Əlaqə Arxiv
news Image
2012.06.19
15:29
| A A A
Banklar pullarını xaricə yönəldir
Samir Əliyev: “Nəinki banklar, hətta iri şirkətlər də xarici ölkələrdə biznes qurmağa çalışırlar” Xalid Mikaylılov: “Azərbaycan banklarının xarici ölkələrə investisiya yatırmalarının əsas iki səbəbi ola bilər”

Nazim Məmmədov: "Ölkənin sahibkarlarının bu və ya digər formada böyük həcmdə vəsaitlərə ehtiyacı olduğu halda…"

Bu gün yerli kommersiya banklarının böyük əksəriyyətinin ölkə daxilində bir investor olaraq kifayət qədər passiv mövqedə dayandıqları heç kimə sirr deyil. İnvestor kimi banklarımız daha çox xaricə meyllənirlər. Məsələn,   elə bu günlərdə  Beynəlxalq Bank Birləşmiş Ərəb Əmirliyində 60 milyon dollarlıq zavodun inşasına başlayıb. İqtisadçı ekspertlər bu həcmdə vəsaitin daha çox  xaricə yönəldilməsini müxtəlif səpkidən izah edirlər.

İqtisadçı ekspert Xalid Mikayılov qeyd edir ki, Azərbaycan banklarının xarici ölkələrə investisiya yatırmalarının əsas iki səbəbi ola bilər: "Bunlardan biri investisiyaların diversifikasiya edilməsi ilə bağlıdır. Yəni invesitisiyaların başqa invesitisiya mühiti olan ölkələrə yönəldilməsi ilə bağlı ola bilər. Digər bir səbəb isə odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmadığı üçün biznes mühiti yetərli dərəcədə  formalaşmayıb".

Xalid Mikayılov bildirir ki, bundan başqa, hər bir ölkədə investisiyaların qayıtmaq dərəcəsi fərqlidir. Ona görə də kommersiya bankları sərmayələrini investisiyaların qayıtmaq dərəcəsi yüksək olan ölkələrə yönəldə bilərlər: "Azərbaycanla müqayisədə bəzi ölkələrdə investisiyaların gəlirlik dərəcəsi yüksək ola bilər. Bunu da əsas faktorlardan biri hesab etmək olar".

İqtisadçı ekspert Samir Əliyev də bu gün Azərbaycanda biznesin başqa ölkələrə köçürülməsi hallarının artımının müşahidə olunduğunu qeyd edir: "Nəinki banklar, hətta iri şirkətlər də xarici ölkələrdə biznes qurmağa çalışırlar. Azərbaycandakı biznesi bir növ xaricə yönəltmək siyasəti həyata keçirilir. Çünki, Azərbaycan bazarı kiçikdir. Bazarda müəyyən bir monopoliyanın olması imkan vermir ki, banklar investisiya yönümlü hər hansı bir siyasət həyata keçirsin. Ona görə də onlar öz siyasətini dəyişərək xarici ölkələrdə biznes qurmağa üstünlük verirlər".

Ekspert kredit qoyuluşunda əsasən istehlak kreditləri qoyuluşunun üstünlük təşkil etdiyini bildirir: "İstehlak kreditləri ümumi kredit qoyuluşun 30 faizini təşkil edir. Bu həcmdə böyük bir gəlir əldə etmək olmur. Halbuki bankların əsas gəlir mənbəyi böyük həcmdə kredit verməkdir. Odur ki, banklar daha çox gəlir əldə etmək üçün xaricə də üz tuturlar".

Samir Əliyev bankların xaricə investisiya qoymalarında Azərbaycanın ÜTT-ə üzv olmaması məsələsinə birbaşa bağlı olmadığını bildirir: "Çünki məntiqlə baxdıqda ÜTT-ə qəbul olsaq, xarici şirkətlər ölkə iqtisadiyyatına daxil olar. Bu da rəqabəti artırar. Amma Azərbaycan şirkətləri xariclə rəqabətə malik deyillər. Əslində ÜTT-ə qəbul olmağımız yerli istehsalata problem yarada bilər. Ona görə də yerli istehsalatları dəstəkləmək baxımından ÜTT-ə qəbul olmamaq daha yaxşıdır. Bankların başqa ölkələrdə biznes qurmasını ÜTT ilə əlaqələndirmək düzgün olmazdı. Bunlar bir-birindən asılı olan məsələlər deyillər. Bunun əsas səbəbi biznes mühiti ilə bağlıdır".

İqtisadçı Nazim Məmmədov isə bildirir ki, əslində banklar müəssisə aça bilməzlər: "Ancaq hansısa şirkətə kredit verib, onların biznesində yardımçı ola bilərlər. Son illərin təcrübəsindən çıxış etdikdə onu görürük ki, müxtəlif ölkələrdə - Gürcüstanda, Türkiyədə, Rusiyada, Birləşmiş Ərəb Əmirliyində Azərbaycanın aparıcı bankları vəsait yatırmağa daha çox üstünlük verirlər. Bu da ancaq şəxsi maraqla bağlı olan məsələdir. Bankın menecerinin, rəhbərliyinin müəyyən qapalı formada özünə yaxın şirkətlərinə maliyyə resursları vermələrindən irəli gəlir. Ölkənin sahibkarlarının bu və ya digər formada böyük həcmdə vəsaitlərə ehtiyacı olduğu halda bankların digər ölkələrin iqtisadiyyatına xidmət etməyi ancaq və ancaq şəxsi maraqlardan və menecerlərin düzgün iş qurmamağından irəli gəlir".

Nazim Məmmədov Beynəlxalq Bankın qaytarılmayan resurslar üzrə ölkədə lider olduğunu da xatırladır.

Sizin Reklam Yeriniz