news Image
2012.07.06
08:00
| A A A
Qida zəhərlənmələri genişmiqyaslı problemə çevrilir
Ekspertlər yay aylarında kənd təsərrüfatı olan məhsullara xüsusi diqqət yetirməyi məsləhət görürlər

Yay aylarında özünü getdikcə daha qabarıq formada büruzə verən məqamlardan biri də qida zəhərlənmələrinin artmasıdır. Araşdırmalar göstərir ki, zəhərlənmələrə yol açan əsas səbəblər sırasında məişət şəraitində hazırlanan konservlər, eləcə də bəzi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi zamanı onlara həddən artıq gübrə vurulması səbəb olur. İndiki halda isə bu təhlükə özünü daha çox qarpız və yemişlərlə büruzə verir.

Bu haqda danışmazdan öncə qeyd edək ki, cari ilin ilk 5 ayında Azərbaycanda 375 qida zəhərlənməsi halı qeydə alınıb. Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya mərkəzinin qida bölməsinin direktoru İmran Abdullayev bununla bağlı bildirib: "Ən çox yayılan qida zəhərlənməsi halı botulizmdir. Yanvar-aprel aylarında 11 hal qeydə alınıb ki, bu hallarda 16 nəfər zəhərlənib. Zəhərlənmənin səbəbləri ev şəraitində bağlanmış pomidor və xiyar konservləri olub". Onun sözlərinə görə may ayı ərzində qeydə alınan 62 halda 70 nəfər zəhərlənb. Qeyd edildiyi kimi isə qarpız və yemişdən zəhərlənmə halları da getdikcə ciddi problemə çevrilməkdədir. Bu səbəbdən də həkimlər bostan meyvələri olan qarpız və yemişdən istifadə edərkən diqqətli olmağı tövsiyə edirlər. O da qeyd olunur ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilməlidir. Normal qarpız və yemiş avqust ayının əvvəlindən yetişir. Yəni qarpızı avqustdan tez yemək bir qədər təhlükəlidir. Ekspertlər isə qeyd edir ki, qarpızdan zəhərlənməyə səbəb onun tərkibindəki kimyəvi maddələrin normadan artıq olmasıdır.

Araşdırmalar göstərir ki, bəzi fermerlər tərəfindən qarpız və yemişin yetişdirilməsində mümkün qədər çox pestisit və nitritlərdən istifadə olunur. Bəzən bostan məhsullarına o qədər nitrit vururlar ki, onları yeyərkən də ağızda bu kimyəvi maddənin dadı hiss olunur. Ekspertlər qeyd edir ki, aborigen qarpızlar isə çəkidə 5-6 kilodan ağır olmamalı, zoğu nazik olmalı, bıçaq vurarkən partlamalı və əti al qırmızı olmalıdır. Bəzi ekspertlər tərəfindən isə belə fikirlər də səslənir ki, bu il ölkənin əkin sahələrində, xüsusən də bostan bitkiləri əkilən torpaqlarda nitrat tərkibli azot gübrələri əvvəlki illərə nisbətən daha çoxdur və buna görə də, bostan məhsullarından zəhərlənmə riski getdikcə artır. Qeyd edilir ki, Azərbaycanda əsasən nitrat tərkibli azot gübrələrə üstünlük verilir. Bu isə bostan bitkiləri üçün daha zərərli sayıla bilər. Belə ki, nitrat tərkibli gübrələr gecələr fotosintez prosesi zamanı meyvələrdə yığılır. Mütəxəssislər bildirir ki, bostan və tərəvəz məhsullarının tərkibindəki nitrat maddələrini çıxarmaq üçün həmin məhsulları bir neçə dəqiqə duzlu suda saxlamaq lazımdır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakıda bir sıra topdan satış məntəqələri, bazar və kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan qarpız və yemişlərin tərkibini yoxlayıb. Həmin məhsullardan götürülən nümunələrin analizləri zamanı onların bəzilərində nitratın miqdarının çox olduğu aşkarlanıb. Laboratoriyanın rəhbəri Yaqub İbrahimovun sözlərinə görə, bu il Azərbaycanda satışa çıxarılan yerli, Türkiyə və İrandan idxal edilən qarpız və yemişlərin tərkibi ilə bağlı analizlərin nəticələrini müsbət qiymətləndirmək olar: "Bu sahədə vəziyyət, demək olar ki, müsbətə doğru dəyişir. Amma bəzi yemiş və qarpız nümunələrində nitratın normadan artıq miqdarı aşkar edilib. Belə məhsullar satışdan çıxarılıb və müvafiq tədbirlər görülüb".

Ekspertlər onu da vurğulayır ki, yaranmış vəziyyətdə, ilk növbədə, bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir. Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinmək lazımdır. Ekspertlər qeyd edir ki, maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları alarkən bağlı və çərçivəyə alınmış xüsusi yerlərdə, həmçinin yollardan xeyli aralı məsafədə saxlanılan məhsullara üstünlük verilsin. Bundan başqa mütəxəssislər məsləhət görür ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Hətta bu məhsulu qaynanmış su ilə yumaqla ondan gələn təhlükəni əngəlləmək mümkündür. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir. Hər halda istehlakçıların bütün bunlara xüsusi diqqət yetirməsi vacibdir. Ən azı öz səhhətləri naminə.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs