news Image
2014.02.18
07:22
| A A A
Tibbi sığorta bu işlə məşğul olan şirkətləri daha çox ziyana salmağa başlayır
Problemin həllinə kömək edə biləcək icbari tibbi sığortadan isə hələ də xəbər yoxdur

İcbari sığortanın tətbiqi neçə illərdir ki, cəmiyyətdə əsas müzakirə mövzularından biri olsa da, bu istiqamətdə hələlik heç bir yenilik yoxdur. Bu gedişlə qeyd olunan sığorta növünün hələ yaxın tezlikdə qəbulunu da gözləmək lazım deyil. Digər tərəfdən, real vəziyyətin təhlili heç şirkətlərin də bu sığorta növünə bir o qədər maraq göstərmədiyini deməyə əsas verir.

Səbəb isə şirkətlərin belə sığortaya görə daha çox xərcə düşməsidir.

Onu da xatırladaq ki, hələ 2008-ci ildə Səhiyyə Nazirliyi tərəfindən İcbari tibbi sığortanın konsepsiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bundan sonra Nazirlər Kabineti yanında müvafiq agentlik yaradılıb. Lakin agentliyin yaranmasına baxmayaraq, tibbi sığortanın tətbiqindən qeyd olunduğu kimi, hələ də xəbər yoxdur. Belə bir vaxtda isə tibb xidmətlərinin tədricən bahalaşması tibbi sığorta biznesinə təsir etməyə başlayıb.

Qeyd edək ki, 2012-ci ildə tibbi sığorta üzrə zərərlilik əmsalı 67,5% idisə, ötən il həmin göstərici 73,4%-ə qalxıb. Bu göstərici ilə tibbi sığorta kütləvi sığortalar arasında ən zərərli sığorta növünə çevrilib. Düzdür, Qərbdə tibbi sığorta üzrə toplanan sığorta haqlarının təqribən 95%-i ödəniş şəklində yenidən müştərilərə qayıdır. Sığorta şirkətlərinə isə 5% çatanda bu, yaxşı göstərici sayılır.

Ödənişlərin artmasının əsas səbəbi klinikalar tərəfindən göstərilən xidmətlərin bahalaşması, onun da səbəbi Azərbaycana bahalı tibbi avadanlıqlardan getdikcə daha çox istifadə olunmasıdır. Son zamanlar ölkəyə yeni və çox bahalı avadanlıqlar gətirilir. Bu avadanlıqlar vasitəsilə göstərilən xidmətlər də nisbətən bahadır. Eyni zamanda, müayinə və müalicə üsulları da tamamilə dəyişib - indi yeni, amma həm də bahalı müalicə üsulları tətbiq olunur. Bu da tibbi xidmətləri bahalaşdırır. Tibb sahəsində əsas etibarı ilə özəl xəstəxanalarda müayinələr və müalicənin qiyməti hər il təqribən 10% artır. Bundan başqa, sığortaçıların sözlərinə görə, tibb xidmətləri ilə yanaşı, dərmanlar da bahalaşır ki, bu da son nəticədə sığorta ödənişlərinin artımına səbəb olur. "Başak İnam" Sığorta Şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi "fins" portalına bildirib ki, ötən il "Başak İnam" Sığorta Şirkətinin tibbi sığorta üzrə ödənişlərinin böyük hissəsi dərman xərclərinə sərf edilib. Şirkətdən verilən məlumata görə, dərman təchizatı tibbi sığorta paketində ən çox xərc aparan xidmətlərdən biridir: "Bizim şirkət il boyu dərmana hər gün orta hesabla 50-90 manat, yəni, gündə minimum 50 manat pul ödəyib". Sığorta ödənişlərinin artımının ikinci səbəbi yoluxucu xəstəliklərin, xüsusilə qripin yayılmasıdır. Ötən il qrip xəstələrinin müalicə xərcləri artıb. Sığorta şirkəti hesabına doğuşlar, yoluxucu xəstəliklərdən müalicə və vaksinləşmə, istənilən vaxt təcili tibbi yardım, dərman təminatı, cərrahiyyə əməliyatları, kompüter tomoqrafiyası və sair də reallaşmaqdadır və bütün bunlar heç də ucuz başa gəlmir.

Belə vəziyyətdə icbari tibbi sığortanın tətbiqi şirkətlər üçün həm çox qazancın əldə olunması, həm də çox xərcin ödənilməsinə gətirib çıxara bilər. Hazırda şirkətlər üçün əsas maraqlı məqam tariflərin yüksəldilməsi və tibbi xidmət növünə limitlərin tətbiq olunmasıdır. İstənilən halda isə icbari tibbi sığortanın tətbiqi zəruri sayılır. Onu da xatırladaq ki, 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına milyonlarca manat vəsait ayrılır və istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılır. Niyəsi də odur ki, tibbi sığorta hələ də tətbiq olunmayıb. Tibbi sığorta haqda qanunun icrasının ən müsbət nəticəsi dövlət və özəl klinikalar arasında rəqabətin genişlənməsidir. Ekspertlərin fikrincə, qanunun icrası zamanı hər bir tibb müəssisəsi çalışacaq ki, tibbi sığorta şirkətləri onlarla müqavilə bağlasın. Bu deyilənlərin nə vaxt reallaşacağı isə hələ sual altındadır. Qeyd edək ki, tibbi sığorta icbari və könüllü şəkildə həyata keçirilir. İcbari tibbi sığorta həm dövlət sosial sığortasının tərkib hissəsidir, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verir.