Əlaqə Arxiv
news Image
2014.06.25
08:39
| A A A
Sığorta şirkətlərinin maliyyə problemi dərinləşir
Kasko sığorta bu sahədə fəaliyyət göstərən şirkətlərin daha böyük zərərlə üzləşməsinə səbəb olur

Sığorta bazarında son vəziyyətin təhlili burada çalışan bəzi şirkətlərin getdikcə daha böyük maliyyə problemilə üzləşdiyini göstərir. Xüsusən də kasko sığorta sahəsində ciddi problemlər özünü göstərir. Belə ki, ölkədə kasko sığorta üzrə zərərlik görünməmiş hədə çatıb.

2014-cü ilin 5 ayının nəticələrinə görə, kasko sığorta üzrə ödənişlər 11 milyon manatı keçib ki, bu da yığılan sığorta haqlarını 80%-ə yaxındır. Qeyd edək ki, kasko sığortası üzrə zərərlik son illər onsuz da yüksəlməkdə idi. 2011-cü ildə bu göstərici 35%, 2012-də 40%, 2013-cü ildə isə 49%-ə çatmışdı. Amma zərərliyin 80%-ə çatması sığorat şirkətləri üçün ciddi siqnaldır. Ekspertlər belə vəziyyətin yaranmasının əsas səbəbini bank kreditlərinin məhdudlaşdırılması və kasko üzrə yığımların azalmasında görür. Qeyd edək ki, kasko sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 34% azalıb. Ekspertlər hesab edir ki, kasko sığorta üzrə zərərliyin artması yığımların azalması ilə yanaşı, həm də ödənişlərin artımı ilə bağlıdır. Bu gedişlə bəzi sığorta şirkətlərinin sıradan çıxması da gözlənir. Maliyyə naziri Samir Şərifov isə bildirir ki, zəif sığorta şirkətlərinin bağlanması bazarın sağlamlaşmasına səbəb olur. Onun sözlərinə görə, avtomobil satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Samir Şərifov deyib ki, bununla bağlı hazırda müvafiq qiymətləndirmələr davam edir: "Avtomobil satışlarının azalması, şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Bu isə, öz növbəsində, bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma təsirin miqyasını indidən hər hansı rəqəmlə göstərmək tezdir".

Ekspertlər də bildirir ki, avtomobil kreditlərinə qoyulmuş məhdudiyyətlər ümumilikdə sığorta sektorunda maşın sığortası üzrə yığılmış sığorta haqlarının azalmasına səbəb olub. Araşdırmalara görə, avtomobil kreditlərinin dayandırılması yığımlarda azalmaya səbəb olmaqla yanaşı, həm də sığorta sektoruna ciddi bir siqnaldır. Hesab olunur ki, sığorta şirkətləri portfelin sığorta növləri və satış kanalları üzrə diversifikasiya edilməsinə diqqəti artırmalıdır.

İndilikdə isə hesab edilir ki, kreditləşmə artmazsa, birmənalı şəkildə sığorta müqavilələrinin artması da müşahidə edilməyəcək. Mütəxəssislərə görə, belə vəziyyətin aradan qaldırılması üçün Mərkəzi Bank mövcud ilkin nəticələri nəzərə almaqla bankların kredit qoyuluşundakı sərtliyin yumşaldılmasına nail olmalıdır. Bütövlükdə banklar mərkəzləşdirilmiş kredit resurslarının həcmini artırmalıdır. Bütün bunlar vətəndaşlara ucuz faizlərlə kredit götürmək imkanı verir. Məhz belə şəraitdə həm avtomobil satışı arta, həm də sığorta gəlirləri çoxala bilər. Lakin indiki şərtlər daxilində bu prosesin yaxın tezlikdə baş verəcəyi də inandırıcı sayılmır.

Hazırda isə avtomobillərin icbari sığortası üzrə zərərlik göstəricisi Azərbaycanda artmaqdadır. Eyni problemlə üzləşən Rusiyada avtomobillərin icbari sığortası mexanizmi dəyişəcək. Rusiya Antiinhisar Xidməti (RAX) təklif edib ki, sığorta şirkətləri avtomobillərin icbari sığortalanması prosesində yalnız agent kimi iştirak etsinlər. Sığorta hadisələrinə görə ödənişlər isə yalnız Rusiya Avtomobil Sığortaçıları İttifaqı (RASİ) tərəfindən həyata keçirilsin. Rusiyanın Milli Avtomobil Sığortaçıları Assosiasiyasının vitse-prezidenti Svetlana Nikitinanın özlərinə görə, 2013-cü ildə bu sahədən yığımlar 11% artdığı halda, ödənişlərin məbləği 24% artıb. Beləliklə, avtomobillərin icbari sığortası ilə bağlı tariflər artıq sığorta şirkətlərinə sərf etmir və müflis olan şirkətlərin sayı artır.

Vəziyyəti düzəltmək üçün RAX təklif edir ki, sığorta şirkətləri yalnız müştərilərlə müqavilə bağlayıb sığorta məhsullarını satsınlar və bunun müqabilində yığılmış sığorta haqqının 20%-i həcmində xidmət haqqı götürsünlər. Amma mütəxəssislər bizdə Rusiyada olduğu kimi ciddi dəyişikliklərə ehtiyac olmadığını bildirirlər. Fins.az-a açıqlama verən İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib ki, hələ ki, ölkədə belə bir modelin tətbiqinə ehtiyac yoxdur. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın sığorta şirkətləri icbari sığortadan 69,4 milyon manat sığorta haqqı topladıqları halda, 25,3 milyon manat ödəniş ediblər: "Başqa sözlə zərərlik həddi 36% olub.

Doğrudur, 2014-cü ilin ilk 4 ayı ərzində bu nisbət 41%-ə qalxıb, amma hətta bu da narahatlığa əsas vermir: "Nisbətdən göründüyü kimi, Büronun iştirakçıları olan sığorta şirkətləri öz öhdəliklərini yerinə yetirmək qabiliyyətində olduqlarına görə, qeyd etdiyiniz modelin Azərbaycanda tətbiqinə hazırda zərurət yoxdur".

Sizin Reklam Yeriniz