Əlaqə Arxiv
news Image
2012.06.22
12:01
| A A A
Sənədsiz evlərin qeydiyyatı uzanır
Parlamentdə müzakirəyə çıxarılacaq «Şəhərsalma və Mənzil Tikintisi haqqında» Qanun layihəsində də sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur

Ölkə cəmiyyətində xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlıdır. Paytaxt Bakı ətrafında 500 minə qədər belə evin olmasını nəzərə alsaq, cəmiyyətin bu məsələyə belə yüksək marağı tamamilə başadüşüləndir. Qeyd edək ki, 2011-ci ilin mart ayında prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda sənədsiz evlərin qeydə alınması ilə bağlı xüsusi tapşırıq verib. 

İndi həmin tapşırığı əldə rəhbər tutan sənədsiz ev sahibləri sənədləşdirmə işlərinin aparılması üçün müvafiq icra hakimiyyətlərinə müraciət etsələr də hələ ki, istədikləri cavabı ala bilmirlər. Çünki sənədləşdirmə proseduruna başlamaq üçün müvafiq qanunvericilik proseduru hələ də hazırlanmayıb. Lakin məsələyə fərqli prizmadan yanaşaraq sənədsiz evlərin sənədləşdirilməsinə başlanması üçün heç bir maneənin olmadığını düşünənlər də var. Məsələn, Milli Məclisin regional məsələlər üzrə komitəsinin üzvü Tahir Rzayev bildirir ki, prezidentin dediyi hər bir şey elə qanundur". O, evlərin sənədləşməsi üçün prezidentin çıxışını ən yaxşı əsas sayır: "Prezidentin dediyi hər bir şey elə qanundur. O, tapşırıq verəndən sonra icra orqanları, bələdiyyələr və digər aidiyyəti qurumlar adamlardan sənədləri toplamaqdadırlar. İndiyə qədər xeyli sənəd toplanıb ki, evlər sənədləşdirilsin".

Tahir Rzayevə görə, vətəndaşları hansısa sərəncamın olmaması adı ilə geri qaytaranlar səhvə yol verirlər: "Bunu edənlər düşüncəsiz adamlardır. Prezident tapşırırsa, hər bir vətəndaş buna əməl etməlidir. Prezident ötən ilin martında dedi, belə olmalıdır"

İyunun 29-da Milli Məclisin plenar iclasında "Şəhərsalma və Mənzil Tikintisi haqqında" Qanun layihəsi müzakirəyə çıxarılacaq. Ancaq bu layihədə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı heç bir maddə yoxdur. Tahir Rzayev "Azadlıq" radiosuna verdiyi açıqlamada bildirir ki, yeni layihədə belə bir maddə olmasa da, layihənin qəbulu bu sahədə problemlərin qarşısını almağa yardımçı olacaq: "Çünki orda evlərin tikilməsinə əvvəlki kimi çoxlu tələblər qoyulmur. Bu, işi haradasa 90 faiz sürətləndirəcək".

Bununla yanaşı, o da  məlumdur ki, sənədsiz evlərin qeydə alınması üçün ilkin layihə hazırlanaraq parlamentə təqdim olunub. Məhz bu layihə əsasında  da problemin həlli mümkün sayılır. Lakin bunun üçün parlament həmin layihəni qanun  şəklində qəbul etməlidir ki, bu proses də uzanır. Məlumatlara görə, layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir. Neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. 

Araşdırmalar göstərir ki, vətəndaşların əmlakının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələri ilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də, dövlət orqanları sənədləri verməkdən imtina edirlər. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrinin qanunsuz olduğunu və ya yaşayış üçün nəzərdə tutulmadığını göstərirlər. Ekspertlərin sözlərinə görə, bəzən dövlət orqanlarının göstərdiyi səbəblər əsaslı olur. Çünki bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansı ki, onların bələdiyyələrə heç bir aidiyyəti yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar. 

Onu da xatırladaq ki, 2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edilib. Bundan əlavə qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələri vasitəsilə həyata keçirilməlidir. Ancaq bəzən elə hallar olur ki, bələdiyyələr, qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir, bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar. 

Qeyd edək ki, hazırda sənədsiz evlərin xeyli hissəsi Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus sahələrdə inşa olunub. Mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqların bir çoxunu yenə bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslərə satıldığı isə heç kimə sirr deyil. 

Onu da xatırladaq ki, sənədsiz evlərlə bağlı cari ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov tərəfindən də maraqlı bir açıqlama verilmişdi. O qeyd etmişdi ki, bu ilin sonuna kimi Bakıda 1940-cı ildən 2011-ci ilə kimi tikilən sənədsiz evlərin sayı dəqiqləşdiriləcək. Onun sözlərinə görə, BŞİH də daxil olmaqla, bununla məşğul olan qurumlar işlərini davam etdirirlər: "Artıq Bakıda 1940-ci ildən 1950-ci ilə qədər sənədsiz inşa edilən evlərin sayı dəqiqləşdirilib. Hazırda isə 1950-ci ildən 1975-ci ilə qədər tikilən, lakin sənədi olmayan evlərin siyahıya alınması aparılır. Bu mərhələ də bitdikdən sonra 2000-ci ilə qədər, ardından isə 2011-ci ilə qədər sənədsiz tikilən evlərin hamısı cədvəl şəkilində qeydiyyata alınaraq, Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra evlərin sənədləşdirilməsinə başlanacaq".

Sizin Reklam Yeriniz