Əlaqə Arxiv
news Image
2012.07.17
08:00
| A A A
Yağışlar yeni təhlükə gətirir
Ənvər Əliyev: “Əsas təhlükə sel hadisələrinin çoxalması prosesində özünü daha qabarıq şəkildə göstərə bilər” Telman Zeynalov: “Sürüşmə təhlükəsi adətən yağan suyun yerin dərin qatlarına hopması nəticəsində özünü göstərir”

Son günlər ölkənin bir sıra bölgələrində güclü yağışların yağdığı müşahidə olunur. Bir sıra rayonlarda yağışdan sonra dəhşətli sellər baş verib. Bildiyimiz kimi, qış aylarında baş verən qar yağışı və qarın əriməsi nəticəsində bir sıra yerlərdə sürüşmə halları baş vermişdi. Bu hal özünü Bakının bir sıra ərazilərində, o cümlədən bəzi rayonlarda da göstərmişdi. İndi də bəzi bölgələrdə bir neçə gün intensiv yağan yağış aylıq normadan artıq və ya ona yaxın olub.

Belə hallar isə sellərin artması ilə yanaşı, sürüşmə təhlükəsi də yaradır. Görəsən, rayonlarda yağan son yağışlar sürüşmə təhlükəsi yaradırmı?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirdi ki, yay fəslində yağan yağışlar Azərbaycanda ciddi sürüşmə təhlükəsi yaratmır: "Hazırkı situasiyada belə yağışlarla sürüşmə təhlükəsi elə də ciddi deyil. Yay mövsümündə ümumiyyətlə sürüşmə təhlükəsi az olur. Artıq torpaq quruyub. Belədə isə suyun daha aşağı qatlara keçmə ehtimalı çox azdır. Qışda isə qar suları nəticəsində torpağın şişməsi gedir və nəticədə alt qata suyun keçmə ehtimalı da çox olur. Həmçinin yaz yağışları qarın yağmasında olduğu kimi aylarla deyil, cəmi bir neçə saat çəkir. Ona görə də hazırda yağan yağış sularının alt qata keçməsi ehtimalı cüzidir. Ona görə də yağan intensiv yağışların kütləvi sürüşmə təhlükəsinə gətirib çıxaracağına inanmıram. Bilirsiniz ki, yay aylarında yağışların olması təsərrüfat üçün xeyirlidir. El arasında da deyirlər ki, taxıl biçilən vaxtı yağışlar çox olur. Azərbaycan ərazisində ümumiyyətlə yağışların maksimal düşmə dövrü yaz aylarının axırı, yayın əvvəllərinə qədər olan zamanı əhatə edir. İndiki halda yağışların belə kütləvi və intensiv olması nəticəsində fikrimcə, əsas təhlükə sel hadisələrinin çoxalması prosesində özünü daha qabarıq şəkildə göstərə bilər. Son dövrlərin hadisələri də göstərir ki, yayda məhz sellərlə bağlı yaranmış vəziyyət böyük problemlər yaradır. Amma yağan yağışın sürüşmə təhlükəsi yaradacağı ehtimalı azdır. Ölkədə müəyyən çaylar var ki, ilin bu fəslində çoxsaylı sel hadisələrinə səbəb olurlar. Onların qarşısını almaq üçünsə müəyyən sahilbərkidici tədbirlərin görülməsi vacib şərtlərdəndir. Ümumiyyətlə Azərbaycan ərazisi elədir ki, nisbətən dağlıq ərazilərdə sellər, aran hissədə isə durğun sular daha çox dağıdıcı rol oynayır. Ona görə də çay sularının nizamlanması vacib şərtlərdəndir. Əsas problem nizamlanma olduğu kimi, bununla bərabər nizamlanma zamanı bir çox çayların enerjisindən də istifadə etmək lazımdır. Azərbaycan dağlıq ölkədir və bu ərazidə 44 milyard kilovat saatdan artıq hidroenerji ehtiyatları vardır. Həmin enerjidən müasir texnologiyalardan bəhrələnməklə istifadə etmək də vacib şərtlərdəndir. Hər hansı adi bir qəsəbə və kəndi adi bir çay suyu vasitəsilə enerjilə təmin etmək mümkün variantlardandır. Bütün bunlara rəğmən deməliyəm ki, çay sellərinin nizamlanması ölkənin qarşısında dayanan mühüm məsələlərdən biridir. Hansı ki, həmin nizamlanmadan da böyük enerji alınır".

Ekoloq Telman Zeynalov da bu qənaətdədir ki, yaz-yay fəslində yağan yağışın sürüşmə təhlükəsinə elə də aidiyyatı yoxdur: "Sürüşmə təhlükəsi adətən yağan suyun yerin dərin qatlarına hopması nəticəsində özünü göstərir. Bu halda yerin dərin qatına çatan su hövzəsi yuxarı qatdakı torpağın yumşaq olmasından istifadə edərək sürüşməyə daha çox meyllilik yaradır. Yayda yağan yağışlar isə torpağın elə də dərin qatlarına getmir. Çünki onun bir hissəsi havaların isti keçməsilə, həm də buxarlanır. Belə halda yağan yağışlar ciddi sürüşmə təhlükəsi yarada bilməz. Bu baş versə də, özünü yalnız əvvəldən sürüşməyə daha çox meylli olan dağ yamaclarının olduğu ərazilərdə göstərə bilər. İndilikdə isə belə bir təhlükəni görmürəm".
Sizin Reklam Yeriniz