Əlaqə Arxiv
news Image
2014.06.13
08:48
| A A A
Bakıda torpağın sotunun qiyməti yarım milyon dolları keçəcək
Ekspertlər bildirir ki, şəhərin mərkəzi ərazilərində torpaq qıtlığı var, burada boş sahə tapmaq mümkün deyil

Son zamanlarda torpaq bazarında qiymətlərin sürətlə artması özünü qabarıq formada büruzə verir. Bakının mərkəzində isə torpaq daha sürətlə bahalanır. Birinci zonaya aid mərkəzi hissədə bu gedişlə qiymətlərin yarım milyon dollara çata biləcəyi belə istisna olunmur. Məsələn, ekspert Nəriman Ağayev bildirib ki, Bakının mərkəzində torpağın bir sotunun qiyməti 400-500 min dollara kimi arta bilər. O, "Exo" qəzetinə açıqlamasında bu qiymətin tələb əsasında əmələ gələcəyini də diqqətə çatdırıb.

O da var ki, hazırda Bakının mərkəzi hissələrində boş torpaq sahələri demək olar ki, qalmayıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov hər şeyin tələb və təkliflə bağlı olduğunu dedi: "Daşınmaz əmlak bazarında il boyu orta hesabla 3-5 faiz civarında artımlar müşahidə olunur. Bunun da bir neçə səbəbi var. Başlıca səbəbi odur ki, Azərbaycanda Bakı və Bakıətrafına, 1,2,3 və 4-cü zonalar üzrə baxsaq, 1-ci zona onsuz da keçmişdən məskunlaşamanın olduğu ərazidir. 2-ci zona tarixi əhəmiyyətli obyektlərin ətrafında yerləşən ərazilərə aiddir. Orada da qiymət artımı il boyu 3-5 faiz arasında baş verir. Bu artım birinci növbədə tələb və təklif məsələsi ilə bağlıdır. Şəhərin mərkəzi ərazilərində ticarət obyektlərinin fəaliyyət göstərməsi, onları qurmaq üçün mövcud tələb yüksək olduğundan, torpaqlar üzrə qiymət artımları müşahidə olunacaq dərəcədə baş verir. Ticarət obyektləri bilirsiniz ki, gəlir götürən müəssisələrdir. Onların kommersiya məqsədi ilə icarəyə götürdüyü ərazilər, torpaq mənzil kirayəsindən nisbətən fərqli olur. Belədə yüksək tələbə görə qiymətlərin artımı da baş verir. Həmçinin, şəhərin mərkəzi ərazilərində torpaq qıtlığı var, burada boş sahə tapmaq mümkün deyil. Ona görə də, kommersiya məqsədi ilə ərazi axtaran hər hansı vətəndaş məcburdur ki, mövcud olan yerləri daha yüksək qiymətlərlə icarəyə alsın. Mərkəzi hissələrdə qiymətlərin artmasında mövsümü amillər də rol oynayır. Yay aylarında tikinti işləri daha intensiv sürət aldığından, bu torpaq sahələrində də bahalaşma baş verir. Digər bir məsələ Bakıya yaxın ərazilərdə vətəndaşa binaların sökülməsi zamanı bildiyiniz kimi, kompensasiyalar ödənildi. Həmin kompensasiyanı alan vətəndaşlar da, hazır mənzil almaqdansa, torpaq sahəsi almağa üstünlük verdi. Çünki torpağı alıb, üzərində mənzil inşa etmək 30 faizə qədər ucuz başa gəlir. Bu vəziyyətdə də Bakıətrafı 4-cü zona üzrə torpağın qiymətində qiymətlərin artımı müşahidə olundu. Mərkəzi ərazilərdə isə dediyimiz kimi, torpaq sahəsi üzrə qıtlıq olduğundan, burada qiymət artımları digər yerlərə nisbətən daha yüksək faizlə müşahidə edilir. Bazar iqtisadiyyatı şəraitində qiymətləri də bazar özü tənzimləyir".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə bu informasiyanın iqtisadi əsasının olmadığını, spekulyativ xarakter daşımağa hesablandığı qənaətindədir: "Ola bilsin, şəhərin mərkəzində torpağın sotunun yarım milyon dolları keçəcəyi barədə səslənən fikirlər məcazi məna daşıyır. Bu da yəqin onunla bağlıdır ki, hazırda Bakının mərkəzində boş torpaq sahəsi demək olar ki, yoxdur. Getdikcə torpaq sahələri məhdudlaşır, burada yaşayış sahələri salınır. İndi belə bir deyim var ki, torpağın qiyməti qızılın qiymətinə bərabərdir. Torpaq tükəndikcə, onun qiyməti daha da bahalaşır. Amma mərkəzi hissələrdə sotun yarım milyon dollara çatması üçün zəmin yaranmalıdır. Araşdırmalarımıza görə, mərkəzdə torpağın sotu 300 min manatadır, bundan yuxarı həddə rast gəlinməyib. Ümumiyyətlə, torpaq bazarında qiymətlər qalxır. Xüsusilə yay ayları insanların torpaq almaq meylinin yüksəlməsi ilə səciyyələnir. Bazarda belə bir tendensiya var, insanlar həmişə təşviş içində olur. Bu kimi xəbərlər insanları təşvişə salır. Məsələn, kimsə torpağın sotunu məsələn 30 min manata satırdısa, eşidəndə ki, qiymət yarım milyonu keçib, sabahı gün qiyməti qaldıraraq 40-45 minə çatdıracaq. Azərbaycan bazarında belə bir tendensiya var. Belə informasiyalar spekulyativ xarakter daşıyır və bazarda qiymətlərin süni şəkildə qalxmasına, təşvişə hesablanıb".
Sizin Reklam Yeriniz