Əlaqə Arxiv
news Image
2014.06.18
08:49
| A A A
İraq türkmənləri Azərbaycana sığınacaq?!
Elşən Manafov: "Az miqdar ailələrin timsalında bu hal baş verə bilər" Leyla Əliyeva: "İraqı tərk etmək məcburiyyətində qalan türkmənlər istisnasız olaraq əsasən Türkiyədə məskunlaşacaqlar"

"İraq və Şam İslam Dövləti" (İŞİD) yaraqlıları İraqda daha da irəliləyərək, ölkənin əsasən türkmənlər yaşayan Telafer şəhərini ələ keçirib. Bu isə təxminən 400 min nəfərin yaşadığı şəhər əhalisinin böyük hissəsinin qaçqın düşməsinə gətirib çıxarıb. Silahlı yaraqlıların vəhşiliyindən yaxa qurtarmaq üçün türkmənlər hələlik qonşu ərazilərə sığınıblar. Silahlılar şəhəri ələ keçirəndən sonra minlərlə türkmən kürdlərin nəzarətində olan Sincar bölgəsinə köç edib. İŞİD-in türkmənlər yaşayan digər ərazilərə hücum edəcəyi də istisna deyil.

Bu fonda isə yurdlarından didərgin düşən türkmənlərin sayı daha da artacaq. Bu arada çətin vəziyyətdə qalan həmin türkmənlərin Türkiyə və Azərbaycana da üz tutması gözlənir.

Politoloq Elşən Manafov coğrafi baxımdan türkmənlərin kütləvi şəkildə Azərbaycana gəlişini mümkünsüz hesab edir: "İraqın hazırda İŞİD-in hücumuna məruz qalan bölgə türkmənlərinin müraciətlərini oxudum. Bölgə türkmənləri qeyd edir ki, hələlik rəsmi Bakının məsələyə konkret mövqeyi açıqlanmır. Hərçənd Azərbaycan dövləti bir qayda olaraq, bölgədə sabitliyin təmin olunması və bölgə xalqlarının bir-biri ilə qarşılıqlı anlaşma və etimad prinsipləri zəminində yaşamasının tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bölgədə yaşanan hazırki hadisələrin arxasında heç şübhəsiz ABŞ-ın yeni dünya nizamı ilə bağlı konkret geosiyasi marağı dayanır. Çünki, "İraq və Şam İslam Dövləti" adlanan qurumun Səudiyyə Ərəbistanı və Küveytlə münasibətləri bəllidir. Sadəcə olaraq, yaranmış şəraitdə diqqət çəkən və maraqlı amil ondan ibarətdir ki, İraqda yaşanan kütləvi terror hücumlarına qarşı ABŞ-la İran eyni mövqe sərgiləyəcəklərini bəyan edib. Artıq İranın 2 mindən çox seçmə qoşun bölmələri İraqa yeridilib. İraqın baş naziri Nuri Əl-Maliki də iki gün əvvəl verdiyi açıqlamada bəyan edib ki, İraq ordusu ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək gücündədir. İraqın baş nazirinin verdiyi bu açıqlamalardan çıxış etsək, ümid edək ki, hər halda bölgədə sülh və sabitlik qısa zaman kəsiyində bərpa olunmalıdır. Amma bütövlükdə, İraq türkmənlərinin Azərbaycana birbaşa çıxış üçün coğrafi anlamda imkanları da yoxdur. Bu baxımdan qaçqın düşən türkmənlərin olsa-olsa İraqın digər əraziləri və Türkiyəyə mühacirət etməsini gözləmək olar. Lakin birbaşa ölkəmizə gəlişi indiki geosiyasi anlamda mümkünsüzdür. Ona görə, güman etmirəm ki, hadisələr fonunda ana vətənlərini tərk etmək məcburiyyətində qalan türkmənlərin Azərbaycana köçmək ehtimalı var. Ancaq az miqdar ailə miqyasında bu hal baş verə bilər. Kütləvi şəkildə türkmənlərin köçməsinin Azərbaycana münasibətdə reallaşacağını isə istisna edirəm".

Politoloq Leyla Əliyevanın fikrincə də, köç etmək məcburiyyətində qalan türkmənlər əsasən yaxın qonşu Türkiyəyə üz tutacaq: "Həqiqətən də, son günlər İŞİD-in hücumuna məruz qalanlar arasında İraq türkmənləri də var. Bu, heç də ürəkaçan hal deyil. Türkmənlər bizə qardaş millətdir. Onlara yardım etmək borcumuzdur. Amma düşünürəm ki, İŞİD-in bu qələbələri müvəqqəti xarakterlidir. Onlar artıq ciddi müqavimətlə üzləşməkdədirlər. Bu fonda doğma evlərindən köç etmək məcburiyyətində qalan türkmənlərin də tezliklə, yurd-yuvalarına geri dönəcəyi daha realdır. Amma proses uzansa, yeni-yeni türkmən qaçqın ordusu yaransa, onlarla bağlı vəziyyətin daha kritik olacağı da gözdən qaçırılmamalıdır. Lakin bu fonda türkmənlərin müvəqqəti olaraq əsasən İraqın başqa əraziləri və Türkiyəyə köç etmələri ehtimalı daha inandırıcıdır. Çünki adətən, qaçqınlar geri dönmək ümidi ilə yaşayaraq, ana yurdlarına daha yaxın ərazilərə köç edirlər. Ona görə də, İraqı tərk etmək məcburiyyətində qalan türkmənlər istisnasız olaraq əsasən Türkiyədə məskunlaşacaqlar. Düzdür, onlar arasında Azərbaycana da gələnlər ola bilər. Lakin bu tək-tük xarakterli olacaq və geniş miqyas kəsb etməyəcək".

Sizin Reklam Yeriniz