news Image
2014.03.06
07:25
| A A A
Suriyadan ölkəmizə gələn təhdid böyüyür
Döyüş üçün Suriyaya yollanan və sonradan geri qayıdanlar dini zəmində nifaq salmağa can atırlar

Dünyanın diqqətini hazırda daha çox Ukraynada baş verən hadisələr cəlb etsə də, planetimizin digər qaynar nöqtəsi sayılan Suriyada hələ də gərgin vəziyyət hökm sürür və bu ölkə region üçün ciddi təhdid mənbəyi olaraq qalır. Xüsusən də döyüşmək üçün Suriyaya gedənlərin geri qayıtması böyük təhlükə olaraq görülür.

Artıq Avropada bununla bağlı həyəcan təbili çalınır. Göstərilən qəbildən olan şəxslər Azərbaycan də təhdid mənbəyi sayılır. Xüsusən də nəzərə alınsa ki, vuruşmaq üçün ölkəmizdən Suriyaya üz tutanlar və oradan geri qayıdanlar da var.

Bu xüsusda Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında da maraqlı məqamlar yer alıb və burada göstərilir ki, ötən il Suriyada təlimlərə qatılan Azərbaycan vətəndaşları saxlanılıblar. Hesabatda qeyd olunub ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə, hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.

Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş verənlər haqda Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı da Suriyada gedən vətəndaş müharibəsinin Azərbaycana təsiri barədə geniş məqalə dərc edib. Burada deyilir ki, Suriyaya döyüşməyə gedən və geri qayıdan islamçılar Azərbaycanda sünnilərlə şiələr arasında münaqişə yaradıb qızışdırmağa çalışır. Qəzet Suriyada ilin əvvəlindən 30-a yaxın Azərbaycan vətəndaşının öldürüldüyünü, ötən il isə öldürülənlərin sayının 100-dən çox olduğunu xatırladır. Onların hamısı radikal qruplaşmalarının tərkibində döyüşənlərdir: "Suriyadan qayıdan, ideoloji və hərbi baxımdan hazırlıq keçən döyüşçülərin geri qayıtmasını Azərbaycanın dövlət və din xadimləri silahlı münaqişənin ölkəyə ixracı baxımından aktual təhlükə hesab edirlər". O da vurğulanır ki, Suriyada azərbaycanlılar əsasən "Cabah əl-Nusra" və ya "Ceyş-əl-Muhacirin val-Ənsar" qruplaşmalarının tərkibində döyüşürlər. Sonuncu qruplaşma əsasən xaricilərdən ibarətdir və komandirləri "Əbu Yəhya əl-Azəri" ləqəbli azərbaycanlıdır. Azərbaycandan gedən döyüşçülər əsasən İdlib və Hələbdə dislokasiya olunublar. Onlar Türkiyə ərazisindən keçərək Suriyaya gedirlər. Məqalədə daha sonra Britaniyanın "The İndependent" qəzetinin sünni-şiə qarşıdurması barədə bu günlərdə dərc etdiyi təhlildən də sitat gətirilir. "Nezavisimaya qazeta" qeyd edir ki, "İndependent" Azərbaycanda sünnülərlə şiələr arasında münasibətlərin qalan müsəlman ölkələrinə nümunə ola biləcəyini yazmışdı. Lakin Suriya cihadı bu münasibətləri təhdid edir.

Qəzet xatırladır ki, ötən ilin payızında Azərbaycan xüsusi xidmət orqanları Bakıdakı "Məşədi Dadaş" məscidinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb. Məscidin imamı Şahin Həsənovu öldürməyi planlaşdıran üç nəfərdən avtomat, tapançalar və qumbaralar götürülüb. Həmçinin, ötən ilin payızında və bu ilin əvvəllərində sosial şəbəkələrdə özlərini radikal qruplaşmaların təmsilçiləri kimi təqdim edən şəxslərin Azərbaycanda şiələri hədələdiyini, Suriya hadisələrinin Azərbaycanda da təkrarlanacağı haqda xəbərdarlıq etdikləri xatırladılır. Bildirilir ki, yanvarın 28-də internetdə "Meşə qardaşları" adlı qruplaşma Azərbaycan hakimiyyətinə qarşı cihadla hədələyib. Məqalədə Suriyaya döyüşməyə təkcə sünnilərin yox, şiələrin də getdiyi xatırladılır. Bildirilir ki, məsələ parlamentdə də müzakirə olunub və Azərbaycan vətəndaşlarının Suriyadakı münaqişədə iştirakının ölkənin milli təhlükəsizliyini təhdid etdiyi vurğulanıb. Bütün bunlar bir daha Suriyanın Azərbaycan üçün də böyük təhdid yaratdığını aydın surətdə nümayiş etdirir. Bu mənada hesab olunur ki, döyüşmək üçün Suriyaya gedənlərə və oradan geri qayıdaraq potensial təhlükə mənbəyi ola biləcək insanlar birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Xarici təcrübədə artıq bundan istifadə olunur. Məsələn, Səudiyyə Ərəbistanı hakimiyyəti öz təşəbbüsü ilə xaricdə döyüşən krallıq tələbələrinin 3 ildən 20 ilədək həbs olunması barədə əmr imzalayıb. Əmrə əsasən, Ər-Riyadın terrorçu hesab etdiyi təşkilatı dəstəkləyənləri də beş ildən 30 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Onu da qeyd edək ki, Azərbaycanda muzdlular yığma, onlara təlim keçmə, o cümlədən onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzalar ciddi sərtləşdiriləcək, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzalar tətbiq olunacaq.