news Image
2012.04.05
19:00
| A A A
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə konfrans keçirdi


05 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti oraqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirildi. Tədbirdə Qaradağ rayonunun, onun idarə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin 200-dək nümayəndəsi, eləcə də respublikanın 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etdilər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları salamlayaraq konfransın mahiyyəti barədə məlumat verdi.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun 3 illik fəaliyyətindən söz açaraq bildirmişdir ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib. Vüqar Səfərli vurğulamışdır ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. O bildirmişdir ki, belə tədbirlər mətbuat nümayəndələri ilə yerli icra strukturlarının əməkdaşları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məruzəsində ölkə mətbuatının hazırkı mənzərəsinə nəzər salmış, habelə bu sahədə mövcud problemlərə toxunmuşdur. 3 il əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını ölkə mediasının problemlərinin həllində və inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən Əflatun Amaşov qurumun həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyətindən söz açıb. Mətbuat Şurasının sədri əmin olduğunu bildirmişdir ki, Fondun təşəbbüsü ilə Qaradağ İcra Hakimiyyətində keçirilən konfrans ölkə jurnalistlərinin rayonun ictimai həyatının bütün sahələri üzrə obyektiv informasiya almaq imkanlarını genişləndirəcəkdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini xüsusi qeyd etmişdir. O vurğulayıb ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. İcra başçısı Qaradağ rayonunun 11 qəsəbəsində mühüm sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Süleyman Mikayılov eyni zamanda, hazırda Qaradağ rayonunda ölkə əhəmiyyətli Beynəlxalq Dəniz Limanının, Gəmiqayırma zavodunun, yeni sement zavodunun inşa olunduğunu, yolların əsaslı təmir edildiyini, işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Rayonda müəyyən problemlərin də mövcudluğunu səmimi qeyd edən icra başçısı ölkə jurnalistlərini bu problemlərin işıqlandırılması zamanı obyektiv və qərəzsiz olmağa, həqiqəti yazmağa çağırmışdır.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydinlıq gətirilmişdir. Konfrans iştirakçıları da icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamışlar. Konfransda, eyni zamanda, kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülmüşdür.

Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan etmişdir. Eyni zamanda, belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, o cümlədən rayon ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sonda tədbirin jurnalistlərlə icra strukturları əməkdaşları arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bir daha önə çəkərək faydalı təşəbbüsə görə Fondun icraçı direktoruna və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə təşəkkürünü bildirib.


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs