news Image
2014.02.13
07:08
| A A A
Qarabağ münaqişəsinin həlli Avropa İttifaqına həvalə olunacaq?!
Elman Nəsirli: “Prinsip etibarı ilə Ermənistan ilə Aİ-nin münasibətlərinin korlanması özü-özlüyündə Azərbaycan üçün mübət hadisədir” Əziz Əlibəyli: “Ocağı kim qalayıbsa, o da söndürməlidir”

Bilindiyi kimi, rəsmi İrəvanın Gömrük İttifaqına üzv olmaq qərarı Avropa İttifaqının Ermənistana təzyiqlərinin artmasına səbəb olub. Belə fikirlər səslənir ki, bu durum Qarabağ münaqişəsinin həllində ölkəmizin xeyrinə olan addımdır. Hətta, mövcud vəziyyətdən istifadə edib Minsk qrupunda Aİ-nin Fransa ilə əvəzlənməsi məsələsini də aktuallaşdırmaq olar.

Hansı ki, əvvəllər də avropalı parlamentariləri tərəfindən oxşar təşəbbüslər olub.

Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirir ki, Ermənistan hər zaman Aİ-dan kreditlər istəyib: "Təxminən 1 milyard dollar kredit almaqda iddialı idi. Ancaq proseslər göstərir ki, onun bu arzusunun üstündən xətt çəkildi. Avropa İttifaqının bir təşkilat olaraq tənzimləmə prosesində birbaşa oyunçu olmaması indiki məqamda Ermənistana təsir imkanlarının lazimi səviyyədə olmasına imkan vermir, rıçaqları məhduddur. Çünki Ermənistan Aİ ilə saziş imzalasaydı, yaxınlaşma olardı. Yaxınlaşma fonunda da təsir imkanları artardı. Amma Ermənistanın uzaqlaşması və birbaşa Rusiyanın təsiri altında qalması Aİ-nin ona təsir imkanlarını məhdudlaşırır. Əgər ATƏT-i Aİ əvəz etsəydi və ATƏT-in yox, Aİ-nin Minsk qrupu olsaydı, bu halda Aİ narazı tərəf kimi beynəlxaq hüququn prinsiplərini tətbiq etməyə başlayardı. Beynəlxaq hüququn prinsipləri isə indiki halda tətbiq olunmur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq prinsip etibarı ilə Ermənistan ilə Aİ-nin münasibətlərinin korlanması özü-özlüyündə Azərbaycan üçün müsbət hadisədir. Çünki Azərbaycan getdikcə Aİ ilə əməkdaşlığını daha da genişləndirir. Aİ ölkələri dünyanın aparıcı dövlətləridir. Avropa dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir. Ona görə də bu reallıqlar Azərabaycanın xeyrinədir. Amma biz bu reallığa söykənib hansısa fövqəladə bir hadisənin baş verəcəyini düşünməməliyik. Ən azından o səbəbdən ki, Aİ münaqişə prosesində tərəf kimi iştirak etmir. Yalnız onun bir üzvü - Fransa dövləti əlahiddə olaraq iştirak edir. Bu reallıq son nəticədə münaqişənin həlli ilə bağlı prosesə ciddi təkanvecirici amilə çevrilmir".

Politoloqun fikrincə, nəzəri baxımdan Minsk qrupunda Fransanı Aİ-nin öz təşəbbüsü ilə əvəzləməsi mümkündür: "Aİ-nin özündə bu ideyalar bir neçə dəfə səslənmişdi ki, Aİ təkcə Fransa deyil. Yəni, Aİ özü bütöv halda münaqişənin tənzimlənməsində iştirak etsin. Yanaşmanın tərəfdarları ilə yanaşı, əleyhdarları da var. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, ATƏT-in Minsk qrupunu və ya Fransanı Aİ ilə əvəz etmək niyyətləri gündəmdə deyil. Sadəcə olaraq, ictimai fikrə buraxılmışdı. Sonra isə yenidən bu məsələyə qayıdılmadı".

Politoloq Əziz Əlibəyli isə hesab edir ki, məsələyə Ermənistanın Aİ tərəfindən təzyiqə məruz qalması kimi yanaşmaq doğru deyil: "Çünki Ermənistan seçim etməli idi, etdi də. Amma bunun üçün onun imkanları Azərbaycan və Gürcüstandan fərqli olaraq daha genişdir. Əvvəla, ona görə ki, Ermənistan Rusiyanın faktiki vassalı, ermənilər isə bütün Avropanın təzyiq məqsədilə yararlandığı rıçaqdır. Ermənistanın Gömrük İttifaqını seçməsinin Dağlıq Qarabağ məsələsinə və Avropanın ona təzyiq edəcəyinə heç bir aidiyyatı yoxdur. Aİ buna görə Ermənistana təzyiq etməyəcək. Başqa bir tərəfdən, Aİ həmişə Qarabağ məsələsini Ermənistandan kənar tutub. Bu da şübhəsiz, Fransa faktoru ilə bağlıdır. Tutaq ki, Azərbaycan Fransanın tutduğu mövqeyinə görə onun Minsk qrupunda iştirakını nə vasitə iləsə əngəllədi. Bəs, o zaman onun yerini tutacaq Aİ kimdir? Yenə də "yağışdan çıxıb yağmura düşmək" olacaq. Qarabağ münaqişəsinin həllini nə Fransada, nə də Aİ-da axtarmaq lazım deyil. Ocağı kim qalayıbsa, o da söndürməlidir".