news Image
2014.10.10
07:24
| A A A
Azərbaycan yeni yüksək dəqiqliyə malik silahlar alır
Ekspertlərə görə, alınacaq yeni yüksəkdəqiqli silahlarla faktiki olaraq, düşmənin üzərinə həmlələr etmədən onun canlı qüvvəsini və texnikasını sıradan çıxarmaq mümkün olacaq

Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev büdcədən ayrılan hərbi xərclərə xüsusi diqqət çəkdi: "Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik".

Ekspertlər ölkə Prezidentinin bu çıxışının düşmən ölkələrə bir mesaj olduğunu deyirlər. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, ölkə Prezidenti artıq yeni silahların alınmasının davam etdiriləcəyini açıqladı: "Bu, o anlama gəlir ki, biz 2015-ci ilə qədər yeni müqavilələrin imzalanmasının şahidi olacağıq. Yəni, Azərbaycan Silahlı Qüvvələri üçün ən müasir silah-sursatların alınması prosesi davam etməkdədir. Nə qədər bahalı proses olsa da, Azərbaycan buna məcburdur. Çünki, torpaqlarımız işğal altındadır. Biz Ermənistanın insafa gəlməsini gözləyə biləmərik. Düşməni məcbur etməliyik. Məhz dövlət rəhbərinin söylədiyi fikir də onunla bağlıdır ki, biz elə silahlar almalıyıq ki, düşmən məsələnin ciddiliyini anlasın. Nazirlər Kabinetinin iclasında səsləndirilən bu fikir Ermənistan üçün mesaj oldu. Onsuz da Azərbaycan insan, silah-sursat resursu baxımından, ümumiyyətlə, bütün parametrlər üzrə Ermənistanı qabaqlayır. Alınacaq yüksəkdəqiqli silahlarla faktiki olaraq, düşmənin üzərinə həmlələr etmədən canlı qüvvəsini və texnikasını sıradan çıxarmaq mümkün olacaq. Ermənilər də bizim mediada, rəhbərlikdə deyilən sözlərə ciddi diqqət yetirməmiş deyillər. Əminəm ki, ölkə başçısının səsləndirdiyi fikirlərlə bağlı Ermənistanda çox böyük ajiotaj yaranacaq. Onlar həmişəki kimi, dünyaya car çəkəcəklər ki, Azərbaycan silahlanır. Biz isə bu cür fikirlərə əhəmiyyət verməməliyik. Həmin beynəlxalq qurumlar bu fikirləri səsləndirən Ermənistana Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tövsiyə etsələr, daha yaxşı olar. Çünki, Ermənistan çox zaman belə məsələlərdən kifayət qədər yararlanıblar".

Ekspert qeyd etdi ki, dövlət başçısı artıq aidiyyatı qurumlara tapşırıq verib: "Qurumlar da yəqin ki, yaxın zamanda yeni silah-sursatların alınması ilə bağlı öz təkliflərini verəcəklər. Hələlik, biz sülh danışıqlarına üstünlük veririk. Amma zamanı gələndə dəqiq silahlardan istifadə olunacaq".

Ekspertin fikrincə, yüksək dəqiqli silahlar dedikdə, əsasən artilleriya qurğularından, hərbi hava qüvvələrinin imkanlarından söhbət gedir: "Bunlar da çox önəmli silahlardır. Amma indiyə qədər aldığımız silahlar da kifayət edirdi ki, Azərbaycan qısa müddətdə Ermənistana sarsıdıcı zərbələr endirə bilsin. Alınacaq silahlar isə həm məsafə, həm də məhvetmə imkanları baxımından çox böyük gücə malik olacaqr. Yəqin ki, 2015-ci ilə qədər həmin silahların alınmasının şahidi olacağıq. Yəni, yeni müqavilələr gözlənilir".

Ekspertin qeyd etdi ki, yüksək dəqiqli silahlar inkişaf etmiş ölkələrdə istehsal olunur: "Hesab edirəm ki, yaxın perspektivdə Azərbaycan o sahəyə də diqqət yetirəcək. Yəni, yüksək dəqiqli silahların ölkəmizdə istehsalı da mümkün olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs