news Image
2012.06.07
17:47
| A A A
Avro Azərbaycanın Avropa ilə müqavilələrini bahalaşdıra bilər
Vasib Sadiqov: «Avro ilə bağlanan müqavilələrin xüsusi çəkisi azaldılmalıdır» Ruslan Atakişiyev: “Avronun belə kəskin şəkildə düşməsi həmin o müqavilələrə yenidən baxılmasına, həmin layihələrin yenidən dəyərləndirilməsinə və onların da bahalaşmasına gətirib çıxara bilər”

Qubad İbadoğlu: "Azərbaycanda kiminsə avro ilə əmanətləri varsa, götürüb ya manata, ya da dollara dəyişməsi düzgün olardı"

Məlum olduğu kimi Avrozonada baş verən iqtisadi böhran Avropa valyutasının dəyərinə də təsirsiz ötüşmür. Belə ki, son günlər avronun məzənnəsi digər pul valyutalarına nisbətən kəskin şəkildə aşağı düşməkdə davam edir. Xüsusilə dollara nisbətən mövqeyini itirən avronun manatla müqayisədə məzənnəsi azalmaqdadır. Avropa valyutasının dəyərinin aşağı düşməsini iqtisadçı - ekspert Ruslan Atakişiyev müxtəlif səbəblərlə izah edir.

O bildirir ki, son dövrlər avronun dəyərdən düşməsi onun, ilk növbədə, beynəlxalq səviyyədə dolların qarşısında məzənnə itkisinə məruz qalması ilə özünü qabarıq büruzə verir: "Dünya səviyyəli tanınmış milyarder Corc Sorosun Avropanın artıq islahatların aparılması üçün 3 ay vaxtı qalıbdır kimi fikir irəli sürməsi psixoloji olaraq maliyyə bazarında əməliyyatlara təsir edir. Yəni, dolların mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Həmçinin ABŞ prezidenti Barak Obamanın da "Avropada baş verən proseslər ABŞ iqtisadiyyatına kölgə təsiri buraxır" kimi fikirləri, eləcə də Avropa Birliyində baş verən proseslər avronun getdikcə dəyərdən düşməsinə gətirir. Digər tərəfdən Avropada avronun kəskin şəkildə düşməsinin nəticəsində əmanətçilər öz əmanətlərini banklardan çıxarmağa çalışırlar. Bu da bəzi ölkələrdə kütləvi hal alır ki, istər -istəməz bank sektorunun stabil fəaliyyətinə mənfi təsir göstərir".

Ekspert avronun aşağı düşməsilə Azərbaycanda bəzi problemlərin yaşanacağını bildirir: "Bu gün bununla yanaşı Azərbaycanın xarici banklarda saxlanılan 40 milyard dollardan çox valyuta ehtiyatları var. Bunların da bir hissəsi avro ilə saxlanılır. Ona görə də avronun kəskin şəkildə dünya bazarında düşməsi yenidən həmin o ehtiyatların digər valyutalara çevrilməsi məsələsini aktuallaşdıra bilər. Çünki, avroda saxlanılan ehtiyatlarımız dəyərdən düşür ki, bu da ölkəmizin maliyyə itkisi ilə üzləşməsinə səbəb olur. Bundan başqa, Avropa Birliyində fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan şirkətləri ilə beynəlxalq səviyyəli müvaqilələr bağlayıb. Bu müvaqilələrin əksəriyyəti də avro ilə hesablanıb. Avronun belə kəskin şəkildə düşməsi həmin o müqavilələrə yenidən baxılmasına, həmin layihələrin yenidən dəyərləndirilməsinə və onların da bahalaşmasına gətirib çıxara bilər".

İqtisadçı onu da əlavə etdi ki, avro məzənnəsinin kəskin şəkildə aşağı düşməsi nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan sərt pul-kredit siyasəti əmanətçilər arasında psixoloji gərginliyin yaranmasına imkan vermir: "Burada tənzimləyici siyasət, yəni sərt pul-kredit siyasəti həyata keçirilir. Bu da Azərbaycan daxilində avronun manata nisbətən kəskin düşməsinin qarşısını alır".

Ruslan Atakişiyev qabaqlayıcı addımlar kimi bu istiqamətdə, xüsusən də əmanətçilər arasında bəzi işlərin aparılmasını vurğulayır: "KİV - in üzərinə də böyük iş düşür ki, onlar əhali arasında avronun Azərbaycanda kəskin şəkildə düşməyəcəyi ilə bağlı proqnozlara üstünlük verməlidirlər".

Digər ekspert Qubad İbadoğlu isə avronun ucuzlaşmasında əsas təsirin həm idxal-ixrac, həm də bütövlükdə depozitlərə qoyulan əmanətlərdə yerləşdirilən vəsaitlərlə bağlı olacağını bildirir: "Azərbaycanda kimlərsə avro ilə depozitlər qoyubsa, bilməlidirlər ki, yaxın perspektivdə avroda olan əmanətlər dəyərsizləşəcək. Bu, son nəticədə avro məzənnəsinin aşağı düşməsi səbəbindən avroda olan əmanətlərin alıcılıq qabiliyyətinin, dəyərinin azalmasını şərtləndirəcək.

