Əlaqə Arxiv
news Image
2014.10.03
08:33
| A A A
Regionda yeraltı təkanlar intensivləşir
Vüsalə Rafiqqızı: " Ərazimiz aktiv zona olduğundan burada vaxtaşırı hiss olunan, olunmayan, güclü, zəif təkanların baş verməsi xarakterik haldır "

Bu il Azərbaycanda baş verən intensiv zəlzələlər daha çox diqqət cəlb etməkəddir. Xatırladaq ki, sentyabrın 29-u Qəbələdə üç yeraltı təkan baş verib. Zəlzələ episentrdə 6 bal, Qəbələdə 5 bal, ölkənin əksər rayonlarında 3-4 bal gücündə hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə deyib ki, seysmik durum fon səviyyəsindədir: "Sentyabrın 29-da Qəbələ-Xınalıq istiqamətində qeydə alınan silkələnmədən sonra afterşoklar davam edir. Bu o deməkdir ki, proses dayanmır, ərazidə enerji boşalması gedir və orada yenidən zəlzələ qorxusu yoxdur. Azərbaycanın hər bir bölgəsində, Astaradan Mahaçqalaya qədər həm suda, həm quruda zəlzələ ocaqları var. Yalnız Abşeron yarımadasının bir hissəsində zəlzələ ocaqları qeydə alınmır. Bu da tektonik qırılmalar və blokların hərəkəti ilə gedən proseslərlə əlaqədardır.

Bu il fevralın 10-da Hacıqabul rayonunda gücü 6 bala çatan zəlzələ ölkə ərazisində 3-5 bala qədər hiss edildi. Hətta Gürcüstan, Ermənistan, İranda silkələnmə oldu. Hesab edirəm ki, elə bunun təsirindən gərginlik toplanan zəlzələ ocaqlarında aktivlik artdı. Keçən illə nisbətən bu il çox aktiv seysmiklik var. Yanvar ayından bu günə qədər 5 zəlzələ olub: ikisi Xəzər dənizində, digərləri Hacıqabulda, Zaqatalada və sonuncusu Qəbələdə. Bu, böyük rəqəmdir". Maraqlıdır ki, hiss olunan yeraltı təkanlar Azərbaycana qonşu ölkələrdə də özünü göstərir. Məsələn, bir neçə gün əvvəl Türkiyədə gücü 4,2 bal olan zələzələ baş verib. Yeraltı təkanlar Aralıq dənizində qeydə alınıb. ABŞ və Türkiyə mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, Mərmərə dənizində gözlənilən böyük zəlzələnin episentri İstanbuldan 8 km aralıda "Şahzadə Adaları seqmenti" adı verilən seysmik boşluqda olacaq. Mütəxəssislərin fikrincə, Mərmərə dənizinin dərinliklərindəki bu seysmik boşluğun qərb hissəsi hər hansı bir zəlzələ yaratmadan sürüşməyə davam edir. Zəlzələlərin şərqdən qərbə doğru irəlilədiyini qeyd edən mütəxəssislər 1999-cu ildə reallaşan "Gölcük" zəlzələsindən sonra növbəti zəlzələ episentrinin İstanbul olacağını ehtimal edir. "Gölcük" zəlzələsində minlərlə adamın öldüyü xatırladan mütəxəssislər önləmə tədbirlərinin hazırlanmasının vacib olduğunu qeyd edib. Bu ilin avqustunda isə İranın 3 qərb əyalətində 6.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Abadan şəhərinin kənd təsərrüfatına ciddi ziyan vurub.

Təkanların regionda belə intensiv xarakter almasının hələ davam edəcəyi istisna olunmur.

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirdi ki, zəlzələlərin artması ölkəmizin seysmik zonada yerləşməsi ilə bağlıdır: "Baş verən zəlzələ hadisələri Azərbaycanın seysmik baxımdan aktiv zonada yerləşməsi ilə bağlıdır. Tarixən bu ərazidə güclü zəlzələlər olub. Tarixin əvvəlinə getsək, görərik ki, Göygölün yaranması da güclü zəlzələnin nəticəsidir. 1902-ci ildə Şamaxı şəhərində də güclü zəlzələ müşahidə edilmişdi. Ölkəmizdə indi də zəlzələ ocaqları var. Amma zəlzələlərin olması fonunda buna aktivliyin artması kimi baxmaq da olmaz. Sadəcə olaraq, zaman dəyişib, elm, texnologiya inkişaf edib. İndi yerin təkində gedən prosesləri əvvəlki dövrlərlə müqayisədə daha asan izləmək mümkündür. Ərazimiz aktiv zona olduğundan burada vaxtaşırı hiss olunan, olunmayan, güclü, zəif təkanların baş verməsi xarakterik haldır. Aktiv ərazilərdə zəlzələlər olub, olacaq. Azərbaycan ərazisində Şamaxı-İsmayıllı, Xəzər dənizi hövzəsi, cənubda Talış dağ sistemi, Şəki-Zaqatala, Gəncədə Göygöl istiqamətləri aktiv zonalar hesab olunur. Həmin ərazilərdə vaxtaşırı olaraq da zəlzələlər baş verir. Qəbələdə baş verən və bir çox rayonlarda hiss olunan 3-4 ballıq təkana gəldikdə isə, buradan qırılma keçir. Amma hadisə yaşayış yerindən uzaq, dağlıq hissədə olub. Bütün hallarda zəlzələlərin intensiv xarakter daşımasından qeyri-adilik axtarmaq lazım deyil. Zaman dəyişib, keçən əsrin 90-cı illərində zəlzələlərlə bağlı informasiyaların çatdırılmasında müəyyən problemlər vardısa, artıq bu problemlər ortadan qalxıb. Hətta maqnitudası zəif hiss olunan təkanları da ictimaiyyətə çatdırırıq. Zəlzələlər ən çox Xəzər dənizində qeydə alınır və hiss olunmur. Bütün hallarda baş verən bu təkanlardan qorxuya düşmək, narahatlıq keçirmək lazım deyil. Narahatçılıq üçün hansısa bir əsas yoxdur. Aktiv bölgədə hiss olunan təkanlarla yanaşı, hiss olunmayan təkanlar da baş verəcək".

Sizin Reklam Yeriniz