Əlaqə Arxiv
news Image
2014.09.25
08:28
| A A A
Hərbi kadrların sayı artacaq
Azad İsazadə: “Hərbi kafedraların yaradılması bütün hallarda yüksək dəyərləndirilməlidir” Aqil Abbas: “Nazirliklərdə hərbi kafedraların yaranması ilk növbədə kadrların döyüş taktikasını, strategiyanı öyrənməsində ciddi rol oyanacaq”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb. Şərhçilər ölkəmizin müharibə şəraitində olmasını önəcə çəkərək izamalanan sərəncamın effektiv nəticələrə gətirəcəyini bildirirlər.

Hərbi məsələlər üzrə ekspert Azad İsazadə bildirdi ki, hər iki nazirlik hərbi təyinatlı olmasalar da, hərbi rütbə daşıyırlar: "Hərbi rütbə daşıyırlarsa, onlar hərbçidirlər, zabitdirlər. Ona görə hərbi elmini də bilməlidirlər. Vaxtı ilə universitetlərin hamısında hərbi kafedralar var idi. Faktiki olaraq, mülki fakültəni bitirənlər belə hərbi biliklər də alırdılar. Məsələn, Dövlət Neft Akademiyası kimya zabitləri, riyaziyyat fakültəsi artilleriya və s. zabitləri buraxırdılar. Həmçinin polis və fövqəladə hallar işçiləri də mütləq hərbi biliyə malik olmalıdırlar. Sərhəd qoşunlarının akademiyasında belə fakültə var. Milli Təhlükəsizlik Nazirliyinin akademiyasında da sözsüz ki, olmalıdır. Çünki, orada hərbi əks kəşfiyyatçılar da hazırlanır. DİN və FHN-də də lazımdır. Çünki, Azərbaycanın müyyən qədər rayonu cəbhə boyunca yerləşib. Orada qulluq edən polislər daha dərin hərbi biliklərə malik olmalıdırlar. O cümlədən hansısa hadisə baş verərsə, FHN –nin işçiləri də bu işə cəlb oluna bilər".

Ekspertin fikrincə, hərbi kafedraların yaradılması bütün hallarda yüksək dəyərləndirilməlidir: "Konkret polis və FHN zabitinin döyüş biliyinə isə onların təsiri olacaq. Söhbət nəzəri və taktiki bilikdən gedir. Yəni, ən azından elementar hərbi əlifbanı öyrənəcəklər".

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas isə sərancamın verilməsinə sevindiyini bildirdi: "Həmin nazirliklərdə hərbi kafedraların yaranması ilk növbədə kadrların döyüş taktikasını, strategiyanı öyrənməsində ciddi rol oyanacaq. Arzu edərdik ki, digər ali məktəblərimizdə də hərbi kafedralar olsun. Necə ki, əvvəllər olub. Həmin kafedralar zabit hazırlayırdılar. O dövrdə oxuyan kişilərin əksəriyyəti bu gün ehtiyatda olan zabitdirlər. Söhbət müharibə şəraitində olmağımızdan getmir. Sadəcə olaraq, hərbi kafedrada təhsil alan istənilən şəxs adi döyüş taktikalarını bilir. Hazırda bildiyimiz kimi, döyüş vəziyyətində yaşayırıq. Azərbaycan hər an döyüşə hazır olmalıdı. Cənab Prezident də dəfələrlə bunu vurğulayıb. ATƏT-in zəif hərəkəti, beynəlxlaq təşkilatların bu məsələdə ikili mövqe tutmaları, yalnız bəyanatlarla danışmaları bizi müharibəyə hazır olmağımıza işarə edir. Sülh istəyirik, ancaq müharibə alternativ variantdır. Kafedraların yaranmasında məqsəd sırf müharibəyə hazırlıq deyil. Ancaq təbii ki, məqsədlərdən biri də odur. Hərbi kafedraların yaranmasında məqsəd polis və FHN işçilərinin eyni zamanda hərbçi kimi lazım olanda istifadə edilə bilməsidir".

Sizin Reklam Yeriniz