Bizdə avroməkana məhsul idxal edənlər elə də çox deyil. Amma kimlərsə Avrozonada Azərbaycan məhsulunun satışını həyata keçirirsə, məzənnənin aşağı düşməsi onların satdığı məhsuldan əldə etdiyi gəlirlərin azalmasına gətirəcək. Çünki, məzənnə fərqinin əldə edilən gəlirə mənfi təsiri mümkündür. Yaxud da kimsə Avrozonadan Azərbaycana məhsul idxal edirsə, onlar məzənnənin aşağı düşməsi ilə əlaqədar qazanc əldə edə biləcəklər. Çünki, məzənnənin aşağı düşməsi məhsulun satışından əldə edilən gəlirlərin səviyyəsinin yüksəlməsinə təsir göstərəcək. Həmçinin bu hadisə Avrozonadan idxalın artırılması istiqamətində fəaliyyət göstərən iş adamlarının biznesinin çiçəklənməsinə təsir göstərə bilər".

Ekspert qabaqlayıcı addım kimi onu bildirdi ki, Azərbaycanda kiminsə avro ilə əmanətləri varsa, götürüb ya Azərbaycan manatına, ya da dollara dəyişməsi düzgün olardı: "Bu təqdirdə onun dəyərsizləşməsindən dəyən ziyanı aradan qaldırmağa nail ola bilər".

"Dirçəliş" İqtisadi Araşdırmalar Cəmiyyətinin rəhbəri Vasib Sadiqov isə avronun məzənnəsinin aşağı düşməsini belə izah edir: "Son zamanlar Avrozona ölkələrini bürüyən iqtisadi təlatümlər avronun da kursuna güclü təsir göstərir. Xüsusən də İspaniya, İtaliya kimi ölkələrin büdcə kəsiri ilə qarşı-qarşıya qalması və ən əsası Yunanıstanda baş verən hadisələr bu prosesi daha da sürətləndirir. Bu proseslər Avrozonanın qlobal iqtisadi böhran şəraitinə daxil olmasının ilk simptompları da ola bilər. Avrozonaya daxil olan ölkələrin iqtisadi vəziyyətlərinin təhlili onu göstərir ki, cari il ərzində avronun məzənnəsinin düşməsi davam edəcək. Almaniya və Fransa Avrozonanın aparıcı lokomotivləri hesab olunsa da onların iqtisadi böhranla üz-üzə qalmış ölkələrə eyni zamanda kömək etmək imkanları yoxdur. Avronun taleyi isə, Avrozonanın rəhbərləri tərəfindən qəti addımların atılmaması səbəbindən qaranlıq qalır".

Ekspert avronun aşağı düşməsində Azərbaycana dəyə biləcək ziyanı bu cür izah etdi: "Azərbaycanda avro ilə alqı-satqı əməliyyatları, demək olar ki, həyata keçirilmir. Hətta son illər stabil kursu tam təmin olunmuş Azərbaycanın milli valyutası - manat daxili bazarda dolları da sıxışdırmaq imkanı da əldə edib. Bütün bunları nəzərə alaraq, avronun istehlak bazarında xüsusi çəkisi, demək olar ki, sıfra bərabərdir və onun ucuzlaşması istehlak bazarına, tələb və təklif arasında yaranmış tarazlığa, inflyasiya səviyyəsinə heç bir təsir etməyəcək. Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondu ehtiyatlarının təxminən 30-35%-i, bağlanmış müqavilələrin həcminin 10-15 %-i avronun payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi məhz bu iki istiqamətə öz təsirini göstərə bilər və bu da Dövlət Neft Fondu ehtiyatlarının həcminin və müqavilələr nəticəsində əldə ediləcək gəlirlərin azalmasına səbəb olar".

Vasib Sadiqov Avronun kursunun tədricən aşağı düşməsi davam edərsə riskləri minimuma endirmək üçün aşağıdakı qabaqlayıcı addımlar atıla bilər: "Dövlət Neft Fondunun ehtiyatlarındakı avronun payının tədricən azaldılması və dolların xüsusi çəkisinin artımına nail olunmalıdır. Avro ilə bağlanan müqavilələrin xüsusi çəkisi azaldılmalıdır. Ən əsası Avropa ölkələrinə planlaşdırılan investisiya qoyuluşlarının önəmli hissəsi Azərbaycanın daxili iqtisadiyyatına yönəldilməlidir. Bu həm Avropa istiqamətində investisiyalar üçün yaranacaq riskləri azalda, həm də Azərbaycanın iqtisadiyyatını daha da möhkəmləndirə bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs