Əlaqə Arxiv
news Image
2012.04.06
15:57
| A A A
Gözdən uzaq yollar daha bərbad hala düşür
Zöhrab İsmayıl: «Əksər icra hakimiyyətlərinin başçıları, bələdiyyələr gözləyirlər ki, prezident sərəncam verib, şəxsi ehtiyat fondundan hansısa rayonun, kəndin yolunun təmirinə pul ayıracaq»

Məlum olduğu kimi, bu il qış fəslinin daha sərt və şaxtalı keçməsi, yeraltı kommunikasiya xətlərində yaranan problemlərlə bağlı aparılan təmir işləri, ağır tonnajlı yük maşınlarının həddən artıq yüklənməsi və s. amillər paytaxtın avtomobil yollarına ciddi ziyan vurdu.

Fəsadların aradan qaldırılması üçün artıq Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-i şəhərin bir neçə əsas yollarında təmir işlərinə start verib. "Mərhələli şəkildə aparılan təmir işləri zamanı zəruri olan yerlərdə kommunikasiya xətləri dəyişdirilir. Bütün bunlar cari təmir işləri ilə paralel həyata keçirilir" deyə qurumun yaydığı məlumatda bildirilir.

Şəhərin mərkəzi küçələrində yol-təmir işlərinin aparılması zərurətdən doğub və ictimaiyyət tərəfindən təqdir olunur. Əhali eyni zamanda Bakının qəsəbə və kənd yollarının da təmirini vacib hesab edirlər. Qeyd olunur ki, qışın şaxtalı, qarlı və yağmurlu keçməsi ara yollarda da müxtəlif fəsadlar yaradıb. Və bu fəsadların aradan qaldırılmasına ehtiyac var.

Ekspertlər də hesab edirlər ki, Azərbaycanın əksər ətraf qəsəbə və kənd yollarında təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. İqtisadçı ekspert Zöhrab İsmayıl hesab edir ki, yol infrastrukturunun inkişafı iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtlərindən biridir: "Əgər hökumət ölkədə iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dirçəltmək istəyirsə yol infrastrukturunun inkişafına ciddi diqqət yetirməlidir. Yollar çəkilmədən, təmir olunmadan nə turizmi, nə sənayeni, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Mən deyərdim ki, iqtisadiyyatın inkişafı yolların təmir olunmasından keçir".

Z.İsmayılın sözlərinə görə, yolların təmirinin hansı qurumun boynuna düşdüyünü həmin qurumların özləri çox yaxşı bilirlər: "Həmin qurumlar sadəcə bu işdə maraqlı olmalıdır. Bizdə bir qayda olaraq öyrənilib ki, yolları hökumət qurumları və ölkə başçısının ayırdığı pullar hesabına təmir etdirmək mümkündür. Əksər icra hakimiyyətlərinin başçıları, bələdiyyələr gözləyirlər ki, prezident sərəncam verib, şəxsi ehtiyat fondundan hansısa rayonun, kəndin yolunun təmirinə pul ayıracaq və bundan sonra iş görəcəklər. Halbuki, bu belə olmalı deyil. Rayon icra hakimiyyətləri rayondakı problemləri öyrənib və onların həlli yollarını müəyyənləşdirib sənədləşdirməli, layihə halına salmalıdılar. Təkliflər paketini və ya layihəni müvafiq dövlət qurumlarına Nazirlər Kabinetinə, Nəqliyyat Nazirliyinə göndərməlidilər. Davamlı şəkildə bu məsələnin üstünə düşülməli, problemin ciddiliyi diqqətə çatdırılmalıdır. Və yaxud da İcra Hakimiyyəti qanunun imkan verdiyi müstəvidə - iş adamlarını prosesə cəlb etməklə, xeyriyyə kampaniyaları keçirməklə də yolları təmir etdirə bilər. Bundan başqa bələdiyyələr bu prosesdə olduqca zəif iştirak edirlər. Bələdiyyələr təşəbbüs qaldıraraq yolların təmirini həyata keçirməlidilər. Şərt deyil ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlər hesabına bu işlər görülsün. Daşınmaz əmlak vergiləri və rüsumları hesabına da bu işləri görmək mümkündür. Əsas odur ki, istək olsun və şəffaflıq təmin edilsin. Təəssüflər olsun ki, Azərbaycanda yerli qurumların əksəriyyətində bu işləri görməyə nə istək var, nə də şəffaflıq".

Z.İsmayıl hesab edir ki, yolların təmir etdirilməsinin ən yaxşı yolu yerli icmaların yaradılmasıdır: "Xarici ölkələrdə bu kimi işləri yerli icmalar həyata keçirirlər. Könüllülük əsasında formalaşan icmalar heç bir mənfəət güdmədən məhəllə, kəndli, küçə müstəvisində hər bir evdən müəyyən miqdarda vəsait toplamaqla əhəmiyyətli sahələrdə təmir-bərpa işlərini həyata keçirirlər. Təəssüflər olsun ki, bizdə vətəndaş cəmiyyəti hələ tam inkişaf etmədiyindən icmalaşma prosesi də aşağı səviyyədədir".

R.Qaçayoğlu


Sizin Reklam Yeriniz