news Image
2014.06.11
07:35
| A A A
Qarabağ münaqişəsinin həllində dönüş mərhələsi başlanır?!
Elman Nəsirli: "Hazırki reallıq fonunda hər şey Rusiyadan və onun forpostu olan Ermənistanın davranışlarndan asılıdır" Aydın Ağayev: "Heç bir faktoru olduğundan artıq şişirtmək, olduğundan artıq təhlükəli hesab etmək lazım deyil, olduğu qədər də nəzərə alınmalıdır"

Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində münasibətlərin intensivləşmə meylləri hiss olunmaqdadır. Rəsmi səviyyələrdə gerçəkləşən ikitərəfli görüşlər daha intensiv xarakter almağa başlayıb. Hətta, Rusiyalı rəsmilər Azərbaycana strateji tərəfdaş kimi yanaşdıqlarını bəyan edirlər. Rusiya rəsmilərinin Azərbaycanı strateji tərəfdaş adlandırması Ermənistanda ənəlli-başlı narahatlıqla qarşılanıb.

Erməni mətbuatı, rəsmilər, politoloqlar çıxışlarında belə vəziyyətdən qorxuya düşərək həyəcan təbili çalmağa başlayıb. Qeyd edək ki, Ermənistan hazırda tamamilə Rusiyanın forpostu rolunda çıxış edir. Bu ölkə bütünlüklə Moskvadan asılıdır. Hətta, Ermənistanın iqtisadiyyatı da Rusiya şirkətlərinin nəzarəti altına verilib. Burada Rusiyanın hərbi bazaları yerləşir. Buna baxmayaraq, Azərbaycan özünün yeritdiyi balanslaşdırma siyasəti sayəsində Moskva ilə də strateji baxımdan ciddi əlaqələr qura bilib. Bunun nəticəsidir ki, Rusiyanın özündə artıq rəsmilər səviyyəsində Azərbaycan strateji tərəfdaş kimi dəyərləndirilir. Bu isə İrəvanda narahatlığa səbəb olub. Maraqlıdır, belə vəziyyət regiondakı proseslərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir?

Politoloq Elman Nəsirli hər şeyin Rusiyadan asılı olduğunu diqqətə çatdırdı: "Əslində, Rusiyanın Azərbaycanı strateji müttəfiq adlandırması fikri ilə razı deyiləm. Ona görə ki, strateji müttəfiqlik münasibətləri münasibətlərin zirvə nöqtəsidir. Strateji müttəfiqlik münasibətləri beynəlxalq hüquqa görə, tərəflərdən birinə təcavüz olacağı təqdirdə, digərinin istənilən vasitə ilə onun müdafiəsinə qalxmaq öhdəliyindən ibarətdir. Bu nöqteyi-nəzərdən peşəkar dildə danışırıqsa, Rusiya Azərbaycan münasibətlərinə strateji müttəfiqlik deyil, strateji tərəfdaşlıq münasibətləri kimi qiymət verməliyik. Beynəlxalq münasibətlərdə qeyd olunur ki, bir sıra fundamental məsələlərdə iki dövlətin maraqları üst-üstə düşürsə, bu halda onları strateji tərəfdaş hesab etmək olar. Hesab edirəm bu yanaşma daha düzgündür. Bəli, son günlər erməni mətbuatında ciddi narahatlıq, həyəcan tendensiyası müşayiət olunmaqdadır. Onlar yazır ki, Rusiya Azərbaycanı silahlandırır, eyni zamanda bu ölkənin yüksək rütbəli məmurlarının Azərbaycana səfərləri intensiv xarakter almağa başlayıb. Bu səfərlər yaxın günlərdə də davam edəcək. Rusiya iqtisadi inkişaf naziri Azərbaycanda olub, bunun ardınca, xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfəri gözlənilir. Daha sonra isə Rusiya Dövlət Duması sədri Sergey Narışkinin də Azərbaycana səfəri olmalıdır. Azərbaycan Milli Məclisinin spikeri, müdafiə naziri isə Moskvada səfərdə oldu. Bütün bunlar ikitərəfli əlaqələrdə intensivliyin müşahidə olunduğunu göstərir. Erməni tərəfi də hesab edir ki, bu intensivlik son nəticədə Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Belə bir həyəcan təbili çalmağa başlayıblar. Ona görə də istəyirlər ki, dünyadakı erməni lobbisi və diasporasını ayağa qaldırsınlar. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın istənilən addımı ölkənin milli dövlətçilik maraqlarının müdafiəsi məqsədi ilə atılır. Ondan kənar heç bir addım atıla bilməz. Azərbaycan dövləti çox vektorlu, balanslı və çevik siyasət xətti həyata keçirir. Dövlət başçısı da dəfələrlə qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Xüsusən də humanitar sahədə ciddi inkişaf templəri var. İki ölkə arasında iqtisadi əlaqələr, siyasi dialoq var və o inkişaf etməkdədir. Amma Azərbaycan bugünkü reallıqlar kontekstində Gömrük İttifaqı ilə Avrasiya İttifaqına daxil olmaq kimi inteqrasiyanı dəstəkləmir. Həmin qurumlara daxil olmamağımızı da Azərbaycan tərəfi torpaqlarımızı işğal altında saxlayan dövlətlə bir blok və təşkilatda ola bilməməyimizlə əsaslandırıb. Çünki, bir yerdə olmağımız işğalçı ilə iqtisadi əlaqələrin bərpasına və Azərbaycanın Ermənistana qarşı məlum təcrid siyasətindən imtina etməsinə gətirib çıxarmalıdır. Bu, yalnız o halda mümkün ola bilər ki, Ermənistan torpaqları işğaldan azad etsin. Bu reallıq fonunda hər şey Rusiya tərəfindən və onun forpostu olan Ermənistanın davranışlarndan asılıdır. Bu inteqrasiya məsələsi Azərbaycanın milli maraqlarını təmin edirsə, Ermənistanın işğal siyasətinə son qoyması müşahidə olunursa, ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması ilə tamamlanırsa, belə olan vəziyyətdə istisna deyil ki, Azərbaycan sözügedən təkliflərə yenidən baxsın və ona uyğun da müasir addımlar atsın".

