news Image
2014.03.06
07:27
| A A A
Azərbaycanın ən böyük çayı quruyur
Vəfa Bayramova: “Hazırda Kür çayının səviyyəsindəki azalmalar əsasən orada aparılan texniki işlərlə əlaqədardır” Ənvər Əliyev: “Hazırda dünyanın Qərb yarımkürəsinə nisbətən Şərq yarımkürəsində yağıntıların azalması müşahidə edilir”

Adətən Kürdə suyun həcminin artmasını eşidirdiksə, artıq bir neçə aydır ki, çayın səviyyəsində azalmalar müşahidə edilməkdədir. Son günlər isə su səviyyəsinin daha da aşağı düşdüyü hiss olunur. Azalmalar əsasən çayın aşağı hissəsində baş verir. Ancaq azsululuq tək Kür çayı ilə bitmir. Anoloji hadisə ölkə ərazisindəki digər bəzi çaylarda da yaşanmaqdadır.

Mütəxəssislərin qənaətinə görə, fəsil üçün bu vəziyyət xarakterikdir. Həm də nəzərə alaq ki, cari ildə ölkə ərazisinə düşən yağınıtının miqdarı normadan aşağı olub. Ancaq baş vernələri fərqli izah edənlər də var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar bürosunun hidroloji proqnozlar şöbəsinin rəisi Vəfa Bayramova bildirdi ki, hazırda Kür çayının səviyyəsindəki azalmalar əsasən orada aparılan texniki işlərlə əlaqədardır: "Yaxın zamanlarda çaylarda gursululuq dövrünün başlaması ilə əlaqədar Kür çayının lildən təmizlənməsi, yatağın genişlənməsi istiqamətində işlər aparılır. Qazıntı işləri getdiyi üçün orada suyun səviyyəsi aşağı düşüb. Təbii amil yoxdur. Bu cür kritik halda azalma normal hal deyil. İşlər bitən zaman azalma da dayanacaq. Son 10 ildə Kür çayının səviyyəsinin bu dərəcəyə düşməsi müşahidə olunmamışdı".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, professor Ənvər Əliyev bildirdi ki, adətən Azərbaycanda orta dağlıq hissədə bu vaxtlar yağıntıların miqdarı azalsa da, qar örtüyü çox zəngin olur: "Həm də yağıntıların azalması ilə əlaqədar çayın üzərində anbarlar ehtiyat yığırlar ki, enerji hasil etmək mümkün olsun. Ancaq yağıntılı dövr qarşıdadır - yaz aylarında. Ayrı-ayrı vaxtlarda dağlarda ərimələr baş verir. Nəticədə çaylarda sululuq nizamlanacaq. Ancaq ümumilikdə hazırda dünyanın Qərb yarımkürəsinə nisbətən Şərq yarımkürəsində yağıntıların azalması müşahidə edilir. Çoxillik göstəriciyə görə, iqlim şəraitinin nisbətən mülayim keçməsi müşahidə olunur. Ona görə də bunlar çayların su rejiminin təbii olaraq azalmasına ciddi təsir edir. Kür çayının səviyyəsi də bu amildən asılıdır. Amma bir müddətdən sonra yağıntıların miqdarı arta bilər. Bununla da illik fərq balanslaşdırılacaq. Ancaq Kürün səviyyəsinin böhran nöqtəsindən aşağı düşməsi çox nadir hadisədir".

Professor hesab edir ki, ümumiyyətlə, fəsil üçün bugünki təbiətin özü belə xarakterik deyil: "Hazırda hava durumu uzun illərdən bəri təkrarlanan nadir təbiət hadisəsidir. Onun nəticəsi də yağıntılar az düşür. Lakin sululuq səviyyəsinin azalması heyvanat aləminin qida rejiminə müəyyən qədər təsir göstərə bilər. Bu da uzun zamanı əhatə edə bilməz. Kürün səviyyəsinin belə aşağı düşməsi balıqların miqrasiya məsələsinə təsir edə bilər. Digər tərəfdən də əhalinin su təchizatı məsələlərinə təsiri ola bilər. Uzun illər ərzində orada insanların qida ehtiyatları, fauna formalaşıb. Çayda suyun səviyyəsinin dəyişməsi onların həyat tərzini dəyişir. Xüsusi ilə balıqların kürü tökməsi, miqrasiyası halına təsir edir. Təbiətdə illər ərzində dəyişilmələr mövcuddur. Buna təbii qanunauyğunluq kimi baxmaq lazımdır. Bir müddətdən sonra Kür öz səviyyəsinə qalxması istisna edilmir. Təbiət o qədər nizamlı mexanizmdir ki, ona həm antropogen və ya təbii təsir dərhal özünü göstərir".