news Image
2014.07.01
07:55
| A A A
Zəlzələlər yenidən intensivləşir
Qurban Yetirmişli: "Baş verən zəlzələlər həmin ərazilərin seysmoaktiv bölgələr olmasından irəli gəlir" Ənvər Əliyev: "Hər 100-200 ildən bir ağır fəsadlar törədə biləcək zəlzələlərin olması da mümkündür"

Bu günlərdə Türkiyədə güclü zəlzələ oldu. İki gün öncə axşam saatlarında isə Azərbaycanın qərb bölgəsi, daha doğrusu Zaqatala ərazisində anoloji olay baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 29 iyun 2014-cü il tarixində Bakı vaxtı ilə saat 22:26-da Zaqatala rayonunundan 14 km Cənub-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 6 bal olub.

Yeraltı təkanlar zəlzələ mərkəzinə yaxın yaşayış məntəqələrində 6 bala qədər hiss olunub. Ümumiyyətlə, bu zəlzələnin təsiri Tovuz, Şəki, Yevlax və digər rayonlarda da hiss olunub. Bir müddət əvvəl Xəzər dənizində də zəlzələ olmuşdu. Gürcüstan seysmoloqları da ölkə ərazisində yeraltı təkanların olduğunu bildiriblər. Gürcü mediasının verdiyi xəbərə görə, zəlzələ Rixter şkalası üzrə 4,8 bal gücündə hiss olunub. Bir sözlə cərəyan edən proses onu göstərir ki, Azərbaycanın da yerləşdiyi bölgədə son illər zəlzələlər intensiv xarakter almağa başlayıb. Görəsən, buna səbəb nədir?

Azərbaycan Seysmik Mərkəzinin müdiri Qurban Yetirmişli qeyd etdi ki, zəlzələlərin intensivləşməsi bölgənin seysmik cəhətdən aktiv zona olması ilə bağlıdır: "Ümumiyyətlə, bu istiqamətdə proseslər gedir. Xarici ölkələrdə, Türkiyə, İran, Yaponiya, Çin, Əfqanıstan, Yunanıstanda həmişə belə olaylar baş verir. Bu da həmin ərazilərin seysmoaktiv bölgələr olmasından irəli gəlir. Gürcüstana da zəlzələ barədə məlumatı biz vermişik. Onlar prosesi bizdən soruşublar. Azərbaycanda iki gün əvvəl baş verən zəlzələ hadisəsi 2012-ci liin mayın 7-də Zaqatalada baş verən ocaqda olub. Demək olar ki, bu zəlzələ 2012-ci ildə baş verəndən zəifdir. Episentrdə 6 bala qədər hiss olunub. 2012-ci ildə isə episentrdə zəlzələnin gücün 7 bal olmuşdu. Kənarlarda indi 5,2 olduğu halda, o vaxt 5,7 idi. Dağıntılar isə qəzalı vəziyyətdə olan bir neçə binada baş vermişdi. 2012-ci il Zaqatala zəlzələsindən sonra yeni tikilən binaların heç birində isə hansısa bir xəsarət halına rast gəlinməyib. Yəni, keyfiyyətli inşaat materiallarından tikilən binalarda zəlzələ nəticəsində fəsadlar olmayıb".

AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev də zəlzələlərin intensiv xarakter almasını yeraltı gərginliyin artmasında görür: "Ölkəmizin də daxil olduğu ərazi bildiyiniz kimi, aktiv seysmik qovşaqdadır. Baş verən zəlzələlər də yeraltı gərginliklərlə əlaqədardır. Yəqin ki, məhz regionda yeraltı gərginliyin aktivləşməsi zəlzələlərin intensivləşməsinə səbəb olan əsas amildir. Başqa digər səbəblərlə baş verən intensiv zəlzələləri izah etmək mümkün deyil. Gərginliyin üzə çıxması da, fikrimcə, məsələnin yekunlaşması anlamına gəlməlidir. Buradan belə nəticəyə gəlmək olar ki, daha təhlükəli hadisələr keçmişdə qalır. Yaxşı ki, hələlik baş verən yeraltı təkanlar da kütləvi dağıntılarla müşayiət olunmur. İntensivləşən zəlzələ hadisələrinin daha ağır fəsadlara gətirib çıxara biləcəyini də qabaqcadan söyləmək mümkün deyil. Amma tarixi məqamlara, Şamaxıda baş verən zəlzələ hadisəsinə nəzər yetirəndə, belə qənaətə gəlmək olar ki, hər 100-200 ildən bir ağır fəsadlar törədə biləcək zəlzələlərin olması da mümkündür. Lakin bir tərəfdən də, o dövrlərdə dəhşət yaradan zəlzələlər indiki dövrdə elə də qorxulu ola bilməz. Çünki hazırda evlərin tikintisi sahəsində, habelə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb ki, onlar da yeraltı təkanların çox sarsıdıcı olmasına imkan verməz. Bütün hallarda ölkəmizdə tikilən hər növ binalar zəlzələlərə davamlı olmalıdır ki, gələcəkdə baş verən hadisələr ciddi fəsadlar yaratmasın".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs