news Image
2012.06.26
08:00
| A A A
Bakı yavaş-yavaş sürüşür
Ənvər Əliyev: “Birinci dəfədir eşidirəm ki, şəhərin yüklənməsilə onun istiqaməti dəyişir” Telman Zeynalov: “Abşeronda yüksək mərtəbəli binalar tikildikcə, bizdən asılı olmayaraq boşluğu doldurmaq üçün yer hərəkət edir”

Son günlərin diqqət cəlb edən məlumatlarından biri də paytaxtın tədricən sürüşməsi ilə bağlıdır. Belə fikirlər səslənir ki, Bakı şəhəri həddən artıq yükləndiyindən ildə 8 millimetrə qədər cənub-şərqə doğru sürüşür. Həqiqətən də son illər paytaxt şəhəri həddən çox yüklənib. Burada çoxsaylı hündürmərtəbəli binalar inşa edilib və inşa edilməkdə davam edir. Bu sayaq tikinti işləri davam etdirildiyindən şəhərdə daim müxtəlif yerlərdə qazıntı işləri aparılır.

Xatırladaq ki, son vaxtlar Bakıda və ölkənin digər regionlarında kifayət qədər torpaq sürüşmələri baş verib. Xüsusilə paytaxt Bakıda və Abşeron yarımadasında bir-iki ay öncə baş verən sürüşmələr hələ də yaddaşlardan silinməyib. Belə fikirlər səslənir ki, hazırda dünyada suların yer səviyyəsindən yuxarı qalxması bu cür təbii fəlakətlərin baş verməsinə gətirib çıxarır. Xüsusilə Abşeron yarımadasında dənizə yaxın yerlərdə 14,22 metrlik təbəqədən sonra 7 metrlik gil təbəqəsi var. Abşeron yarımadasının altı tamamilə gil təbəqəsidir. Gil təbəqəsi içəriyə doğru getdikcə azalır, torpaq səviyyəsi isə qalxır. Eyni halda qrunt sularının getdikcə üzə çıxması və gilin laxlaması baş verir. Ona görə də, ağır binaları tikməklə Abşeron ərazisinin bir tərəfini ağırlaşdırırıq və nəticədə bu cür təbii fəlakətlər baş verir.

O da vurğulanır ki, Abşeron yarımadası Qafqaz dağlarının ətəyində yerləşdiyinə görə, paytaxt Bakı və yarımada sürüşməyə meylli zona hesab edilir. Ona görə də, hər hansı bir ərazidə tikinti apararkən torpağın dözümlülüyü, ərazidə yeraltı suların nə dərəcədə olması nəzərə alınmalıdır.

Hələlik isə o da məlumdur ki, yuxarıda qeyd olunanlarla yanaşı, şəhərdə yerin torpaq qatı ilə bağlı olaraq həyata keçirilən digər infrastruktur layihələri də geniş vüsət alıb. Digər tərəfdən şəhər müxtəlif tipli avtomobillərlə də yüklənib. Görünür, bunlara əsasən də bu cür fikirlər səslənir ki, şəhərin belə yüklənməsi il ərzində onun cənub-şərqə doğru cüzi də olsa sürüşməsinə gətirib çıxarır. Görəsən, bu ehtimal nə dərəcədə doğrudur?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev şəhərin yüklənməsinin sürüşməyə gətirib çıxardığını ilk dəfədir ki, eşitdiyini diqqətə çatdırdı: "Birinci dəfədir eşidirəm ki, şəhərin yüklənməsilə onun istiqaməti dəyişir. Belə proseslər adətən yalnız xüsusi aparatlar, elektron lazerlər vasitəsilə müəyyənləşə bilər. Yüklənmənin sürüşməyə gətirib çıxardığı mənim üçün bir yenilikdir. Dünya praktikasında ümumiyyətlə belə hallarla rastlaşmamışıq. Amma bu xəbər olduqca maraqlı materialdır".

Ekoloq Telman Zeynalov isə deyilən bu fikirlə bir tərəfdən razı olsa da, vurğuladı ki, məsələyə geoloqların münasibət bildirməsi lazımdır: "Bir məsələ var ki, Abşeron yarımadası üzərində nə qədər yüksək mərtəbəli binalar tikilirsə, bizdən asılı olmayaraq boşluqları doldurmaq üçün yer hərəkət etməyə başlayır, yəni çökür. Yəqin ki, bunu nəzərdə tutaraq şəhər ərazisinin dənizə doğru sürüşməsinə dair fikirlər səslənir".

Rüfət NADİROĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs