Əlaqə Arxiv
news Image
2014.03.05
13:31
| A A A
Əflatun Amaşov: "Bu Azərbaycan jurnalistikasında yeni dövrün başlanğıcı olacaq"
"Bakalavriat və magistratura pillələrində jurnalistika sahəsini seçmək istəyənlərin qabiliyyət imtahanından keçirilməsi Azərbaycan jurnalistikasında yeni dövrün başlanğıcı olacaq".
Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarında baş verəcək bu dəyişiklik peşəkar jurnalistikanın inkişafına töfvə verəcək: "Biz bu məsələni ölkə başçısı ilə görüşdə də qaldırmışdıq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda müzakirə keçirildi. Əvvəllər jurnalistikanı seçən və təsadüfən bu ixtisasa düşənlərin bacarıqlarının aşağı səviyyədə olmasından şikayətlənirdiksə, yaxın vaxtlarda bu problem öz həllini tapmış olacaq. Jurnalistika ixtisasını seçənlərin qabiliyyətinin yoxlanılması bu sahədə bacarıqlı kadrların yetişməsinə şərait yaradacaq. İxtisas seçimi zamanı jurnalistikanı seçənlərin sayının artması təhsil proqramlarında da dəyişikliklərə gətirib çıxardacaq".  
 
Xatırladaq ki, dünən Azərbaycanda jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsi məqsədilə müzakirələr aparılıb.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, komissiya rəhbərliyi ilə Azərbaycan Mətbuat Şurasının işçi qrupu arasında bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunması mövzusunda növbəti müzakirə keçirilib. Müzakirələrin nəticəsi olaraq jurnalistika ixtisasına bakalavriat və magistratura səviyyələri üzrə qəbulda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur.Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsindəki nəticələri müsabiqə şərtini ödəyən bütün bakalavrlara ixtisasından asılı olmayaraq jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək imkanı veriləcək. Bu zaman bakalavrlar internetlə müvafiq sorğu anketini dolduracaq, daha sonra isə TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işi yerinə yetirəcəklər. Bu mərhələdə müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçiminə buraxılacaqlar.Nəzərdə tutulan digər yeniliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulda jurnalistika ixtisasına qəbul olmaq arzusunda olan abituriyentlər ərizə qəbulu mərhələsində internetlə sor ğu anketi dolduraraq qeydiyyatdan keçəcəklər. Həmin abituriyentlərdən III ixtisas qrupu üzrə test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər təqdim olunacaq mövzu üzrə inşa yazı işi yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər.
Sizin Reklam Yeriniz