Əlaqə Arxiv
news Image
2014.02.08
08:02
| A A A
Banklar nəhayət, real sektora da vəsait ayıracaqlar
Ruslan Atakişiyev: “Bank sektorunun iqtisadiyyatın real sektoru ilə geniş əlaqədə işləməsi, onun həm də gəlirlərinin artmasına köməklik göstərər” Rəşad Həsənov: “Hazırda real sektor maliyyə baxımından ən çox əziyyət çəkən sahələrdən biridir”

Bilindiyi kimi, ölkədə ümumi kredit portfelində istehlak kreditlərinin payının artması müvafiq qurumları daha ciddi addımlar atmağa vadar edib. Elə bir müddət əvvəl Mərkəzi Bank tərfindən arayışsız istehlak kreditlərinin verilməsinə qoyduğu qadağa buna hesablanıb. Bundan başqa, Prezident İlham Əliyev də regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə həsr edilmiş konfransda bankları sosial məsuliyyətini anlamağa və iqtisadiyyatın real sektoruna daha çox kredit ayırmağa çağırdı.

Dövlət başçısı bəyan etdi ki, Azərbaycanda son illərdə bank sektoru sürətlə inkişaf edib, banklarımız böyüyüb və güclənib: "Hesab edirəm, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər". Ekspertlərin fikrincə, Mərkəzi Bankın məlum qadağası və ölkə Prezidentinin bu çağırışı fonunda iqtisadiyyatın real sektorunda canlanma müşahidə ediləcək. Xüsusi ilə kiçik və orta sahibkarlığın inkişafına təkan olacaq.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, Azərbaycanda bank sektorunun özəl sektorla işləmək təcrübəsi inkişaf etmiş ölkələrə nisbətən geridə qalır: "İnkişaf etmiş ölkələrdə özəl sektorla, xüsusən də kiçik və orta sahibkarlarla bankların qarşılıqlı əlaqəsi çox genişdir. Azərbaycanda isə son dövrlər banklar öz işlərini daha çox istehlak kreditlərinin verilməsi üzərində qurublar. Onun da bir sıra səbəbləri var. Kiçik sahibkarlara inamın az olması bankları onlara kredit verməkdən yayındırır. Bankların qısa müddətdə yüksək gəlir əldə etmək maraqları özəl sektorla əməkdaşlığı kölgədə qoyur. Ümumiyyətlə, iqtisadi inkişafın əsasında istehsal sahibkarlığı dayanır. İstehsal sahibkarlığı ilə yanaşı, real sektorun inkişafı da ölkədə həm ümumdaxili məhsulun artmasına, həm yeni iş yerlərinin açılmasına kömək göstərir. Əhalinin bütün təbəqəsinin müxtəlif çeşidli məhsula çıxışının genişlənməsi, yerli sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ancaq bu gün Azərbaycanda sahibkarların maliyyə mənbələrinə çıxışları, xüsusən də kiçik sahibkarların investisiya ilə təminatı problemli xarakter daşıyır. Odur ki, ölkə prezidentinin çıxışı mühüm çağırışdır. Azərbaycanda real sektorun investisiya təminatı genişlənməlidir. Xüsusən də, kiçik və orta sahibkarlığa investisiyaların yönəldilməsi, beynəlxalq aləmdə olan maliyyə mənbələrinin Azərbaycanda formalaşması mühüm olardı".

İqtisadçının fikrincə, bank sektorunun iqtisadiyyatın real sektoru ilə geniş əlaqədə işləməsi onun həm də gəlirlərinin artmasına köməklik göstərər: "Eyni zamanda, faizsiz kreditlərin verilməsi də real sektoru stimullaşdıracaq" .

İqtisdi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə bildirir: "Hazırkı yaranmış vəziyyətin əsas səbəbi istehlak kreditlərinin ümumi kreditləşmədə payının 40%-i keçməsidir. Bu isə o deməkdir ki, bankların əsas gəlir yeri istehlak kreditləridir. İstehlak kreditləri ilə alınan məhsulların böyük hissəsi xaricdən gətirilən məhsullardır. Yəni, istehlak kreditlərinin çox olması idxalı stimullaşdırırdı. İdxalı stimullaşdırmaqla yanaşı, kənar sahibkarlığın inkişafına dəstək olurdu. Banklar ona görə bu istiqamətə üstünlük verirdilər ki, bu istiqamətdə təhlükə və risk az idi. Əgər əvvəllər 4-5 bank istehlak kreditləşməsi ilə məşğul idisə, bu gün böyük bankların da bu sektora girdiyinin şahidi oluruq. Bu isə sonda rəqabəti gücləndirdi. Ona görə də daha asan, arayışsız kreditlərin verilməsi kimi şərtlərlə vətəndaşları cəlb etməyə başladılar. Beləliklə də, Azərbaycanda real sektora, kiçik və orta sahibkarlığa kreditin verilməsi meyli azaldı. Hazırda real sektor, maliyyə baxımından ən çox əziyyət çəkən sahələrdən biridir. Real sektorun kreditləşməsi istiqamətində hansısa addım atılmalı idi. Çünki proseslər getdikcə kiçik sahibkarlığın sıradan çıxmasına gətirib çıxarırdı. Halbuki, ökədə kiçik sahibkarlıq daha geniş yayılmalıdır. Çünki kiçik sahibkarlıq işsizliyin aradan qaldırılmasında əsas amil hesab edilir. Bu mənada kiçik sahibkarlığın inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir. Bu çağırış banklara müəyyən istiqamət verəcək. Hər halda Mərkəzi Bank da bu istiqamətdə hansısa inzibati və ya stimullaşdırıcı tədbirlər görəcək".

Sizin Reklam Yeriniz