news Image
2012.07.11
08:19
| A A A
Avro 90 qəpiyə düşəcək
Vahid Avropa valyutasının ucuzlaşması Azərbaycana təsirsiz ötüşmür

Avropanın vahid valyutası Azərbaycanda sürətlə ucuzlaşmaqda davam edir. Bir həftə əvvələ qədər 98 qəpik olan avro indi valyutadəyişmə məntəqələrində 96 qəpiyə kimi ucuzlaşıb. Ekspertlər bildirir ki, bu gedişlə sentyabra kimi avro 90 qəpiyə düşəcək.

Xatırladaq ki, Avropa Birliyi dövlətlərinin liderləri iqtisadiyyatın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması üçün 120 milyard  avroluq tədbirlər paketi barədə razılığa gəliblər. Fransa prezidenti Fransua Olland bildirib ki, Avropa iqtisadiyyatına yardım barədə qərar təxirəsalınmadan qəbul edilməlidir. Avropa Birliyi Şurasının sədri Herman Van Rompeyin sözlərinə görə indi əsas məqsəd, bu ilin sonunadək Avropa Mərkəzi Bankının iştirakı ilə nəzarət mexanizmi yaratmaqdır. Lakin qurumun ləng fəaliyyəti avronun sürətlə ucuzlaşmasına gətirib çıxarır. Vahid Avropa valyutasının dəyərdən düşməsinin ölkəmizə mümkün mənfi təsirləri haqda isə ekspertlər səviyyəsində, həmçinin mediada yetərincə məlumat verilib. Lakin araşdırmalar göstərir ki, avronun dəyərdən düşməsinin daha çox mənfi təsirləri mövcuddur. Əvvəla bu, Avropadan Azərbaycana gələn turistlərin ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Turistlərin böyük əksəriyyəti Avropa Birliyinə daxil olan ölkələrdən gəldiyi üçün ehtimal etmək olar ki, ödəniş vasitəsi kimi avrodan daha çox istifadə olunur. Belə olan halda, avronun ucuzlaşması sərfəli sayılmır. Məsələn, avropalı turist 100 avronu 1 ay əvvəl 104 manata satırdısa, bu gün artıq 98 manata satır. Bu isə onun ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Digər tərəfdən isə avropalı turistlərə satılan mallar və təqdim edilən xidmətlərin qarşılığında ölkəyə daha az vəsait daxil olur.

O da faktdır ki, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə də təsir göstərir. Belə ki, Avropadan idxal olunan mallar ucuzlaşır. Amma ötən illərin təcrübəsi göstərir ki, ucuzlaşma elə də böyük məbləğlərlə ifadə olunmur. Sahibkarların sözlərinə görə, Avropada bəzi mallar 20-40 faiz ucuzlaşdığı halda, həmin malların Azərbaycanda qiyməti, ən yaxşı halda, 5 faiz düşür. Bəzi malların qiymətində isə ümumiyyətlə, endirim baş vermir. Lakin istənilən halda, avronun ucuzlaşması Avropadan gətirilən məhsulların, o cümlədən avtomobillərin, məişət avadanlıqlarının qiymətinə təsir edir. Bu səbəbdən avronun ucuzlaşması davam edərsə, qarşıdakı dövr ərzində Avropa avtomobillərinin, xüsusən də Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını gözləməyə dəyər. Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman vasitələri, ərzaq məhsulları, yuyucu vasitələr, mebel və maşınlardır. Bundan başqa, avronun ucuzlaşması öz növbəsində onun istifadəçiləri tərəfindən satışını artırır. Məlumatlara görə, Azərbaycanda da əhali tərəfindən nağd avronun satışı artır. Lakin bu vəziyyət Azərbaycanın avro ilə diversifikasiya olunmuş valyuta ehtiyatlarına mənfi təsir göstərir.

Ekspertlər hesab edir ki, avronun ucuzlaşması bundan sonra da Azərbaycan manatının məzənnəsinə təsir edə bilər. Əsas təsirlərdən biri manatın məzənnəsinin daha da yüksəlməsidir. Nəticədə manatın alıcılıq qabiliyyəti arta və tələb inflyasiyası baş verə bilər. Məlumat üçün bildirək ki, tələb inflyasiyası tələbin təklifdən çox olduğu və təklif tələbi ödəyə bilmədiyi zaman yaranır. Manatın məzənnəsinin həddən artıq yüksəlməsi onun alıcılıq qabiliyyətini artırdığından əhali daha çox məhsul və xidmətlər əldə etmək istəyir. Tələb çoxalanda isə məhsulların qiyməti qalxır, inflyasiya yaranır.

Ekspertlər digər təhlükə kimi, əhalinin və investorların öz pullarını tələsik manata çevirməsini görür. Adətən, böhran zamanı əhali xarici valyutada yerləşdirdiyi əmanətlərini banklardan çəkib manata çevirmək istəyir. Bu da avronun məzənnəsinin daha da ucuzlaşmasına, manatın isə möhkəmlənməsinə şərait yaradır. Manatın məzənnəsi bank sektoru üçün ciddi nəticələrə gətirib çıxara bilər. Hesab olunur ki, indi avronun, eləcə də dolların ucuzlaşması fonunda manata həddən artıq böyük tələb yaranarsa, Mərkəzi Bank tələbi qarşılaya bilməyəcək. Hətta qarşılasa belə, bu, sonda dövriyyədə manat kütləsinin artımına səbəb olmaqla inflyasiya təhlükəsi yaradacaq. Hazırda Mərkəzi Bank prosesin qarşısını bazara müdaxilə etməklə alır. Belə ki, bank bazardan həm dollar, həm də avro alaraq bu valyutaların məzənnəsinin daha kəskin şəkildə ucuzlaşmasını əngəlləyir. Təbii ki, avronun ucuzlaşması Azərbaycanın iradəsindən kənarda olan bir məsələdir. Bu Yunanıstandan başlayaraq, digər Avropa ölkələrini əhatə edən borc böhranının simptomlarıdır. Faktiki olaraq, borc məsələsi bir sıra avrozona ölkələrinin iqtisadiyyatını çökdürməkdədir. O üzdən, bunu qlobal tendensiyanın davamı kimi qiymətləndirənlər də var. Ekspertlərə görə, çox güman, avronun ucuzlaşması il ərzində davam edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs