news Image
2014.09.04
07:08
| A A A
İnformasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılması zərurətə çevrilir
Hikmət Babaoğlu: “Akademik Ramiz Mehdiyevin rəhbərliyi altında keçirilən müşavirə Azərbaycan milli mediasının inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir” Yadigar Məmmədli: “Media dövlət, dövlətçilik, milli maraqlara uyğun mövqe sərgiləməlidir”

Avqustun 29-da Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlərin müzakirəsi zamanı bir sıra acı həqiqətlər də üzə çıxdı. Bəlli oldu ki, müharibə şəraİtində olmağımıza baxmayaraq, bəzi media orqanları, əsasən də internet saytları rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatları yaymaqla məşğuldur. Bilindi ki, Azərbaycanda heç də bütün elektron KİV-lər ekstremal situasiyada işləmək qabiliyyətinə malik deyil və bu sahədə kifayət qədər boşluqlar var. Belə boşluqlardan istifadə edən qeyri-peşəkarlar isə ucuz sensasiya xatirinə ölkəmizin milli təhlükəsizliyinə ciddi şəkildə təhdidlər yaradır. Belə vəziyyət isə informasiya təhlükəsizliyi ilə bağlı problemlərin aradan qaldırılmasında qanuni müstəvidə görüləcək tədbirlərin təkmilləşdirilməsini zərurətə çevririr.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu məsələ ilə əlaqədar qəzetimizə verdiyi açıqlamada bildirdi ki, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında media işçiləri və dövlət orqanlarının informasiyaya məsul sektor müdirlərinin iştirakı ilə keçirilən müşavirə Azərbaycan milli mediasının inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir: "Biz medianın funksional vahid kimi ölkənin iqtsadi, siyasi və təhlükəsizlik sferasında nəyə qadir olduğunu bilirik. Ancaq onu da bilirik ki, media güclü institutisional vahid kimi həm milli təhlükəsizliyə töhfələr verə, eyni zamanda yalnış yönləndilərsə, o qədər də ziyan verə bilər. Ona görə də bu müşavirə olduqca aktual mövzuya həsr olunmuşdu".

Baş redaktor qeyd etdi ki, Azərbaycanda klassik media ilə bərabər sosial media da inkişaf edir: "İnternet resursları da informasiya ötürücüsü rolunda çıxış edirlər. Belə olan halda medianın xaotik informasiya mənbəyindən məsuliyyətli informasiya yayan məkana çevrilməsi və bu məkanın əsas paradiqmalarının məhz dövlətçilik və milli maraqlara yönəldilməsi vacib idi. Cəbhədə atəşkəsin pozulmasından sonra Azərbaycan mediasında baş verən hadisələr problemi bir daha aktuallaşdırdı. Müşavirədə Azərbaycan mediasının ünvanına səsləndirilən iradlar tamamilə haqlı idi. Çünki, hər bir media mənsubu eyni zamanda vətəndaşdır, vətəndaşlıq məsuliyyəti var. Bilirik ki, klassik mediada münasibətlər hüquqla tənzimlənir. Amma sosial mediada həm də bir hüquqsuzluğun olduğunu görürük. Akademik Ramiz Mehdiyev haqlı olaraq xatırlatdı ki, sosial mediada da fəaliyyət göstərənlər Azərbaycan vətəndaşlarıdır: "Sosial mediada olan hüquqsuzluq vətəndaş hüquqsuzluğunu da şərtləndirir". Haqlı olaraq xatırlatdı ki, Azərbaycanın hüquq sistemi olduqca mükəmməldir və orada dövlət sirləri yaymaqla məşğul olanlar ən azından vətəndaş kimi məsuliyyətə cəlb oluna bilərlər".

Hikmət Babaoğlu əlavə etdi ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir: "Biz bilirik ki, informasiyaya institutisional forma verməklə ondan manipulyativ vasitə kimi istifadə edirlər. Dövlətlərin daxilində gərginlik yaradırlar. Nəticə etibarı ilə Qərbdə bərqərar olunmuş və həyata keçirilən idarəolunan xaosu milli dövlətlərin daxilinə transfer etməklə onların təhlükəsizliyini ciddi təhdid altına alırlar. Belə bir məqamda müşavirədə səsləndirilən fikirlər olduqca vacib idi. Azərbaycan mediası üçün xatırlatmadan çox, həm də bir xeyirxah xəbərdalıq idi. Azərbaycan media mənsubları orada səsləndirilən hər bir fikrə diqqətlə yanaşmalı, təhlükəsizliyimizlə bağlı milli mediamızın məsuliyyətini dərk etməlidirlər. Heç bir halda Azərbaycannın dövlət maraqlarına zərər gətirə biləcək fəaliyyətlə məşğul olmamalıyıq".

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də tutulan iradları haqlı bildi: "Cəbhədə olan gərginləşmənin cəmiyyətə çatdırılmasında KİV-lər həm peşəkar, həm də adekvat olmadı. Çünki, son zamanlar cəmiyyətdə gərginliyin yaşanmasında hadisələrin intensivliyi yox, həm də həmkarlarımızın dəqiq olmayan məlumatlarıdır. Bu hal hörmətli akademikimiz Ramiz Mehdiyevin məsələyə belə geniş şəkildə toxunmasına səbəb oldu. Biz dəfələrlə akademik Ramiz Mehdiyevin cəmiyyət üçün önəmli olan hadisələrdə medianın yanlış mövqe tutduğu dövrlərdə buna münasibət bildirməsinin şahidi olmuşuq. Sonuncu müşavirə də çox yerində və aktual olan müşavirə idi. Nöqsanlar əsas verdi ki, məsələyə Ramiz Mehdiyev səviyyəsində müdaxilə olunsun. Əsas da portalların səhvləri çox oldu. "KİV haqqında" qanunda var ki, elektron media da medianın tərkib hissəsidir. Müşavirədə bildirildi ki, qanun səviyyəsində bu məsələlərə münasibət bildiriləcək. Düşünürəm ki, media dövlət, dövlətçilik, milli maraqlara uyğun mövqe sərgiləməlidir".