news Image
2014.06.07
07:19
| A A A
Ukrayna Azərbaycan üçün yeni Suriyaya çevrilir
İlham İsmayıl: “Ukraynaya gedənlər Suriyaya gedənlər qədər çox olmayacaq” Ərəstun Oruclu: “Bütün proseslər Ukrayanda hadisələrin necə inkişaf etməsindən asılıdır”

Ukraynada başlayan vətəndaş müharibəsi bir tərəfdən Suriyada davam edən prosesləri xatırlatmağa başlayır. Artıq Ukraynada da muzdlu döyüşçülərin olması barədə məlumatlar var. Döyüşçülərin Ukrayna ordusunda olması ilə yanaşı, seprataçılar arasında da yer alıblar. Hələlik əsasən çeçen və rus muzdlu döyüşçülərin olduğu bildirilir. Ancaq döyüşlərin vaxtı və miqyası böyüyərsə, digər ölkələrdən də ora gedənlərin olacağı istisna edilmir. Bu xüsusda ölkəmiz üçün də yeni bir təhlükə açıla bilər.

Rusiyanın "Svobodnaya pressa" internet qəzeti yazır ki, Ukraynada döyüş üçün batalyon yaradılır. Özü də batalyona yazılmaq üçün Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən könüllülər müraciət edir. Məlumata görə, batalyonun tərkibində 300-dən çox döyüşçü var. Qeyd edilir ki, könüllülər Gürcüstan, Azərbaycan, Polşa, Litva, Estoniya, İngiltərə, İsveç, Danimarka, Fransa, Avstriya və Finlandiyadan, hətta Rusiyanın özündən müraciət edirlər. Bu isə Ukrayna hadisələrinin Azərbaycan üçün də Suriya kimi təhlükə yaratdığını göstərir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl hesab edir ki, Ukraynaya döyüşçü kimi getməyin təhlükəsi yoxdur: "Çünki Ukraynaya məhz pula görə gedirlər. Onların şəxsi, ideoloji, siyasi ambissiyaları yoxdur. Buna görə geri qayıdanda Azərbaycan üçün elə də təhlükə hesab olunmurlar. Həm də Ukraynaya gedənlər Suriyaya gedənlər qədər çox olmayacaq".

Ekspert hesab edir ki, Ukraynaya gedənlərin qarşısının alınmasına hələlik lüzum yoxdur: "Düzdür, Suriyaya gedənlər də ideoloji nöqteyi-nəzərindən pul alırlar. Amma Ukrayna ilə Suriya bir deyil. Demokratiya uğrunda döyüşən muzdlu döyüşçü yoxdur. Ona görə də Ukraynaya gedənlərin qayıdanda Azərbaycan üçün heç bir təhlükəsi olmayacaq. Həm də qanunvercilikdə dəyişiklik edildi. Xaricdə qeyri-qanuni silahlı dəstələrdə vuruşmaq cinayət məsuliyyəti daşıyır. Ukraynada isə qeyri-qanuni silahlı dəstələrdə vuruşmağa getmirlər. Ukrayna ordusunun tərkibində konkret döyüş tapşırıqlarını yerinə yetirmək üçün gedirlər. Ona görə də cinayət tərkibi yoxdur".

Ekspert əlavə etdi ki, Suriyada döyüşənlərin hamısının ideoloji ambisiyası var: "Həmin ambisiyanı dünyanın hər yerində yerinə yetirə bilərlər. Ukraynada isə dini və ya ideoloji məsələ yoxdur. Orada başqa dinə mənsub şəxslərdir. Bizim vətəndaşlarla onların heç bir ideoloji yaxınlığı yoxdur. Rusiyanın Qarabağda etdiklərindən sonra bəzi insanlar sanki Rusiyadan heyfini çıxmaq üçün də Ukraynaya gedə bilərlər. Amma Ukraynanın pul ödəyərək genişmiqyaslı muzdlu dəstə yaratması inandırıcı görünmür".

Digər bir sabiq MTN əməkdaşı Ərəstun Oruclu bildirdi ki, bütün proseslər Ukraynada hadisələrin necə inkişaf etməsindən asılıdır: "Hakimiyyət orqanları bunun zamanında qarşısını alıb, ölkəninin ərazi bütövlüyünü təmin edə biləcəksə, Ukrayna terrorçular, muzdlular məkanına çevrilməyəcək. Əgər proses davam edəcəksə, maraqlı xarici qüvvələr olacaqsa, Ukraynadakı hadisələrin getdikcə fəsadları artacaq. Yəqin ki, onda da ən pis ssenarilər işə düşəcək. Bizim insanlar təkcə Suriyaya getməyiblər. Vaxtı ilə Çeçenistan, Əfqanıstan, İraqda da döyüşüblər. Sadəcə, Suriyadakı qədər kütləvi olmayıb".

Ərəstun Oruclu əlavə etdi ki, əgər Ukraynadakı hadisələr Suriyaya bənzəməyə başalyarsa, vətəndaşlarımızın ora getməsinin indidən qarşısını almaq çətin olacaq: "Kimin hara getdiyini bilmək mümkün deyil. Sadəcə olaraq, bu istiqamətdə qanunvericiliyi sərtləşdirmək lazımdır. Belə həvəsə düşən insanlar bilsinlər ki, başqa ölkələrdə qanunsuz birləşmələrdə iştirak etmək onların məsuliyyətdən azad etmir. Həm də muzdluları toplayan gizli şəbəkələr yaranarsa, həmin şəbəkələri dağıtmaq lazımdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs