news Image
2014.06.04
07:02
| A A A
Suriya təhdidi yenə artmağa başlayır
Elşad Miri: “Bu işlərlə bağlı düzgün analiz aparılmalıdır ki, məsələlərin kökü hara gedir” Ərəstun Oruclu: “Ola bilsin ki, Azərbaycan qarşı hansısa məkrli planlar hazırlanır”

3 ildən çoxdur ki, vətəndaş müharibəsi gedən Suriya artıq bütün ölkələr üçün təhlükə mənbəyinə çevrilib. Suriyadakı döyüşlərə demək olar ki, dünyanın bir çox ölkələrindən qoşulanlar var. Onlar arasında hətta təhsilini yarımçıq qoymuş tələbələrə də rast gəlmək mümkündür. Ancaq ən pisi odur ki, gedənlərin hər biri geri dönmür. Muzdlular ya ölür, ya da ümumiyyətlə məlumat almaq çətinləşir. Belə insanlar arasında azərbaycalılar da az deyil. Ötən müddət ərzində müxtəlif mənbələrin verdiyi məlumata görə, həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Döyüşlərin hələ də davam etdiyini nəzərə alsaq, sayın artacağı istisna edilmir.

İlahiyyatçı Elşad Miri bildirir ki, bu problemin həlli bu günün məsələsi deyil: "Tutaq ki, Suriyada baş verən hadisələrdən müəyyən məhdudiyyətlərlə, xüsusi nəzarətlərlə insanlarımızı uzaqlaşdırmağa nail ola bildik. Sabah başqa bir ölkədə eyni bir hadisə olsa, kim bizə əminlik verə biləcək Azərbaycandan ora insanlar getməyəcək? Ona görə də bu məsələdə güclü maarifləndirmə işləri həyata keçirilməlidir. Bu gün azərbaycanlı ölkədə mövcud olan axundlardan özünə uyğun rəhbər görmürsə, onun sözü ilə oturub durmursa, müəyyən dəyişiklik edilməlidir ki, bu insanları özünə çəkə, onun tələblərinə uyğun hərəkət edə bilsin. Amma bu gün həmin insanlar müxtəlif sosial şəbəkələrdən, internet resurslarından istifadə edərək istədikləri məlumatları alıb, hisslərlə yaşayıb, ona qapılaraq gedə bilirlər. Əgər bu sahədə ölkədəki müsəlmanların mərkəzi olan bir qurumun arxivə çevrilibsə, illər əvvəl necə idisə, indi də elə qalaraq qocalması məsələdə ən başlıca rollardan biridir. Yəni, bu gün hər şeyin dəyişdiyi halda bunların dəyişməməsi, dövrə uyğun ola bilməməsi, bu cür mənfi nəticələrin ortaya çıxmasına səbəb olur. Əgər məscidlərdə olanlar mollalardısa, axundlardısa, bunlar da Quran oxuyub pul qazanmaq düşünən insanlardırsa, onlardan müsbət nəsə gözləmək mümkün deyil".

Elşad Mirinin fikrincə, burada dövlətin də üzərinə işlər düşür: "Bu işlərlə bağlı düzgün analiz aparılmalıdır ki, məsələlərin kökü hara gedir. Bu sahədə heç bir quruma tabe olmayan müstəqil şəxslərin nəticələri əsas alınmalıdır. Çünki, bu qurumlar artıq arxaiq bir vəziyyətə düşüblər. Dövlət bu məsələdə xüsusi institutlar formalaşdırmalıdır. Problemi analiz edib bir nəticəyə gəlməlidir. İlk növbədə bu məsələlərin kökündə nə dayanması aydınlaşdırılmalıdır".

Sabiq MTN əməkdaşı Ərəstun Oruclu hesab edir ki, azərbaycanlıların kütləvi şəkildə Suriyaya getməsinin ciddi səbəbləri var: "Suriyaya elə-belə, kimlərinsə çağırışı ilə dini, etiqad, məzhəb məsələlərinə görə getmirlər. İnsanlar konkret hara, kimin yanına gedəcəyini əvvəlcədən bilir. Oradakı azərbaycanlıların əksər hissəsi ölkənin konkret bölgələrindəndir. Bu da təhlükəli tendensiyadır. Biz bilmirik onlar nəyə görə gediblər. Əgər pul qazanmaq məqsədi ilə gediblərsə, başa düşmək olar. Muzdlunun işi pul qazanmaqdır. Bu gün Suriyada, sabah başqa yerdə döyüşəcəklər. Ancaq bu da inandırıcı görünmür. Ona görə ki, həddindən artıq az məbləğdə - 600-800 dollar civarında pul ödənilir. İndiyə qədər əfqan, İraq müharibələri olub. Oralarda da az sayda azərbaycanlı iştirak edib. Amma Suriyaya kütləvi şəkildə axın təhlükəli tendensiyalardan xəbər verir. Ola bilsin ki, Azərbaycan qarşı hansısa məkrli planlar hazırlanır. Bu planların reallaşmasında Suriyada döyüş təcrübəsi keçmiş insanlardan istifadə etmək istəyirlər. Təhlükəli ehtimaldır".

Ərəstun Oruclu prosesin qarşısını almaq üçün dövlətin əlində xeyli imkanların olduğunu bildirdi: "İlk növbədə bunları ora aparan şəbəkəni aşkarlayıb, məhv etmək lazımdır. Hətta bizdə olan məlumata görə, ora getmiş insanlar zaman-zaman Azərbaycana gəlib qayıdırlar. Bunları saxlayıb, araşdırmaq olar. Onların orada iştirakı sübuta yetirilərsə, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bundan sonra oradan qayıdan insanlarla həm hüquqi, həm də dini-psixoloji aspektdə ciddi şəkildə işləmək vacibdir. Ordan gələnlərin hamısını həbsxanaya atmaq da düzgün olmazdı. Amma ciddi nəzarətdə saxlamağa ehtiyac olacaq. Çünki, onlar Suriya kimi dəhşətli bölgədə təcrübə keçmiş insanlardı və təsadüfən ora getməyiblər. İstənilən müharibə keçən insan potensial təhlükə mənbəyidir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs