news Image
2014.05.09
17:27
| A A A
Səbail rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 69-cu ildönümü qeyd olunub
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunmuşdur.
Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştrakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməcliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə uzaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulmuşdur.
Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırmışlar.
Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir.
Tədbrin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənmişdir. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, müsiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzmüşlər.
Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı "İntellekt" liseyin yeni tədris korpusunda davam etdirilmişdir.
Təntənəli tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycanın ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmış, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəlmişdi.
Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər, Qafqaz uğruda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları General-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür.
1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində SSRI - də çıxarılan neftin 69 % -ni Bakı vermişdi.
Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Səbail rayonunun ərzaisində bir çox yerlərdə, o cümlədən tədbirin keçirildiyi 49, həmçinin 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoci Universitetinin və s. binalarda müharibə illərində təxliyyə hospitalları yerləşmişdi.¬
Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, "Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır".
Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 69 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, onları təyin olunmuş Prezident təqaüdünün məbləğinin qaldırılması və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.  Millət vəkili Fuad Muradov da veteranları təbrik etmişdir.  Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.  Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olunmuşdur.