news Image
2014.02.12
07:13
| A A A
Bank kreditlərindən imtina etmək olar, amma...
Samir Əliyev: “İstehlak krediti götürən insanların hüquqları banklar tərəfindən çox pozulur” Fərhad Bayramov: “Bu kimi qaydaların tətbiq olunması sosial aspektdən çox əhəmiyyətli addım olardı”

Bir çox ölkələrdə bank kreditlərindən müəyyən olunmuş müddət ərzində imtina etmək mümkündür. Məsələn, Ukrayna qanunvericiliyinə əsasən, vətəndaş 14 gün ərzində istənilən bank kreditindən imtina edə bilər. Ölkəmizdə isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, bəzi məhsulların geri qaytarılması mümkün olsa da, hələlik bu qərar bank sektoruna aid edilmir.

Halbuki, Ukrayna təcrübəsinin Azərbaycanda da tətbiqi vacib sayılır.

İqtisadçı Samir Əliyev hesab edir ki, bu məsələ qanunla tənzimlənməlidir: "Yəni, söhbət istehlak krediti haqqında qanundan gedir. Bu gün Azərbaycanda istehlak krediti haqqında qanuna ehtiyac var. Çünki istehlak krediti götürən insanların hüquqları banklar tərəfindən çox pozulur. Banklar tərəfindən yaranmış vəziyyətdə sui-istifadə hallarına yol verilir. Müqavilə şərtləri birbaşa banklar tərəfindən tərtib edilir. Orada müştərinin hüquqları bir o qədər də nəzərə alınmır. Son anda - krediti götürən anda müqaviləni müştəriyə verirlər. Müştəri də müqaviləni tam oxumadan ona qol çəkir. Reklam vasitəsi ilə aldanılmalar da az deyil. Bu cür aldadılmanın sayını çox artırmaq olar. Rusiyada təxminən bir neçə ay öncə belə bir qanun qəbul edildi. Orada da uzun müddət idi ki, bu qanunun qəbuluna əngəllər törədilirdi. Həmin qanunda bu məsələ öz əksini tapıb. Hətta, orada göstərilir ki, müqavilə iki hissədən ibarət olur: xüsusi və ümumi. Ümumi hissə hamı üçün eynidir. Xüsusi hissə hər bir fərdə uyğun olaraq tərtib edilir. Orada göstərilir ki, ümumi ilə xüsusi hissə arasında hər hansı bir təzad olarsa, xüsusi hissə əsas götürülməlidir. Yəni, istehlakçının hüquqları bankın hüquqlarından üstündür. O baxımdan, Azərbaycanda da bu təşəbbüsü müsbət dəyərləndirmək olar. Bunun həyata keçirilməsi üçün mütləq istehlak kreditləri haqqında qanun qəbul edilməlidir".

Ekspert bildirdi ki, qanunun qəbulunda maraqlı olamayan tərəf, bank sektorudur: "Çünki, burada kəskin sürətdə müştərilərin hüquqlarının qorunması məsələsi ortaya çıxır. Banklar sui-istifadə edə bilməyəcəklər. Ancaq insan hüquqlarından söhbət gedirsə, artıq burada hamı eyni olmalıdı, o cümlədən bank sektoru da".

Digər iqtisadçı Fərhad Bayramov bildirir ki, onsuz da Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təklif olunan kreditlərin faizləri çox yüksəkdir: "Ukrayna və Azərbaycan isə kreditlərin faiz dərəcələrinin çox olmasına görə müvafiq olaraq ilk iki yeri tuturlar. Bizdə Mərkəzi Bankın kommersiya banklarına faiz limiti qoymaq hüququ yoxdur. Amma bu kimi qaydaların tətbiq olunması sosial aspektdən çox əhəmiyyətli addım olardı. Əhalinin mövqeyi baxımından da bu, müsbət qarşılanar. Lakin bankların mövqeyindən baxdıqda sərfəli sayılmır. Çünki bu gün ölkədəki bankların vəziyyətini heç də yaxşı hesab etmək olmaz. Hətta, bəziləri filiallarını bağladı. Hazırda 800 milyon manata yaxın problemli kredit var. Əgər bu qanun da tətbiq edilsə, banklara ikinci zərbə kimi dəyərləndirmək olar. Çünki onsuz da Mərkəzi Bankın son qərarı banklar tərəfindən müsbət qarşılanmayıb. Amma ümumilikdə, belə hal ölkənin rifah halının yüksəlməsinə fokuslanmış addımdır. Bu qanundan sonra ikinci addımı gözləmək mümkün deyil. Ancaq banklarda milyonlarla manat kredit dövr etdiyini nəzərə alsaq, o zaman bankların itkisi heç də az olmayacaq. Bu qanunun bizdə tətbiq edilə bilməz. Onsuz da hazırda maliyyə bazarında pul kütləsi çoxdur. Bu qanun biznes sektoru üçün və investisiya xarakterli olarsa, effektli sayıla bilər. Əslində, Mərkəzi Bank kredit portfelini azaltmaq istəyir. Mərkəzi Bank artıq istehlak yox, biznes kreditlərinin təklifini üstün tutur. Ona görə də bu qanunun gəlməsi kreditləşməyə motivasiyadır. Lakin kreditlərdən imtina ilə bağlı halın tətbiqi uğursuz nəticələnə bilər".