qalırdı. Bundan çəkinmək də lazım deyildi. Düşmən layiq olduğu cəzanı almışdı. Sadəcə, həmin hərbi hissələr gərək ayıq-sayıq olaydılar. Onlar bir neçə erməni hərbçisini öldürüb, bir neçəsini yaraladıqdan sonra ayıq-sayıq olmalıydılar. Aydındır ki, düşmənin diversiya qrupu gücləndirilmiş rejimdə qalmalıydı. Düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə soxulub 5 hərbçimizi postda qətlə yetiriblər".

Rusiyanın Siyasi və Hərbi Təhlillər İnstitutunun analitika şöbəsinin eksperti Aleksandr Xramçixin isə bildirir ki, cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında toqquşmalar münaqişə həll olunana qədər davam edəcək.

Səməd CƏFƏROV

Movqe.Az

Sizin Reklam Yeriniz