Əlaqə Arxiv
news Image
2014.07.01
08:52
| A A A
ABŞ Azərbaycanla əlaqələrini genişləndirməyə çalışır
Rocer Vayker: «Azərbaycan rəhbərliyinin Qərbə doğru, qərbyönümlü kursunu dəyərləndiririk»

Azərbaycanın mövcud olduğu regionda geosiyasi hadisələrin daha intensiv xarakter alması, maraqlı qüvvələrin kifayət qədər fəallaşması açıq müşahidə olunur. Proseslər göstərir ki, regionda indi əsas diqqət Azərbaycanın üzərində cəmləşib. Elə bu səbəbdəndir ki, Qərbdən, Şimaldan olan müxtəlif rəsmilərin Azərbaycana səfərləri nəzərəçarpacaq dərəcədə intensivləşib.

Bu fonda isə Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator, Helsinki Komissiyasının aparıcı üzvü Rocer Vayker "Azadlıq" radiosuna müsahibəsində çox maraqlı fikirlər səsləndirib. Rusiyanın Krımı ilhaq etməsinə, Şərqi Ukraynada və digər yerlərdə davranışına toxunan senator qeyd edir: "Hər şeydən öncə deyim ki, hamımız bundan narahatıq. Bu regionun insanlarının narahatlığı tamamilə anlaşılandır. Əlbəttə, Azərbaycan çox mürəkkəb, çətin bölgədə yerləşir - şimalda Rusiya, cənubda İran var. Bu baxımdan bu regionda insanların narahatlığı başadüşüləndir. Iyulun 1-də Parlament Assambleyasına Merilend ştatından senator Bencamin Kardinin müəllifi olduğu qətnamə təqdim edəcəyik. Avropanın müxtəlif yerlərindən bu qətnaməni dəstəkləyirlər. Qətnamədə əsasən vurğulanır ki, Ukraynanın işğalı, Krımın anneksiyası Helsinki prinsiplərinin aydın şəkildə pozulmasıdır.

Fikrimcə, bu, ATƏT-i formalaşdıran Helsinki prinsiplərinin, 1975-ci ildə Yekun Aktın qəbulundan bəri çox ciddi pozuntusudur. Bu, Avropa üçün böhrandır, hüququn aliliyinin böhranıdır. Bu böhran ortaya - suveren dövlətlərin ərazi hüquqları, sərhədlər daxilində öz müqəddəratını təyinetmə, Krımda qondarma referenduma yenidən baxılması, bu referendumun Ukrayna konstitusiyasına uyğun keçirilmədiyi üçün tamamilə etibarsız sayılması kimi bir sıra suallar çıxarır. Biz Rusiyanın Ukrayna və Krımda hərəkətlərinə ATƏT-in 1975-ci ildə qəbul olunmuş yekun aktının bütün prinsiplərinin pozulması kimi baxırıq".

Xatırladaq ki, senator öncəki bəyanatlarınızda ABŞ-ın Azərbaycanla daha sıx tərəfdaşlığının vacibliyini vurğulayıb. "Washington Times"da Azərbaycanı vacib müttəfiq adlandırıb. Yenidən bu məsələyə toxunan sentor bildirir: "Məncə, münasibətlərimiz müsbət istiqamətdə irəliləməkdədir. Əlbəttə, Azərbaycan ABŞ-ın maraqlarını dəstəkləyib, eləcə də Birləşmiş Ştatlar Bakının maraqlarını dəstəkləyib. Azərbaycan rəhbərliyinin Qərbə doğru, qərbyönümlü kursunu dəyərləndiririk. Bu ölkənin Əfqanıstandakı işlərimizə göstərdiyi yardımı alqışlayırıq. Azərbaycanın İsrailin davamlı müttəfiqi olması, həmin ölkənin çox mürəkkəb regionda mövcud olma hüququnu dəstəkləməsi də çox şey deyir. Qüdsdə və Bakıda insanları bu mənada çox şey birləşdirir, çox çətin mühitdə necə mövcud olmağın çətinliyini anlayırlar".

Senator vurğulayır ki, ABŞ-ın Azərbaycana yanaşması çoxşaxəlidir: "Xarici siyasətdə bir məsələni, bir sahəni digərindən üstün tutmuruq. Müttəfiqlərimiz arasında çatışmazlıqlardan, ortaq təhlükəsizlik, maraqlardan eyni vaxtda danışırıq. Məsələlərə bütöv kontekstdə yanaşmalıyıq.

Məsələn, mən düşünürəm ki, ABŞ Dövlət Departamentinin İran seçkiləri barədə coşquyla danışması, Azərbaycanda prezident seçkisini tənqid etməsi səhv yanaşma idi. Eyni pozuntular regiondakı digər ölkələrdə də var. Azad və şəffaf seçkilər, hüququn aliliyi baxımından hamının irəliləməsini istərdik. Bu, narahatlıq doğuran problemdir, diqqətdə saxlayırıq. Gənc demokratiyaların tarix boyu bu nöqsanlarla necə mübarizə apardığını anlamağa çalışırıq… Dediyim odur ki, bir ölkəni, irəliləyişin vacib olduğu bir regionda digərlərindən ayırmaq yanlışdır. Eyni zamanda Azərbaycan rəhbərliyinin əldə etdiyi tərəqqini, müsbət aspektləri də vurğulamalıyıq".

Birləşmiş Ştatların Rusiyanın keçmiş Sovetlər Birliyi və Şərq Bloku ərazisində təbliğatını önləmək üçün hansı daha səmərəli addımlar ata biləcəyinə toxunan sentor bildirib: "İctimai əlaqələr hələ də xarici siyasətin mühüm hissəsidir. Bunun vacibliyini anlamalıyıq. ABŞ-da Beynəlxalq Yayım Şurası (BBG) ilə danışmışam. Aydın şəkildə bildirmək lazımdır ki, hədəfi Avropa və Avrasiyadan Sakit okeana doğru yönəltmək hazırda məqsədəuyğun sayılmır. Məncə, bu qurumlar çərçivəsində davamlı ictimai əlaqələr diplomatiya üçün çox vacibdir".

Sizin Reklam Yeriniz