Əlaqə Arxiv
news Image
2014.06.11
08:37
| A A A
Bu gedişlə pambıqçılıqdan əsər-əlamət qalmayacaq
Pambığın əkin sahəsi ən azı 100 min hektara çatdırılsa, büdcəyə ildə on milyonlarla manat əlavə vəsait daxil ola bilər

Ölkədə pambıqçılığın tənəzzülü ilə bağlı xeyli müddətdir ki, həyəcan təbili çalınmasına baxmayaraq, bu sahədə vəziyyət hələ də yaxşılığa doğru dəyişmir. Əksinə, hadisələrin inkişaf axarı bu qənaətə gəlməyə əsas verir ki, belə gedişlə pambıqçılıqdan əsər-əlamət qalmayacaq. İllər üzrə pambıq sahələrinin həcminin sürətlə azalması da qeyd edilənləri təsdiq edir.

Belə ki, araşdırmalara görə, bu il Azərbaycanda 21 070 hektar sahədə pambıq əkilib. Bu, 2013-cü ildəkindən 2 min hektar və ya 8,4% azdır. 2013-cü ildə 23,5 min hektar sahədə pambıq əkilib. Bu, bir il öncəkindən 19,6% azdır. Ötən il cəmi 44,8 min ton məhsul yığılıb və bu da əvvəlki ildən 21,4% azdır. Nəticədə məhsul istehsalı da azalıb. Pambıq şirkətləri öz gücü ilə vəziyyətdən çıxmağa çalışır. Məsələn, bu il "MKT İstehsal Kommersiya" MMC 6000 hektardan pambıq yığmaq istəyir. Bunun yarısı onun öz plantasiyalarında əkilib. "Şirkət hər il əl əməyindən asılılığı azaldır. Bu il pambıq yığımında mexanikləşmə 60%-ə çatacaq. Şirkətin 30 pambıqyığan kombaynı var", - deyə MMC-də bildiriblər. Şirkət Biləsuvarda 1200 hektar taxıl sahəsini uzunmüddətli icarəyə götürüb. Burda növbəli əkin kimi pambıq becəriləcək.

Bu il pambıq şirkətləri satınalma qiymətlərini dəyişməyib. Dörd ildir, pambığın tonu 420-450 manatdır. Digər tərəfdən məsələ burasındadır ki, pambıq şirkətləri əlavə dəyər vergisi və başqa vergilər ödəməli olur, bu isə rentabelliliyə mane olur. Həmçinin, ekspertlər hesab edirlər ki, xammalın alış qiyməti aşağı olduğundan fermerlərin pambıqçılığa marağı azdır. Onu da qeyd edək ki, pambığın son məhsula çevrilməməsi, onun xammal şəklində satılması məhsulun qiymətinin artmasına imkan vermir. Bu gün pambıq xammal şəklində 0.42 manata satılır. Onun böyük bir hissəsi çəkilən xərclərə yönəlir. Ölkəmizdə pambıqdan indi 20-22 sentner məhsul alınır. Halbuki, müqayisə etsək görərik ki, Türkiyə məhsuldan 47 sentner pambıq alır. Bu başqa ölkələrdə bir az da fərqlidir. Ekspertlərə görə, ölkəmizdə yüksək aqrotexniki tələblərlə becərmə aparmaqla da məhsuldarlığı qaldırmaq olar. Lakin fermerlər buna getmirlər.

Mütəxəssislər bildirir ki, pambıq taxıl üçün çox gözəl sələf bitkisidir. Fermerlərin diqqətini buna yönəltməklə də pambıq istehsalını artırmaq olar. Hazırda bütün dünyada ekoloji məhsullara üstünlük verilir. Azərbaycanda yetişdirilən pambığın da həmin məhsullar sırasında olması ölkədə pambıqçılığın inkişafına zəmin yaradan amillərdəndir. Beləliklə də ölkədə məhz pambıqçılığın dirçəlməsi yüngül sənayenin də inkişafına təkan verə bilər. Qeyd edək ki, hazırda istehsal olunan pambıq son məhsula çevrildiyi halda, daxili tələbatın yalnız cüzi hissəsini ödəyə bilər. Ölkədə pambıq məhsullarına ehtiyacın olması da daxili bazarın genişlənməsinə şərait yaradır. Azərbaycanda pambıqçılığın inkişafını zəruri edən amillər və şərait var. Lakin bu şəraitdən hələ lazımınca istifadə olunmur.

Pambıqçılığın tənəzzülə uğraması bu sahədən əldə olunan gəlirlərin də məbləğini kəskin aşağı salıb. Hazırda pambıq əkini ölkə büdcəsinə ildə 10-15 milyon dollar civarında pul qazandırır. Halbuki, 90-cı illərdə, Azərbaycanda neft gəlirlərinin olmadığı dövrlərdə ölkəyə daxil olan xarici valyutanın böyük bir qismi məhz pambığın hesabına daxil olurdu. Məsələn, 1995-ci ildə bu göstərici 117 milyon dollar təşkil etmişdi.

Maraqlıdır ki, Azərbaycanda eyni təbii şəraitə malik olan və elə SSRİ daxilində əsas pambıq istehsalçıları sayılan Özbəkistan və Türkmənistanda pambıqçılıq Azərbaycandakı kimi acınacaqlı vəziyyətdə deyil. Doğrudur, bu ölkələr də SSRİ dövründə olduğu kimi, digər respublikalara pambıq ixrac edə bilmirlər, amma daxildə emal müəssisələri yaratmaqla istehsal edilən xammalın bir qisminin ortalıqda qalmasının qarşısını ala biliblər. Ölkəmizdə də məhz bu təcrübədən istifadə zəruri sayılır. Hesablamalara görə isə, pambığın əkin sahəsi ən azı 100 min hektara çatdırılsa, büdcəyə ildə on milyonlarla manat əlavə vəsait daxil ola bilər.

Sizin Reklam Yeriniz