news Image
2012.06.13
08:01
| A A A
Meşələrin özəlləşdirilməsi gündəmə gəlir
Sadiq Salmanov: "Azərbaycanda meşələrin xüsusi mülkiyyətə verilməsi mənfi fəsadlara gətirib çıxarar"

Bilindiyi kimi, Azərbaycanda meşələr dövlət, ümumxalq mülkiyyətidir. Ona görə də meşələrin və meşə massivinin özəlləşdirilməsi hazırki qanunvericilikdə mümkün deyil. Amma o da var ki, bir neçə il bundan öncəyə kimi ölkədə meşələrin kütləvi şəkildə qırılması prosesi həyata keçirilirdi. Bir çox bölgələrə "mavi yanacağ"ın verilməməsi səbəbindən əhali soyuq qış aylarında istiyə olan tələbatlarını ödəmək üçün meşələrdəki ağacları qırmalı olurdu.

Digər tərəfdən bəzi taxta-şalban sexləri də kortəbii şəkildə meşələrin qırılması prosesini həyata keçirirdilər. Düzdür, son illər meşələrin qırılmasına qarşı aparılan mübarizə intensivləşib. Hətta bəzi yerlərdə kütləvi yaşıllaşdırma işləri də görülür. Amma buna baxmayaraq, Azərbaycan ərazisinin meşə ilə örtülən hissəsi hələ də lazımi həcmdə deyil. Verilən məlumatlara görə hazırda ölkə ərazisinin təxminən 11 -12 faizə yaxını meşəliklərdir. Digər tərəfdən hazırda turizmin inkişafı ilə əlaqədər olaraq meşə massivində istirahət evlərinin tikintisi geniş vüsət alır. Nəticədə bunun özü də meşələrin qırılmasına bir növ stimul verir. Hazırda ərazisinin 36 faizi meşə massivilə əhatə olunan qonşu Rusiyada meşələri özəlləşdirməsi təcrübəsindən istifadə olunub. Amma müəyyən şərtlər daxilində. Şərt də ondan ibarətdir ki, meşəni özəlləşdirən hüquqi və ya fiziki şəxs ərazidə meşə massivinin daha da genişlənməsinə çalışmalıdır. Son zamanlar Rusiyadakı bu təcrübəyə istinadən Azərbaycanda da bir sıra ekspertlər meşələrin özəlləşdirilməsinin vacibliyini qabartmağa başlayıb. Bu halda, Rusiyadakı sözügedən təcrübənin ölkəmizdə də tətbiqi, görəsən, nə dərəcədə mümkündür?

Bizimlə söhbətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov öncə qeyd etdi ki, Rusiyada meşələrin özəlləşdirilməsi prosesi artıq dayandırılıb: "Yadınıza gəlirsə, 2010-cu ildə Rusiya meşələrində güclü yanğınlar baş verdi. Hansı ki, həmin vaxt oradakı yanğının söndürülməsində Azərbaycan yanğınsöndürənləri də aktiv iştirak etmişdilər. Rusiyanın meşə təsərrüfatı əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində idi. Sonradan orada baş verən islahat nəticəsində meşə təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə verildi. 2010-cu ildəki güclü yanğından sonra isə meşələrin idarə olunmasının müəyyən hissəsini qubernatorların sərəncamına keçirdilər. Onlar da tədricən meşələri satışa çıxararaq özəlləşdirməyə başladılar. Belədə isə yerli qubernatorların yanğınlara qarşı mübarizə tədbirləri aparmadığı üzə çıxdı. Ona görə də Dmitri Medvedyevin prezidentliyi dövründə ölkənin meşə təsərrüfatı yenidən birbaşa olaraq mərkəzi hökumətə tabe edilən Meşə Təsərrüfatında birləşdirildi. Ona görə də hazırda Rusiyada meşələrin özəlləşdirilməsi prosesi dayandırılıb. Çünki özəlləşdirilən ərazilərdə yanğın əleyhinə hər hansı bir konkret qabaqlayıcı tədbirlər həyata keçirilmədiyindən yanğınlar daha kəskin şəkildə tüğyan etməyə başlamışdı".

Azərbaycanda meşələrin özəlləşdirilməsinə gəldikdə, nazirliyin sektor müdiri bunun heç də doğru addım olmayacağını bildirdi: "Azərbaycan azmeşəli ərazi hesab olunur. Ölkə ərazisinin cəmi 11,8 faizi meşələrlə örtülüdür. Bu da dünyada qəbul edilmiş normadan 2,5 dəfə azdır. Ərazimizin azı 22 faizi meşə ilə örtülü olmalıdır ki, ekoloji tarazlığı sabit şəkildə qoruya bilsin. 1996-cı ildə torpaq islahatı haqqında qanunun qəbulu ilə mülkiyyət növləri də müəyyənləşdi. Qanunla meşə massivi də bilavasitə dövlət mülkiyyətinə şamil edildi. Düzdür, bir çox Avropa dövlətlərində meşələrin bir hissəsi özəlləşdirilib. Məsələn, Baltikyanı ölkələrin meşələrinin 30 faizi özəl meşələrdir. Türkiyədə isə meşə massivi, demək olar ki, bütünlüklə dövlət mülkiyyətidir, yalnız 1 faizi xüsusi mülkiyyətə malikdir. Azərbaycana gəldikdə, deməliyəm ki, burada hazırki dönəmdə meşələrin xüsusi mülkiyyətə verilməsi mənfi fəsadlara gətirib çıxarar. Konstitusiyaya görə hər bir vətəndaşın meşədə gəzmək və istirahət hüququ var. Meşələrin özəlləşməsilə isə insanların bu hüququ əlindən alınmış olacaq. Ona görə də ölkəmizdə meşələrin özəlləşdirilməsinə birmənalı şəkildə imkan verilməməlidir. Digər tərəfdən insanların hazırda təbiətə qarşı münasibəti də lazımi səviyyədə deyil. İnsanlar heç ağac əkmək kampaniyasında iştiraka belə, o qədər də meylli deyil. Əhalinin təbiətə münasibəti heç də ürəkaçan olmadığı halda, meşələri onlara özəlləşdirmə formasında necə etibar edə bilərik? Meşələrimiz həm də torpaq qoruyucu, su saxlayıcı, sanitar qoruyucu və kurort əhəmiyyətli funksiyaları yerinə yetirir. Belə bir meşəni özəlləşdirməyə vermək isə qətiyyən doğru olmaz".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs