news Image
2012.06.26
08:00
| A A A
"Qarabağ Telecom" Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyət göstərir
Adı çəkilən şirkət Qətərin Vodafon mobil operatoru ilə müqavilə bağlayıb

İyunun 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Qətərin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Ali Şurasının baş katibi xanım Hessa əl-Caberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Qətərin bir sıra rəsmi şəxsləri və İKT şirkətlərinin rəhbərləri ilə yanaşı, bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Əl-Mannai də iştirak edib.

Qonaqları salamlayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, İKT sənaye, regional genişzolaqlı infrastruktur və kosmik fəzanın yaradılması ilə bağlı qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədəuyğundur.

Öz növbəsində xanım Hessa əl-Caber bildirib ki, iki ölkə arasında olan oxşarlıqdan istifadə edib əlaqələri daha da genişləndirməyə çalışmaq lazımdır. Onun sözlərinə görə, hər iki ölkənin şirkətləri bir-biri ilə sıx əməkdaşlıq etməlidir: "Hər il Qətərdə İKT sərgisi keçirilir. Bu sərgidə Azərbaycan şirkətlərinin də iştirak etməsini və öz məhsullarını təqdim etməsini istərdik".

Daha sonra nazir Əli Abbasov Azərbaycanın işğal olunmuş ərazilərində "Qarabağ Telecom" mobil operatorunun qeyri-qanuni fəaliyyət göstərdiyini vurğulayaraq deyib ki, o, Qətərin Vodafon mobil operatoru ilə müqavilə bağlayıb. Nazir xahiş edib ki, bu məsələyə yenidən baxılsın və müqavilə dayandırılsın: "Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə Qətər XİN-ə bununla bağlı müraciət edib. İstərdim ki, bir həmkar kimi siz də bu məsələyə həssas yanaşasınız".

Hessa əl-Caber deyib ki, bu məsələ ilə bağlı əvvəlcədən məlumatı olmayıb, ölkəsinə qayıdan kimi bununla maraqlanacaq: "Bizim şirkətlər ölkəsinin siyasətinə zidd addımlar atmır. Ona görə bildirmək istəyirəm ki, bu məsələni həll edəcəyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs