news Image
2014.05.09
07:47
| A A A
İnformasiya Təhlükəsizliyi Konsepsiyasının qəbulu vacib sayıldı
Zahid Oruc: "İnformasiya Təhlükəsizliyi Konsepsiyasının qəbulu təhlükəsizliyimizin önəmli şərtidir" Fazil Mustafa: "Konsepsiyanın qəbulu ilə informasiyanın yayılmasında insanların dövlət marağını güdməsi məsələsi daha aktual olacaq"

Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir. Bu fikri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi bildirib ki, Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır.

Ə.Həsənovun sözlərinə görə, İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir: "Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi, nəyin bahasına olursa-olsun, beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır". PA rəsmisinin fikrincə, Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən şöbə müdiri qeyd edib ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılması vacibdir: "Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir".

Millət vəkili Zahid Oruc qeyd etdi ki, İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasını vacib bilən Əli Həsənov illərin təcrübəsindən və malik olduğu açıq, eyni zamanda dövlət sirri xarakteri daşıyan informasiyalardan çıxış edərək özünün mühüm qənaətini bölüşüb: "Bu, eyni zamanda, vəzifə olaraq müxtəlif qurumların, o cümlədən parlamentin real addımlar atmasını tələb edir. İnformasiya artıq sadəcə, vətəndaşların məlumat aldığı bir fenomen, vasitə deyil. İndi o hərbi təhlükəsizlik mahiyyətindən tutmuş, real insanları idarəetmənin silahına qədər çox geniş bir sahəni əhatə edir. və hər bir ölkənin resursu sayılır. Belə demək mümkünsə, müharibə zamanı resurslar sırasında ön yeri tutur. Ona görə də Azərbaycanın informasiya məkanının qorunmasına hər zaman ehtiyac var. Bu təhlükəsizliyin önəmli şərtidir. Zənn edirəm ki, İnformasiya Təhlükəsizliyi Konsepsiyası qəbul olunandan sonra müvafiq dövlət qurumlarının üzərinə mühüm vəzifələr qoyulacaq. Azərbaycan həyatına şübhəli, mənbəyi bilinməyən, maraqlarımıza zidd məlumatlar ötürülür. Onların da böyük əksəriyyəti dəqiqləşdirilmir. Nəticə etibarilə bu vəziyyət ziyan gətirir. Bu günlərdə guya Qusar icra hakimiyyətinə rus bayrağının taxılması kimi bədnam məlumatın nə mahiyyəti vardı? Ya da əksinə, Azərbaycanla bağlı bir sıra məlumatlar ortaya çıxır ki, sanki heç kim ona sahib durmur və o öz işini görərək cəmiyyəti zədələyir. Ən sonda da onun saxtalığı bəlli olur. Belə qənaət meydana çıxır ki, bunu məxsusi olaraq dövriyyədə saxlayanlar var. Ölkə əleyhinə fəaliyyətin ən mühüm hissəsi məhz informasiya-təbliğat işidir. Azərbaycanın belə bir konsepsiyanı qəbul etməsi, dövlət qurumları üzərinə vəzifələr qoymaqla, xarici məkanda işimizi daha da dəqiqləşdirər, onu sanballı edər, onun funksionallı və hədəfli olmasına şərait yaradar. Parlamentin də bu istiqamətdə real, hüquqi fəaliyyətə keçəcəyini gözləyirəm. Konsepsiyada informasiya təhlükəsizliyinin nə olduğu bilinməli, onun mahiyyəti izah olunmalıdır. Çünki məsələyə xeyli yayğın baxışlar var. Bir çoxları düşünür ki, informasiya sərhədsiz məkana malikdir və onun hər hansı formada qarşısının alınması qeyri-realdır. Bu, belə deyil. 11 sentyabr hadisəsindən sonra ABŞ-da ekranlarda hər gün terror və anti-terror mövzusunun çox qabarmasının cəmiyyət həyatına, düşüncələrə ziyan etdiyini gördükdə mövzu qadağan edildi. Hər bir özəl, dövlət informasiya orqanları da buna əməl edirdi. Ona görə də birinci növbədə informasiya təhlükəsizliyinin dəqiq, hüquqi açılımı verilməlidir. Paralel şəkildə ona cavabdehlik daşıyan dövlət qurumlarının adı çəkilməli və onların vəzifəsi də burada əksini tapmalıdır".

Millət vəkili Fazil Mustafa ideyanın təxirə salınmadan gerçəkləşməli olduğunu bildirdi: "Əslində, İnformasiya Təhlükəsizliyi Konsepsiyasının qəbulu məsələsi gecikib. Müharibə şəraitində olan bir ölkədə belə bir konsepsiya çoxdan yaradılmalı idi. Ona görə də hazırda təklif olunan fikri dəstəkləyir və hesab edirəm ki, ölkənin, xüsusilə müharibə şəraitində olduğu dövlətlərlə münasibətdə informasiya axınının Azərbaycan əleyhinə çevrilməsinin qarşısını almaq üçün daha sistemli fəaliyyət göstərmək lazımdır. Ona görə müvafiq qurumların bu işlə ciddi məşğul olmaları və məsuliyyət daşımaları vacibdir. İdeya təxirə salınmadan gerçəkləşməlidir. Bu konsepsiyanın olması Azərbaycan əleyhinə ola biləcək bütün informasiya axının qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycanın strateji maraqlarına zidd fəaliyyət istiqamətində istifadə oluna biləcək informasiyanın da ölkəmizdən çıxışını müəyyən dərəcədə əngəlləyə bilir. Bu, dövlət sirri və digər kateqoriyadan olan məsələlərin kütləvi tirajlanmasının önlənməsi və onun Azərbaycan əleyhinə istifadə olunmasının qarşısını almağa yönəlik fəaliyyəti özündə əks etdirir. Belədə informasiyanın yayılmasında insanların daha çox dövlət marağını güdməsi məsələsi aktual olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs