news Image
2014.02.14
07:30
| A A A
Yeni bina sakinləri icbari sığorta üzünə həsrət qalıblar

Yeni inşa edilən bir çox binaların Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmaması sakinlər üçün təkcə istiliklə bağlı problem yaratmır. Dövlət Qəbul Komissiyasının qəbul etmədiyi binada sakinlər qeydiyyat, kommunal və digər bəzi sahələrdə də əksər hallarda böyük problemlər yaşayırlar. Bəzən olur ki, binada 80-90 faiz məskunlaşma olsa da, sənədləşmə aparılmır.

Nəticədə binaya qaz verilmir, kommunal xidmət yaxşı olmur. Müvafiq qurumlar isə bildirir ki, bina sakinləri bütün şikayətləri bina sahibinə ünvanlamalıdır. Sakinlər tələb etməlidirlər ki, həmin bina müqavilə şərtlərinə uyğun olaraq tam başa çatdırılsın. Bundan sonra bina qəbul üçün Dövlət Qəbul Komissiyasına təqdim edilməlidir. Ekspertlər isə hesab edir ki, bina sahibi müqavilə şərtlərinə əməl etmirsə, sakinlər məhkəməyə müraciət etməlidirlər. Məhkəmə bu fonda bina sahibini müqavilə şərtlərinə əməl etmək üçün qərar qəbul edə bilər.

Belə binalarla bağlı daha bir problem isə mənzillərin sığora edilməsi ilə bağlıdır. Məsələ bundadır ki, Bakıda və respublikanın digər rayonlarında yeni tikilən yaşayış binalarında sənədləşdirilməmiş mənzillərin sahibləri öz mənzillərini hələlik yalnız könüllü sığortalaya bilərlər. Səbəbi daşınmaz əmlakın icbari sığortası ilə bağlı qoyulan tələblərdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, daşınmaz əmlakın icbari sığortası üçün əmlakın mülkiyət hüququnun qeydiyyatı ilə bağlı çıxarış ("kupça") tələb olunur. Çünki qanunun tələbinə görə, müqavilədə çıxarışın nömrəsi göstərilməlidir.

"Kupça" olmadıqda isə mənzilin icbari sığortalanması mümkün olmur. Qeyd edək ki, hazırda yeni tikililərdəki mənzillərin əksəriyyətində sənədləri alqı-satqı müqaviləsindən və mənzilin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışından ibarətdir. Sığorta şirkətləri bildirir ki, bu sənədlərlə mənzili icbari sığortalamaq mümkün deyil. Çünki mənzilin pulu ödənilibsə, o demək deyil ki, həmin şəxs mülkiyyət sahibidir. Bilinmir ki, hələ bu mənzil kimin adına rəsmiləşdiriləcək. Qeyd edək ki, sığorta haqlarının məbləğini və əhatə etdiyi riskləri, eləcə də təcrübəni nəzərə aldıqda daşınmaz əmlakın icbari sığortası könüllü sığortaya nisbətən daha sərfəlidir. Məsələn, Bakı şəhərində qiyməti 100 min manat olan əmlakın könüllü sığortalanması orta hesabla 300-600 manata başa gəlir. İcbari sığortada isə cəmi 50 manat ödəməklə əmlakı bütün il boyu əsas risklərdən 25 min manatlıq həcmdə sığortalamaq mümkündür. Təcrübə də göstərir ki, əmlaka dəyən zərər nadir hallarda 25 min manatı keçir.

Sənədləşdirmə ilə bağlı ciddi tələblər nəzərdə tutulan icbari sığortadan fərqli olaraq əmlakın könüllü sığortası zamanı əmlakın sənədlərinə tələblər bir qədər yumşaqdır. Maliyyə arayışı, və ya MTK ilə müqaviləsi varsa, bu, könüllü sığorta üçün kifayətdir. Çünki könüllü sığorta müqaviləsində faydalanan şəxs başqası ola bilər. Amma icbari müqavilədə faydalanan şəxs sığortalı özü olmalıdır. Məsələ ilə bağlı onu da qeyd edək ki, bəzən sığorta şirkətləri sığortanı order əsasında da həyata keçirirlər. Lakin problem odur ki, bəzi yeni evlərdə heç mənzil sahiblərinə order də verilmir. Bu isə həmin mənzillərin daha sərfəli sayılan və ucuz başa gələn icbari sığortadan kənar düşməsinə səbəb olur. Xatırladaq ki, Bakı şəhərindəki evlərin icbari sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər şəhər və rayonlarda isə 30 manatdır. İldə cəmi bu məbləği ödəyərək mənzili və ya evi yanğın və digər risklərdən sığortalamaq mümkündür. Bakı şəhərindəki yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri 25 000 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat, digər yaşayış məntəqələrindəki əmlaklar üzrə isə 15 000 manat nəzərdə tutulub. Yəni sığorta hadisəsi zamanı əmlakın icbari sığortası üzrə ödəniş bu məbləği keçməməlidir. Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklərdən sığortalayır.

Qeyd edək ki, yaşayış evləri və mənzillərin icbari sığortası bu hadisələr nəticəsində mənzil sahiblərinə sığorta məbləğləri çərçivəsində sığorta ödənişlərinin verilməsini təmin edir. Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda əlavə kompensasiya dövlət tərəfindən ödəniləcək. Amma dövlət yalnız o əmlak sahiblərinə kompensasiya ödəyəcək ki, onlar əmlaklarını icbari sığorta etdirmiş olsunlar. Yuxarıda qeyd olunduğu kimi isə "kupça" və ya orderi olmayan bəzi yeni binalardakı mənzil sahibləri icbari sığortadan istifadə edə bilmirlər.