news Image
2014.07.10
07:53
| A A A
Azərbaycan müharibəyə hazırlaşır
Üzeyir Cəfərov: “Ehtiyatda olan zabitlərin hərbi təlimlərə cəlb olunması Azərbaycan tarixində ilk dəfədir” Ziyadxan Bəkirov: “Mütəmadi olaraq ehtiyatda olan zabitləri təlimlərə cəlb etmək lazımdır”

Məlumdur ki, iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələri cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərə 10000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub. Əvvəlkilərdən fərqli olaraq bu dəfəki təlimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli iştirak edir. Başda bu amil olmaqla, texika cəhətdən də ordunun təlimə mütəşəkkil qoşulması ilk baxışda müharibəyə hazırlıq anonsunu verir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov hesab edir ki, bu təlimlər çoxdan keçirilməlidi idi: "Çünki, belə təlimlərin ordu üçün böyük əhəmiyyəti var. Ümumiyyətlə, bütün güc strukturları belə təlimlərə cəlb olunmalıdır. Dövlətin gücü onun strukturlarının vahid komanda şəklində fəaliyyətindən çox asılıdır. Ehtiyatda olan zabitlərin hərbi təlimlərə cəlb olunması Azərbaycan tarixində ilk dəfədir. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Nəhayət ki, gec də olsa, məsələyə başlanıldı. Ancaq belə təlimlərin davamı gəlməlidir. Həmçinin, bunun başqa mexanizmləri işlənib hazırlanmalıdır. SSRİ zamanında bu, bir qədər fərqli tənzimlənirdi. Ehtiyatda qalmış zabitin müəyyən müddət ərzində təlimlərdə olmağı maddiyyat məsələsinə problemlər yaratmamalı, işinə və dövlətin iqtisadi fəaliyyətinə xələl gətirməməlidir. Bu amilləri qorumaq şərti ilə təlimlərin böyük praktiki əhəmiyyəti var. Amma təlimlərdə komandanlıq bir qədər diqqətli olmalıdır. Çünki, sonuncu təlimdə yaralanan əsgərlərimiz var. Hər bir halda bu cür təlimlər davamlı olmalıdır".

Ekspert əlavə etdi ki, budəfəki təlimə 10 mindən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika cəlb olunub: "Ancaq ehtiyatda qalmış zabitlərlə ilk belə təlim olduğundan bu qədər şəxsi heyətin və texnikanın cəlb olunmasına ehtiyac yoxdur. Bunu yavaş-yavaş artırmaq olar. Ümumən, hər halda 3 mindən artıq ehtiyatda olan zabitin təlimlərə çağırılmasını müsbət qiymətləndirmək olar. Çünki, hər bir kəs hansı hərbi hissədə olacağını, yerinə yetirəcək vəzifəsini biləcək. Həm də yaxşı olardı ki, təlimlərdə şəxsi nümunə göstərilsin. Yəni, generallar, rəhbər şəxslərin özləri öz döyüş hazırlığını artırsınlar. Bir sıra ölkələrdə general və ondan aşağı heyətlər öz əsgərlərinə fərqli nümunə göstərirlər. Tabeliyində olan silah və texnikadan necə istifadə etmələrini nümayiş etdirirlər. Bundan utanmaq lazım deyil. Təlimlər yekunlaşanda Bakıda yekun müşavirə olacaq. Orada təlimlərdə əldə olunmuş naliyyətlərlə yanaşı nöqsanlara da diqqət yönəltmək vacibdir".

Digər hərbiçi ekspert Ziyadxan Bəkirov hesab edir ki, təlimlərə ehtiyatda qalmış zabitlərin qoşulması müharibə anonsundan xəbər verə bilməz: "Bunu əminliklə demək olar. Sadəcə olaraq, bu təlimlər biliklərin yaddaşdan silinməməsi xarakteri daşıyır. Mütəmadi olaraq ehtiyatda olan zabitləri təlimlərə cəlb etmək lazımdır. Müharibə şəraitində olan ölkə üçün bu lazımdır. Hərbi qanunvercilikdə deyilir ki, müharibə başlayarsa, həqiqi hərbi xidmətdə olanlardan başqa, ehtiyatda olan zabitlər də cəlb olunmalıdır. Yəni, onlar da həmişə döyüşə hazır vəziyyətdə olmalıdırlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs