news Image
2014.06.25
07:37
| A A A
Azərbaycan cəbhədə hərbi üstünlüyünü möhkəmləndirir
Aydın Mirzəzadə: "Hava-desant qüvvələrinin yaradılmasını Azərbaycan ordusunun gələcək döyüşlərə daha yaxşı hazırlıq göstəricisi kimi qiymətləndirmək olar" Fərəc Quliyev: "Hava desant bölmələrinin ərsəyə gəlməsi ona işarədir ki, dinc yolla Qarabağın geri qaytarılması təmin olunmazsa, Azərbaycan özünün haqqı olan hərbi davranışlarla buna nail olacaq"

Azərbaycan ordusu yaradılandan bu yana ilk dəfə hava-desant qüvvələrinə malik olub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi məlumatında deyilir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycanın xüsusi təyinatlı qüvvələr komandanlığının 25 xüsusi təyinatlısına "Hərbi sərbəst paraşüt kursu" təlimi keçilib.

Açıqlamada bildirilir ki, 25 Azərbaycan xüsusi təyinatlısı 12 may-20 iyun tarixlərində 6 həftə ərzində paraşüt təlimi keçib.

Bu təlim nəticəsində Azərbaycan xüsusi təyinatlı qüvvələri ilk dəfə havadan tam hərbi təchizatla düşmən arxasına sızma qabiliyyətinə malik olublar.

Qeyd edək ki, son illər Azərbaycan Ordusu sürtlə modernləşir. Ordumuz müasir silah-sursatla təchiz olunur, yeni dövrün tələblərinə cavab verən hərbi birliklər yaradılır. Bu mənada hava desant qüvvələrinin yaradılması Azərbaycan Ordusunun inkişafında yeni bir mərhələdir. Maraqlıdır, hava-desant qüvvələrinə malik olma Qarabağ cəbhəsində Azərbaycana nə vəd edir?

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, hərbi hava-desant qüvvələrinin yaradılması artıq Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması mənasına gəlir: "Hərbi-desant qüvvələrinin üstünlüyü çoxdur. Bu qüvvələr çevik hərəkət, düşmənin arxasına keçərək, ona arxa cəbhədən zərbə vurmaq imkanları, gözlənilməzlik situasiyası yaratmaq gücündədir, eyni zamanda döyüş şəraitində kifayət qədər ciddi dəyişikliklər edə bilər. Hava desant qüvvələri ilk növbədə Silahlı Qüvvələri texniki cəhətdən təmin edilmiş, həm də yüksək peşə hazırlığı olan ölkələrin ordusunda olur. Azərbaycanda bunun yaranması artıq ölkə ordusunun ən güclü ordu tələblərinə cavab verməsinin göstəricisidir. Nəzərə alsaq ki, bu gün Ermənistan Azərbaycanın əsasən dağlıq zonasını tutub, burada böyük səhra döyüşləri aparmaq hər zaman mümkün olmur. Lokal döyüşlər, müəyyən yüksəkliyi tutmaqla situasiyaya nəzarət etmək imkanları burada daha yüksək qiymətləndirilir. Bu baxımdan hava-desant qüvvələrinin yaradılmasını hesab edirəm ki, Azərbaycan ordusunun gələcək döyüşlərə daha yaxşı hazırlıq göstəricisi kimi qiymətləndirmək olar".

Millət vəkili Fərəc Quliyev vurğuladı ki, ümumiyyətlə, Azərbaycanın ordu quruculuğundakı inkişaf dinamikası düşmən dövlət olan Ermənistandan qətiyyən müqayisəolunmazdır: "Hətta deyərdim ki, postsovet məkanında bunun anoloqu yoxdur. Ukraynada baş verən hadisə də göstərdi ki, ən çox hərbi potensialı olacağı düşünülən bu ölkə belə bizim qədər hazırlıqlı deyildi. Onlar Krım məsələsində hazırlıqsız yaxalandılar. Azərbaycan tərəfi də həm təchizat, həm hərbi sənayenin inkişafı, özümüzün ən modern silahları istehsal etməyimizlə yanaşı, eyni zamanda hərbidə mükəmməl şəkildə islahatlar aparılaraq, müasir NATO tipli orduya keçid də uğurla gedib. Bu gün Azərbaycanda hava-desant qüvvələrinin formalaşması da artıq onu göstərir ki, ölkəmiz ən çevik və mobil hücum qüvvələrinə və istənilən hərbi hədəfi məhv etməyə qadir resurslara malikdir. Azərbaycan Ordusu ilə Ermənistan ordusunu qətiyyən müqayisə etməzdim. Çünki Ermənistan parad keçirəndə İrəvan meydanlarından rus maşınları, üzərində rus əsgər və silahı, başlarının da üzərində rus bayrağı ilə keçirlər. Azərbaycan isə parad keçirəndə yerli istehsal olan hərbi maşınlar ilə, milli əsgərimiz, başının da üzərində Azərbaycan bayrağı ilə keçirlər. Bu hal ortaya qoyula biləcək kifayət qədər ciddi məsələdir. Hava desant bölmələrinin ərsəyə gəlməsi isə həm də ona işarədir ki, dinc yolla Qarabağın geri qaytarılması təmin olunmazsa, Azərbaycan özünün haqqı olan hərbi davranışlarla buna nail olacaq. Azərbaycan Ordusuna uğurlar arzulayıram".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs