news Image
2014.02.20
12:07
| A A A
Suriya gedən azərbaycanlıların geri qayıtmasına imkan verilmir

Aldığımız xəbərlər Suriyaya gedən azərbaycanlıların taleyinin biri-birindən dəhşətli olduğunu göstərir. Ora getmiş azərbaycanlıların sayları barədə müxtəlif rəqəmlər söylənilir. Hətta məlumatlar var ki, qardaşının ölüm xəbərinə görə Hələbə gedən qardaşı da tutub orda saxlayıblar ki, döyüş və qardaşının qisasını al. Suriyaya üz tutunaların sonradan geriqayıtmasına müxtəlif maneələr də yaradılır, hətta onların pasportalırın belə tutulub əlindən alındığına dair məlumatlar dolaşır. Səbəb də odur ki, sonradan bu şəxslər geri qayıda bilməsin. Digər tərəfdən fikirlər də səslənir ki, Suriyaya döyüş üçün gedənlərlə bağlı cinayət işi qaldırılmalıdır. Artıq Avropada bu metoddan istifadə üçün hazırlıq gedir.


Zahid Oruc: "Suriyada vuruşanlar müxtəlif dini qrupların tərkibindədirlər, müstəqil deyillər"


Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirir ki, bu, artıq dünyanın problemidir: "Muzdlu, legioner kimi müxtəlif qiymətləndirmələrdən asılı olmayaraq, dövlətlərin qoşulduğu beynəlxaq sənədlər belə fəaliyyəti qadağan edib. Biz qanunlarımızın hansısa cinayət müddəlarından çıxış etməzdən əvvəl baxmalıyıq ki, beynəlxalq hüquq bu məsələdən necə bəhs edir. O sahədə BMT-nin konsenvasiyasına artıq Azərbaycan da radifikasiya edib. Bu, hər hansı xarici ölkə qoşunlarda iştirakın qadağan edilməsidir. Həmin sənəddən çıxış edərək o şəxslərə qarşı cinayət işinin qaldırılması bizim çağırışlarımız deyil, qanunun hökmüdür. Dünyada belə işləri həyata keçirən mərkəzlər var. Onlar mütəşəkkil cinayətkarlıq sahəsində ixtisaslaşıb, külli miqdarda gəlir əldə edirlər. Suriyada vuruşanlar isə müxtəlif dini qrupların tərkibindədirlər, müstəqil deyillər. Sabah da Əsəd rejimi yıxılanda onlar başqa yerlərə aparılacaqlar".

Millət vəkili hesab edir ki, bundan istifadə edib Azərbaycandakı dini təşkilatları qaralamaq, onlara cihada hazıralayan dairələr kimi baxmaq olmaz: "Bu qruplarla işləmək lazımdır. Dini azadlıqlar genişlənməli, hesabatlılıq bərqərar olunmalıdır. Dini təhsilimizdə bilgilər ortaya qoyulmaldır".


Elşad Miri: "Problemin təkrar olunmaması üçün müəyyən düşünülmüş mərhələli addımlar atılmalıdır"


İlahiyyatçı alim Elşad Miri isə bildirdi ki, ilk növbədə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Xarici İşlər Nazirliyinə müraciət etmək lazımdır: "İkincisi də problem olmamışdan əvvəl problemə aparan yolların qarşısı alınmalı idi. Ancaq təəssüflər olsun ki, problem formalaşıb. İndi bunun təkrar olunmaması üçün müəyyən düşünülmüş mərhələli addımlar atılmalıdır. Burada maarifləndirmə, orta məktəblərdə müəyyən fənlərin tədrisi, müəyyən din adamlarının yetişdirilməsi vacibdir. Bunları kompleks şəkildə həyata keçirə bilsək, gələcəkdə ola biləcək problemlərin qarşısını ala bilərik".

Alim hesab edir ki, burada ilahiyyatçıların da üzərinə böyük iş düşür: "Bu sahədə mütəxəssis olan insanların, hətta qarşı tərəfin düşüncələri də bir masaya qoyulmalıdır. İlahiyyatla bağlı fənlər bütün universitetlərdə tətbiq edilməlidir ki, virus təriqətlər şüurlarımıza daxil edilməsin".


Ərəstun Oruclu: "İlk növbədə bunları ora aparan şəbəkəni aşkarlayıb məhv etmək lazımdır"


Milli Təhlükəsizlik Nazirylinin sabiq əməkdaşı Ərəstun Oruclu hesab edir ki, müəyyən sayda azərbaycanlıların da Suriyaya getməsinin ciddi səbəbləri var: "Suriyaya elə-belə, kimlərinsə çağırışı ilə din, etiqad, məzhəb məsələlərinə görə getmirlər. İnsanlar konkret hara, kimin yanına gedəcəyini əvvəlcədən bilir. Bizdə olan məlumata görə orada vuruşan azərbaycanlıların sayı 550-600 nəfərdir. Oradakı azərbaycanlıların əksər hissəsi ölkənin konkret bölgələrindədir. Bu da təhlükəli tendensiyadır. Biz bilmirik, onlar nəyə görə gediblər. Əgər pul qazanmaq məqsədi ilə gediblərsə, başa düşmək olar. Muzdlunun işi pul qazanmaqdır. Bu gün Suriyada, sabah başqa yerdə döyüşəcək. Ancaq bu da inandırıcı görünmür. Ona görə ki, həddindən artıq az məbləğdə - 600-880 dollar civarında pul ödənilir. İndiyə qədər əfqan, İraq müharibələri olub. Oralarda da az sayda azərbaycanlı iştirak edib. Amma Suriyaya gedənlərin sayının çox olması təhlükəli tendensiyalardan xəbər verir. Ola bilsin ki, Azərbaycan qarşı hansısa məkrli planlar hazırlanır. Bu planların reallaşmasında Suriyada döyüş təcrübəsi keçmiş insanlardan istifadə etmək istəyirlər. Təhlükəli ehtimaldır".

Ərəstun Oruclu prosesin qarşısını almaq üçün dövlətin əlində xeyli imkanların olduğunu bildirdi: "İlk növbədə bunları ora aparan şəbəkəni aşkarlayıb məhv etmək lazımdır. Hətta bizdə olan məlumata görə ora getmiş insanlar zaman-zaman Azərbaycana qayıdırlar. Bunları saxlayıb araşdırmaq olar. Onların orada iştirkı sübuta yetilərsə, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bundan sonra oradan qayıdan insanlarla həm hüquqi, həm də dini-psixoloji aspektdən ciddi şəkildə işləmək vacibdir. Ordan gələnlərin hamısını həbsxanaya atmaq da düzgün olmazdı. Amma ciddi nəzarətdə saxlamağa ehtiyac olacaq. Çünki, onlar Suriya kimi dəhşətli bölgədə təcrübə keçmiş insanlardır və təsadüfən ora getməyiblər. İstənilən müharibə keçən insan potensial təhlükə mənbəyidir".