news Image
2014.02.21
10:03
| A A A
İşdə həyatını təhlükəyə atanlar
Əliməmməd Nuriyev: "İş yerində əməyin təhlükəsizliyi məsələsinin tam şəkildə öz həllini tapması üçün əmək müqaviləsinin olması başlıca şərtdir"

Son illər Azərbaycanda iş yerlərində təhlükəsizlik tədbirlərinin görülməsi sahəsində bir sıra mühüm addımlar atılıb. Bu əsasda da işçilərin iş prosesində lazımi təhlükəsizlik avadanlıqları ilə təmin olunması məsələsi müəyyən qədər öz həllini tapıb. Halbuki bir neçə il bundan öncəyə qədər iş prosesində təhlükəsizlik məsələlərinin həllinə şirkətlər tərəfindən çox etinasız yanaşılırdı. Bunun da nəticəsində iş rejimi zamanı xəsarət alanların, hətta həyatını itirənlərin sayı çox idi. Görülən tədbirlər nəticəsində təhlükəsizlik məsələsi bir qədər öz həllini tapıb. Lakin bununla belə, bir sıra özəl şirkətlərdə hələ də işçilər əmək təhlükəsizliyinə tam cavab verən formada işləmirlər. Məsələn, tikinti işlərində başa taxılan dəbilqə fəhləni baş verə biləcək təhlükədən qorumaq üçün nəzərdə tutulsa da, əksər hallarda işçilərin bu qoruyucu vasitədən istifadə etmədiklərinin şahidi olmaq olar. Bu isə onu göstərir ki, hələ də şirkətlər işçilərin təhlükəsizliyi məsələsinə tam ciddiliyi ilə yanaşmırlar. Belə vəziyyətin yaranmasında işçinin də günahı az deyil. Belə ki, onlar əksər hallarda həmin qoruyucu dəbilqələri tələb etmirlər. Bəzən də onu əldə etsələr də təhlükəsizlik məsələsinə səhlənkarlıqla yanaşaraq dəbilqəni taxmırlar. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikrincə, iş yerində təhlükəsizlik məsələsinin tam həlli üçün bir sıra addımların atılması vacibdir. Bu addımlar onun fikrincə, əmək müqaviləsinin bağlanmasından, işçinin özünün tələbkar olması və müvafiq qurumlar tərəfindən prosesə nəzarətin daha da gücləndirilməsindən ibarət olmalıdır: "Şirkət rəhbərləri işçilər tərəfindən əməyin təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaratmalıdırlar. Bu, onların ən ümdə vəzifəsidir. İş həyata keçirilərkən də əməyin təhlükəsizlik qaydaları gözlənilməlidir. Bütün bunlar əmək qanunvericiliyinin tələbləridir. Bu funksiyaların icrası da sahibkarın üzərindədir. Lakin təəssüf ki, Azərbaycanda çox zaman işə götürən əməyin təhlükəsizliyilə bağlı müəyyənləşən qaydaların icrası istiqamətində hər hansı bir fəaliyyət göstərmir. Bu da öz növbəsində çox zaman bədbəxt hadisələrin baş verməsinə geniş imkanlar yaradır. Təsadüfi deyil ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidməti öz hesabatlarında bədbəxt hadisələrin əsasən tikinti sektorunda baş verdiyini bəyan edib. Məhz daha çox bu sahədə təhlükəsizlik qaydalarına əməl edilməməsi halları hesabatlarda öz əksini tapıb. İş prosesində təhlükəsizlik tədbirlərinin təmininə nail olmaq üçün bir sıra işlərin görülməsi vacibdir. İlk öncə əmək müqaviləsində nəzərdə tutulan mühüm şərtlərdən biri əməyin təhlükəsizliyilə bağlı olan məqamdır. Bu məqam əmək müqaviləsində qeyd olunur. Amma təəssüf ki, hələ də bir çox hallarda işə götürən əmək müqaviləsi imzalamadan işçinin fəaliyyətə başlamasına imkan yaradır. Ona görə də düşünürəm ki, iş yerində əməyin təhlükəsizliyi məsələsinin tam şəkildə öz həllini tapması üçün əmək müqaviləsinin olması başlıca şərtdir. İkinci bir tərəfdən mütəmadi olaraq bu məsələ üzrə monitorinqlər həyata keçirilməlidir. İşçinin özünün də bu məsələdə aktiv olması vacibdir. O, təkcə əmək müqaviləsində deyil, real olaraq özünün təhlükəsizlik alətlərilə təmin olunmasını işə götürəndən tələb etməlidir. Lakin ölkəmizdə əksər hallarda işçi sahibkardan müqavilədə göstərilən tələblərin əməl edilməsini tələb etmək gücündə olmur. Bəzən də işçi təhlükəsizlik məsələsinə formal yanaşır. Belə olan halda bədbəxt hadisənin baş verməsindən sonra artıq bununla bağlı hər hansı fəaliyyəti həyata keçirmək isə mümkün olmur. Belədə işçi bədbəxt hadisə ilə özünə dəymiş ziyanın kompensasiyasına nail ola bilmir. Doğrudur, bu istiqamətdə qanunvericiliyin sərtləşdirilməsi prosesi baş verib. Əmək müqavilələrinin artıq elektron qaydada qeydə alınması məsələsi gündəmdədir. Bu məsələyə əməl edilmədikdə cinayət məsuliyyətinin tətbiq olunması halı da qanunvericiliyə tətbiq edilməkdədir. Yaranmış vəziyyət həm də onu göstərir ki, prosesin hamar olması üçün Əmək Müfəttişliyi Xidmətinin nəzarəti daha da gücləndirməsi zəruridir. Çünki prosesin tənzimlənməsi bilavasitə həmin qurumun funksiyasına daxildir. Təəssüf ki, bu istiqamətdə də problemlər yaşanır. Əmək Müfəttişliyi heç də bütün hallarda bu məsələyə nəzarəti həyata keçirmir. Yoxlama tədbirlərilə bağlı da müəyyən problemlar yaşanır. Çünki qurum hansı orqanda yoxlama tədbiri keçirəcəklərilə bağlı olaraq əvvəlcədən məlumat verməli, Ədliyyə Nazirliyinin müvafiq reyestrinə daxil olmalıdırlar. Bu halda isə sahibkar şirkətində yoxlama aparılacağından məlumatlı olur. Belə olan halda digər sahibkardan yoxlama müddəti üçün müvəqqəti olaraq həmin təhlükəsizlik alətlərini alır. Yoxlama da bu halda hər şeyin qaydalara uyğun olduğunu görür. Lakin yoxlamanın başa çatması ilə vəziyyət yenə də əvvəlki halını alır. Ona görə də hesab edirəm ki, əməyin mühafizəsinə nəzarət gücləndirilməli və qanunvericilik bütün gücü ilə tətbiq olunmalıdır".