Əlaqə Arxiv
news Image
2014.02.07
07:26
| A A A
Azərbaycanın ÜTT-yə üzvlüyünün əsas şərtləri açıqlandı
«O zaman ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcək, o vaxt biz Ümumdünya Ticarət Təşkilatına üzv olacağıq»

Məlum olduğu kimi, 17 il əvvəl Azərbaycan üzvlük üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib. Lakin təşkilatın irəli sürdüyü bir sıra şərtlər ölkəmizin bu quruma üzvlüyünün tezləşməsinə imkan vermir. Azərbaycan isə ilk növbədə bu üzvlüyün hər hansı sahədə problem yaratmasını istəmir. Xüsusən də aqrar sektorda.

Prezident İlham Əliyev də bu xüsusda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda bir sıra maraqlı fikirlər səsləndirib: "Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Ümumdünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur? Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi, yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Ümumdünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır. Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir".

Beləliklə, ən azı kənd təsərrüfatı sahəsində tənəzzül yaşanmasına yol verməmək üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa tələsmir və bu, kifayət qədər məntiqi addımdır. Azərbaycanda kənd təsərüfatının əsas məsğuliyyət sahəsi olduğunu və bu sektorda çalısanların əksəriyyətinin kommersiya məqsədilə deyil, səxsi ehtiyaclarını ödəmək üçün təsərrüfat fəaliyyəti qurması, həm bu təhlükənin əhatə dairəsinin genis və həm də təsirli olacağını deməyə əsas verir. Belə olan halda ÜTT-yə qəbul zamanı Azərbaycanın ən çox problemlərlə üzləsən sahəsinin kənd təsərrüfatı bölməsi olacağı əvvəlcədən bəllidir. Ümumiyyətlə isə bu kontekstdə adaptasiya tənəzzülünə məruz qalacaq sahə yalnız aqrar bölmə olmayacaq. İllərlə xarici kapitaldan ehtiyatlanaraq tənzimlənən maliyyə, bank, sığorta və digər xidmət sektorunun da vəziyyəti hökumətin diqqətindən yayınmamalıdır. İstənilən halda, problemlərimizin sənayenin emal sahəsini də əhatə edəcəyi sübhəsizdir. Çünki burda xalis rəqabət qanunları fəaliyyət göstərir.

Hazırda ÜTT ilə danışıqlar 5 sahəni - tariflər, xidmətlər, kənd təsərrüfatı, sanitar və fitosanitar tədbirlər, standartlaşdırma və əqli mülkiyyət sahələrini əhatə edir. Qeyd edək ki, ÜTT-yə üzv olarkən ölkələrin inkişaf səviyyəsinə uyğun olaraq güzəştlər tətbiq olunur. İnkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrlə müqayisədə daha çox güzəştlər əldə edir. Danışıqların uğurla nəticələnməsinə mane olan əsas səbəblərdən biri gömrük idxal tarifləri ilə bağlıdır. Xüsusilə də kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin yüksək olmasını əsas gətirərək, ölkəmizi ÜTT-yə qəbul etmirlər. Azərbaycan isə təklif olunan şərtləri qəbul etmək istəmir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması zamanı qorumalı olduğu vacib mövqe onun inkişafda olan ölkə qismində tanınmasıdır. Rəsmi Bakı, əvvəlki kimi, bu statusda quruma üzv olmaq niyyətini ortaya qoysa da, ÜTT əks mövqedən çıxış edir. Qurum Azərbaycanın ÜTT-yə inkişaf etmiş ölkə olaraq daxil olmasında israrlıdır. İnkişaf etməkdə olan ölkə statusu kənd təsərrüfatında subsidiyaların həcmi, antidempinq tədbirləri və müdafiə mexanizmləri də daxil olmaqla, təqribən 10 istiqamətdə üstünlüklər əldə etməyə imkan verir. Hələlik Azərbaycan hökuməti kənd təsərrüfatına yüksək səviyyədə subsidiyaların ayrılmasından imtina etmək niyyətində deyil. Onu da bildirək ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin 9-cu mərhələsindədir. Bu mərhələdə əsasən üzv ölkələrlə qarşılıqlı öhdəliklər məsələsi müzakirə edilir və bu istiqamətdə intensiv danışıqlar gedir. Bu mərhələ bitdikdən sonra növbəti, 10-cu mərhələdə isə üzv ölkələrlə əsasən, prosedur qaydaları müzakirə olunacaq. Ümumilikdə, ÜTT-yə üzvlük prosedur qaydası 13 mərhələdən ibarətdir.

Sizin Reklam Yeriniz