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev olan faktorları şişirtməyin əleyhinə olduğunu söylədi: "Bu və ya digər tendensiyaları şişirtmədən özümüzə təsəvvür etməyi bacarmalıyıq. Rusiya təhlükəsi də, onun Azərbaycanla yaxınlaşması məsələsi də şişirdilməməlidır. Bütün bunlar fonunda Dağlıq Qarabağın və ona bitişik 7 rayonla bağlı problemin həll olunmasında Rusiya Azərbaycan strateji müttəfiqlik məsələsinin rolu və amili də real olaraq başa düşülməlidir. Nəzərimcə, Azərbaycanın Rusiya ilə münasibətlərində yanaşmada əsas bu iki ölkənin coğrafi və digər məsələlərdə yaxın qonşu olması faktoru götürülməlidir. Bundan heç cürə kənara çəkilmək olmaz. Rusiya Azərbaycanın yaxın qonşusudur, ümumi sərhədlərimiz var, böyük dövlətdir. İstəsək də, istəməsək də, tarix boyu əlaqələrimiz olub, var və yenə də olacaq. Baxmayaraq ki, Dağlıq Qarabağ məsələsində Rusiya ilə hələ tam anlaşa bilmirik. Elə siyasətin də məqsədi ondan ibarətdir ki, bu məsələlərdə ölkəmizin milli maraqlarını təmin edəcək mövqeyə nail ola bilək. Çünki, Azərbaycanın mövqeyi ədalətli mövqedir. Rusiyada bizi başa düşmək istəməyənlərə anlatmaq lazımdır ki, işğal olunan torpaqlar Azərbaycanın ərazisidir. Cəbhədəki təmas xəttindəki hazırki vəziyyət də həmin işğal nəticəsində yaranıb. Azərbaycan torpaqları daxilində bizə güllə atırlar. Bunu anlamağa nə var ki? Əlbəttə, bunu Rusiyada, dünyanın hər yerində də bilirlər. Amma bunu anlamaq istəməyənlərə onu qəbul etdirməliyik. Ona görə də çalışmaq, başa salmaq, maraqlandırmaq lazımdır. Bunun üçün də mənafelər, maraqlar məsələsi önə çıxır. Rusiyanın Azərbaycanda və əksinə. Amma bütün bunlar heç də o fonda getmir ki, Azərbaycan dünyanın qalan hissəsi ilə münasibətlərini ikinci dərəcəli hesab edir. Xeyr, bu belə deyil. Siyasətdə hər şey bir-biri ilə əlaqəlidir. Maraqlar burda da, başqa yerlərdə də ola bilər. Başqa yerlərin də Azərbaycanda maraqları ola bilər. Ağıllı siyasətin məqsədi ondan ibarətdir ki, onların hamısını ümumi kontekstdə nəzərdən keçirə biləsən. Öndə isə Azərbaycanın milli mənafeləri qoyulmalıdır. Yəni, heç bir faktoru olduğundan artıq şişirtmək, olduğundan artıq təhlükəli hesab etmək lazım deyil, olduğu qədər də nəzərə alınmalıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs