Əlaqə Arxiv
news Image
2012.04.06
15:53
| A A A
Azərbaycan qaçqınlar üçün daha cəlbedici məkana çevrilir
Azər Allahverənov: "Qaçqınların öz ölkələrilə müqayisədə Azərbaycanda siyasi, iqtisadi cəhətdən daha münbit şərait mövcuddur"

Yayılan məlumatlara görə Azərbaycanda hazırda qaçqın statusu ilə yaşayan əcnəbi vətəndaşların sayı 2 minə yaxındır. Bunlar da əsasən Əfqanıstan, Çeçenistan, Pakistan və İrandan olan qaçqınlardır. Eyni zamanda cüzi də olsa iraqlı qaçqınlar da var. Adətən, qaçqınlar ordusu əsasən iqtisadi proseslərin zəifliyi və siyasi sabitliyin olmaması üzündən öz ölkələrini tərk etmək niyyətində olanlardan ibarətdir.

Bu səbəbdən də onlar daha sabit və inkişaf etmiş ölkələri seçirlər. Azərbaycanda isə son illərdə dinamik iqtisadi inkişaf yaşanır. Ölkənin siyasi arenasında sabitlik tendensiyaları hökm sürür. Bütün hallarda xaricdən qaçqınların ölkəmizə təşrif buyurmasında bu amillər az rol oynamır. Digər tərəfdən, belə vəziyyət görəsən ölkəmiz üçün nə vəd edir?

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov öncə qeyd etdi ki, əvvəlki illərlə müqayisədə ölkəmizə təşrif gətirən xarici qaçqınların sayı azalıb: "On il bundan qabaq Azərbaycanda sığınacaq axtaran qaçqınların sayı təxminən 12 min idi. Onların da təxminən 7-8 minini çeçenlər təşkil edirdi. Bir müddətdən sonra isə onların bir qismi ya geri qayıtmış, ya da Fransa və digər ölkələrdə sığınacaq almışdı. Çeçenlərin bizdən Fransaya getməsi prosesi də BMT-nin Qaçqın İşləri üzrə Ali Komissarlığının xəttilə baş vermişdi. Hazırda isə Azərbaycanda 1700-ə qədər əcnəbi insan qaçqın statusu ilə qeydiyyata düşüb. Onların da yarısından bir qədər azını çeçenlər, digər yarısından bir qədər azını da əfqanlar təşkil edir. Yerdə qalanlar isə Pakistan və İrandandır. Az miqdarda iraqlı da var". Onların Azərbaycanda yerləşməyə marağı isə ekspertə görə öz ölkələrində baş verən siyasi proses və hərbi toqquşmalardan qaçmaları nəticəsində yaranıb. Eyni zamanda burada Azərbaycanın son dövrlər dinamik inkişaf tendensiyası, habelə miqrantlarla bağlı qəbul etdiyi qərarlar da öz sözünü deyir: "Qaçqınların öz dövlətlərilə müqayisədə Azərbaycanda siyasi, iqtisadi nöqteyi-nəzərdən nisbətən daha münbit şərait mövcuddur. Çində iqtisadiyyat inkişaf etsə də insanların gəlir əldə etmək imkanları çox məhduddur. Ona görə də qaçqınlar üçün daha asanlıqla pul qazanmaq imkanı Azərbaycandadır. Bu qaçqınlar müəyyən müddət ərzində Azərbaycanda qalmaq niyyətilə gəlirlər. Bir müddət burada qalıb öz ölkələrində vəziyyət sabitləşən kimi bəziləri geri dönür. Vaxtilə hərbi əməliyyatlar geniş miqyas aldığı zaman 100-ə yaxın insan İraqdan ölkəmizə gəlmişdi. Amma zaman keçdikdən sonra İraqda bir qədər sabit vəziyyət yaranan kimi həmin insanların əksəriyyəti geri döndü. Amma həmin qaçqınların bir qismi də Azərbaycan ərazisində müəyyən müddət qaldıqdan sonra üçüncü bir ölkəyə üz tutmaq niyyətində olur. Xüsusən də əfqanlar arasında belə steoreotip mövcuddur ki, Azərbaycana gəlib sığınacaq almaqla, sonradan digər dövlətlərə asanlıqla qaçqın statusu ala bilərlər. Belə təsəvvürdə olan insanların sayı kifayət qədər olsa da, bu yanlış təsəvvürdür. Burada siyasəti həmin kateqoriyadan olan insanları qəbul etməyə hazır olan dövlətlər müəyyənləşdirir. Məsələn, Kanada və ABŞ Əfqanıstandan, Fransa isə Çeçenistandan olan qaçqınlara üstünlük verir. Belədə bizə gələn qaçqınlar əsasən sonradan başqa dövlətlərə getmək üçün ərazimizdən keçid məsqədi naminə istifadə edirlər".

Ekspert bu qənaətdədir ki, sözügedən qaçqın ordusunun olması ölkəmiz üçün hər hansı bir mənfi tendensiyalar vəd etmir: "Bu da onların az olması ilə bağlıdır. Azərbaycanın regionda aparıcı rola malik olması hamıya bəllidir. İqtisadi cəhətdən dinamik inkişaf meyilləri də güclüdür. İstər- istəməz belə halda ölkənin özü qaçqın ordusu üçün cəzbedici olur. Çünki miqrantlar həmişə daha yaxşı həyat axtarır. Bu mənada qaçqınlar Azərbaycana üz tuturlarsa, deməli, onların ölkəmizlə bağlı müəyyən gözləntiləri var. Azərbaycanın inkişaf etmiş miqrasiya qanunvericiliyi mövcuddur. 20-dən artıq qanun və aktlar bu sahədə mövcud prosesləri nizamlayır. Xüsusən də əcnəbilərin hüquqi statusu ilə bağlı bir çox məsələlərin üzərinə işıq salır. Nəticə etibarilə xaricdən gələn qaçqınların olması ilə burada elə də ciddi problemlər olmur. İnsanların müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı vahid pəncərə sistemi də mövcuddur. Azərbaycanda həmin kateqoriyadan olan insanlara hüquqi yardım göstərən qeyri-hökumət təşkilatları da var". Qaçqınlarla bağlı ölkəmizə münasibətdə ən çox narahatedici məsələ həmsöhbətimizin fikrincə, onların məşğulluq, təhsil və səhhətlərilə əlaqədar olan məsələlərdən ibarətdir: "Belə insanlar əmək kvotasına uyğun gəlmədiyindən çox zaman əmək fəaliyyətilə məşğul ola bilmir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən icazə almalı və müəyyən rüsum ödəməlidirlər. Bu səbəblərdən də qaçqınların işə cəlb olunması sahibkarların marağında deyil. Ona görə də həmin qaçqınlar çox vaxtı işsizlikdən əziyyət çəkir, belədə burada olarkən vəziyyətləri daha da ağırlaşır. Qaçqınların sənədsiz olmaları onların uşaqlarının təhsildən kənar qalmasına da gətirib çıxarır. Bu tip spesifik məsələlər öz həllini tapsa ölkəmizin beynəlxalq ictimaiyyətin gözündə imici daha da artar".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz