Əlaqə Arxiv
news Image
2012.07.04
09:00
| A A A
"Olimpiadaya hazırlıq üçün 14 milyon manatdan çox vəsait ayırıb"
İyulun 25-də Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək

"XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idman nümayəndə heyətimiz 2 qrupda - birinci qrup iyul ayının 24-də, ikinci qrup isə avqust ayının 4-da Londona yola düşəcəklər. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində 25 iyul tarixdə Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək".

Bunu İyulun 3-də keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı olimpiyaçıların yolasalma mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib. Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir iyulun 28-də keçiriləcək ''Azərbaycan günü'' adlı tədbirin hazırlıq işlərinin artıq başa çatmaqda olduğunu deyib. Onun sözlərinə görə, bu tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin, bir çox milli olimpiya komitələrinin və beynəlxalq federasiyaların nümayəndələrinin iştirakı gözlənilir.

Nazir artıq XXX Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatdığını vurğulayıb. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 14 milyon 785 min manat məqsədli vəsait ayrılıb. Bundan başqa Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin mütəşəkkil aparılması üçün lazımi köməkliklər göstərilib.

Olimpiya komandamızın geyimləri İtaliyanın məşhur "Ermanno Scervino" şirkətinin moda evi tərəfindən hazırlanıb.

Nazir bildirib ki, cari ilin 6 ayı ərzində Azərbaycan 28 beynəlxalq yarışa ev sahibliyi edib. "Bu günədək 126 respublika tədbirləri keçirilib. 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışlarında yığma komandalarımızın iştirakı təmin edilib".

Onun sözlərinə görə, olimpiadaya hazırlıq dövründə təşkil edilərək keçirilmiş yarışlar Azərbaycanımızın təbliği baxımından da əhəmiyyətli olub. Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 4 kontinental, 4 milli və 12 qarışıq kollektivdə ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında 5 mərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdır.

A.Rəhimov bildirib ki, London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq 5 yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. "Pekində Azərbaycanı 1 hakim (güləş) təmsil edirdisə, Londona 5 hakimimiz (2 güləş, gimnastika, boks və ağırlıqqaldırma) yollanacaq. Bundan başqa idmançılarımızla yanaşı, 6 həkim, 29 məşqçi də komandamızın heyətində Londona gedəcəklər.

Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya Oyunlarının iştirakçıları olacaqlar.

Qarşıda isə idmançılarımıza Olimpiya Oyunlarında layiqli iştirak edərək - iradə, dözüm, mərdlik və milli qürur hissi nümayiş etdirib qələbə uğrunda mübarizə aparmaq qalır. Biz onları hörmətli cənab Prezident, Sizin xeyir-duanızla böyük ümidlərlə yola salır və inanırıq ki, onlar bu etimadı doğruldacaq, ölkəmizi layiqincə təmsil edəcək, vətənə medallarla dönəcəklər".

Sizin Reklam Yeriniz