news Image
2014.09.03
14:04
| A A A
Səbailli «Gənc Heydərçilər»in Qusardakı yay düşərgəsində istirahəti başa çatmışdır

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən yeni layihə başa çatmışdır. İlk dəfə olaraq Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri üçün Qusar rayonundakı "N" saylı hərbi hissəsində "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılmışdır.

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər sırasına daha biri əlavə olunmuşdur. Bu il ilk dəfə olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birgə rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" istirahət düşərgəsi yaradılmışdır.

Qeyd etmək lazımdır ki, bu ilin avqust ayında Səbail RİH-nin DİN Daxili Qoşunlarla birgə ənənəvi layihəsi əsasında artıq 9-cu dəfə keçirdiyi ənənəvi "Şahinlər" düşərgəsində 250 yeniyetmə istirahət etmiş, istirahət dövründə uşaqlar həm də ibtidai hərbi hazırlıqla bağlı biliklərə yiyələnmiş, Daxili Qoşunların Qubadakı hərbi hissəsi, əsgərlərimizin həyatı və məişəti, onların xidməti ilə yaxından tanış olmuş, Qubanın görməli yerlərini gəzmişlər.

Novbəti layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Hərbi hissədəki əsgər kazarmalarının birində "Gənc Heydərçilər" üçün hər cür şərait yaradılmışdır. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.

Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olmuşdur.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.

Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.

Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.

Uşaqların Qusar və Quba rayonlarının görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunmuş, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir.

Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında konsert proqramı təşkil olunmuş, uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və nahar süfrəsi təşkil olunmuşdur.

Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Elmira Süleymanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, "N" saylı hərbi hisənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.

Yeniyetmələr hərbi hissənin orkeçtrinin müşayəti ilə qonaqlar qarşısında hərbi keçidlə keçmiş, düşərgədə öyrəndiklərini nümayiş etdirmişlər.

Hərbi-vətənpərvərlik təmayullu "Gənc Heydərçilər" düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmış, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözər və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.