Əlaqə Arxiv
news Image
2014.05.08
08:42
| A A A
Ukraynadakı azərbaycanlıların kütləvi dönüşü gözlənir
Azər Allahverənov: " Gərginlik bütün ölkəni bürüdüyü təqdirdə soydaşlarımızın geri dönüşü kütləvi hal ala bilər " Elşən Manafov: "Ukrayna vətəndaşı olmayan soydaşlarımızın vəziyyətdən çıxış edərək qərar qəbul edəcəklərini düşünürəm"

Hazırda vəziyyətin kritik olduğu Ukraynada hələ də çoxsaylı soydaşlarımız var. Onların bir qismi sovet dönəmindən orada yaşayanlardır. Amma digər bir qismi isə sonradan bu ölkəyə üz tutan soydaşlarımızdır. Hazırda Ukraynada ümumilikdə 250-300 minə yaxın azərbaycanlının olduğu bildirilir. Onların da bir hissəsi indi Rusiyanın nəzarəti altında olan Krımda və hazırda gərgin situasiyanın yaşandığı Şərqi Ukrayna ərazilərindədir. İndiyə kimi, Ukraynada məskunlaşan həmin soydaşlarımızın geri qayıtması və yaxud da Rusiyada olduğu kimi, miqrasiya siyasətinin sərtləşdirilməsi ilə ölkədən çıxarılması halları ciddi vüsət almayıb. Bunun nəticəsidir ki, Ukraynadan Azərbaycana dönüş edən soydaşlarımız azdır. Lakin son zamanlar bu ölkədə cərəyan edən hadisələr orada işləyən miqrantları, o cümlədən soydaşlarımızı da narahat etməyə bilməz. Çünki, baş verən olaylar, silahlı toqquşmalar istər-istəməz miqrantların, o cümlədən burada yaşayan və işləyən azərbaycanlıların fəaliyyətinə də müəyyən mənada əngəl törədir. Onlar da baş verən hərbi əməliyyatlar və separatist hərəkətlərin qurbanı olmaqdan sığortalanmayıblar. Belədə təhlükə hər an onların da qapısını döyə bilər. Bu ölkədə vəziyyətin hələ uzun müddət belə davam edəcəyi, hətta daha da pisləşəcəyi proqnozlaşdırılır. Rusiyanın hərbi müdaxiləsi də istisna edilmir. Belə olan halda Ukraynadakı azərbaycanlıların Vətənə qaydışı da sürətlənə bilər.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, indiki halda, Ukraynadakı azərbaycanlıların sürətlə Vətənə dönüşləri gözlənilmir. Onlar sadəcə olaraq, Ukraynanın Şərqini daha sakit Qərb əraziləri ilə dəyişə bilərlər. Bununla belə, ekspert qeyd etdi ki, gərginlik bütün ölkəni bürüdüyü təqdirdə soydaşlarımızın geri dönüşü kütləvi hal ala bilər: "Təbii ki, Ukraynada yaşanan hadisələr bilavasitə orada yaşayan azərbaycanlı miqrantlara toxunan bir məsələdir. Artıq xoşagəlməz hadisələr Krımla bağlı olaraq yaşanır. Burada çoxsaylı azərbaycanlının olduğu bildirilir. Təxmini hesablamalara görə, burada 3-5 minə qədər azərbaycanlı yaşayır. İndiki vəziyyətdə Krımdakı azərbaycanlılar ya Azərbaycana qayıtmalı, ya da Ukraynanın digər ərazilərinə köçmək məcburiyyətində qalıblar. Çünki artıq orada soydaşlarımızın qanuni əsaslarla yaşamasında ortalığa müəyyən məsələlər çıxır. Ukraynanın cənub-şərq hissəsində də çoxsaylı azərbaycanlının yaşadığı bildirilir. Bununla bağlı müxtəlif rəqəmlər səslənir. Amma bütövlükdə götürdükdə soydaşlarımızın böyük qismi Kiyevdə məskunlaşıb. Ölkə üzrə isə hardasa 300 minə qədər Azərbaycan vətəndaşının olduğu bildirilir. Bu ölkənin cənub-şərqində baş verən olaylar istənilən halda oradakı azərbaycanlıların əmək fəaliyyətinin dondurulmasına gətirib çıxaran hadisədir. Əmək fəaliyyətini dayandıran azərbaycanlılar da ya vətənlərinə qayıtmalı, ya da Ukraynanın siyasi cəhətdən sabit ərazilərinə köç etməlidir. Buradakı soydaşlarımızın əksəriyyətinin Kiyev və onun ətrafında yaşadığını nəzərə aldıqda, belə bir qənaətə gələ bilərik ki, hazırda hərbi əməliyyatların olmadığı Ukraynanın digər ərazilərində, əməliyyatın keçirildiyi ərazilərdən çıxıb gələnlər hesabına, soydaşlarımızın sayının artacağını müşahidə edə bilərik. Amma həmin insanların Azərbaycana ciddi axınının baş verəcəyini düşünmürəm. Ukraynada cərəyan edən hadisələrdən üzü bəri orada işləyən və indi Azərbaycana gələn soydaşlarımız var. Onlarla görüşümüzdən bəlli olub ki, geri qayıdanlar elə də çox deyillər. Gələnlər də müvəqqəti olaraq Azərbaycana qayıdıb. Gözləyirlər ki, Ukraynada sakitlik yaransın və onlar yenidən ora qayıtsınlar. Bütün hallarda əsas proses orada cərəyan edən hərbi toqquşmalardan asılı olacaq. Münaqişə Ukraynanın digər ərazilərində də alovlansa və bu əhali arasında böyük nifaqa səbəb olacaqsa, belədə orada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlılar üşün olduqca çətin günlər başlayacaq. Belədə geri qayıtma prosesinin fəallaşdığını müşahidə edə bilərik və çox sayda soydaşımız geri qayıtmalı olacaq. Hadisələr nisbətən sakit məcrada davam etdiyi tədirdə isə, oradakı azərbaycanlıların əmək fəaliyyətini müəyyən müddətə dondurması baş verər. Bu günki hadisələr düşünürəm ki, azərbaycanlıların kütləvi qayıdışına səbəb olmayacaq. Burada bir çox hadisələr cəmiyyətin özündəki qeyri-müəyyənlikdən də asılıdır".

