news Image
2014.02.21
07:44
| A A A
Tikinti şirkətlərinin fırıldaqlarına tuş gələnlərin sayı artır
Problemdən birdəfəlik çıxış yolu üçün əsaslı təkliflər irəli sürüldü

Bu qəbildən olan şirkətələrə qarşı cinayət işinin başlanması da fırıldaq qurbanına çevrilən şəxslərin qeyd olunan problemlərini tam həll etmir. Əvəzində, "Gen" MMC, "Kamran" MTK, "Fuad LTD" MMC və digər bir sıra şirkətlərin qurbanına çevrilən şəxslər hələ də əziyyət çəkməkdədir. Artıq bu qəbildən olan şirkətlərin sırasına daha biri də əlavə olundu.

Məlumat verildiyi kimi, Bakı şəhər sakinin "RT LTD" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırmalar zamanı MMC-nin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyət tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satmaqla bağlı müraciətlərə baxılıb. Bu zaman vətəndaşlara 855 min manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fevralın 20-də isə yayılan digər məlumata görə, "Əzizbəy-KM" MMC-nin vəzifəli şəxsləri barəsində həbs qətimkan tədbiri seçilib. "Əzizbəy-KM" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Aparılmış istintaqla Bakı şəhərində fəaliyyət göstərən qeyd edilən MMC-nin təsisçisi Fuad Mirzəyevin Cəmiyyətin direktoru Akif Bağırovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Ekspertlər isə hesab edir ki, fırıldaqçı tikinti şirkətlərinin yaratdığı problemin birdəfəlik həlli üçün təkcə cinayət işlərinin başlanması kifayət etmir və daha sərt addımlara əl atılmalıdır. İqtisadçı-ekspert Vüqar Bayramov məsələ ilə bağlı bildirir: "Çox acınacaqlıdır: inşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var. Bəs, gələcəkdə belə halların qarşısını necə almaq olar?

Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır.

İkincisi, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu qeydiyyatını, hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir".

Ekspert hesab edir ki, bundan başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olması birmənalı şəkildə qadağan edilməlidir: "Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.

Dördüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Beşincisi, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik deyil".