Politoloq Elşən Manafovun fikrincə, Ukrayna vətəndaşı olmayan soydaşlarımızın bir hissəsi geri qayıda bilər: "Güman edirəm ki, Ukraynada yaşayan azərbaycanlıların taleyi ilə bağlı məsələyə ilk öncə hüquqi konteksdən yanaşmaq lazımdır. Orada yaşayan azərbaycanlılar Ukrayna vətəndaşıdırsa, təbii ki, milli mənsubuyyətdən asılı olmayaraq, Kiyev hakimiyyəti hər bir vətəndaşının hüquq və azadlıqlarını qorumalı, onu təmin etməlidir. Oradakı azərbaycanlılar Rusiyada olduğu kimi müvvəqqəti olaraq sosial amillərlə bağlı olaraq Ukraynaya gedibsə, bu halda hazırda cərəyan edən hadisələr fonunda onların bir qisminin geri qayıtma ehtimalı vardır. Bu gün gerçəkdən, xüsusən də Şərqi Ukraynada vəziyyət acınacaqlıdır. Stabilliyin olmadığı, xüsusən də həyat üçün ciddi təhlükənin yarandığı bir şəraitdə nəinki miqrant və ölkədə mühacir həyatı yaşayanlar, bəzən yerli vətəndaşlar da bu əraziləri tərk edərək, daha təhlükəsiz yerə sığınmaq istəyir. Bu baxımdan güman edirəm ki, həmin hadisələrə hüquqi anlamda yanaşsaq, daha doğru olardı. Ukrayna vətəndaşı olmayan soydaşlarımızın hər halda vəziyyətdən çıxış edərək qərar qəbul edəcəklərini düşünürəm".

Sizin Reklam Yeriniz