news Image
2014.10.21
07:55
| A A A
Xarici daşınmaz əmlak bazarına yenə milyonlar axır
Nüsrət İbrahimov: “Londonda daşınmaz əmlaka qoyulan vəsait bir neçə ildən sonra digər sahələrə qoyulan vəsaitdən daha çox gəlir gətirir” Yusif Vəliyev: “Xaricdən daşınmaz əmlak alınması Azərbaycan vətəndaşının digər ölkəyə daha çox vergi ödəməsi deməkdir”

Azərbaycandan müxtəlif xarici ölkələrin daşınmaz əmlak bazarına hər il on milyonlarla dollar həcmində vəsaitin axması artıq heç kimə sirr deyil. Ekspertlər isə hesab edir ki, bu vəsaitin daxili bazara yönləndirilməsi daha məqbul olar və tikinti sektorunda fəallığın artmasına rəvac verərdi. Ölkəmizdən isə hətta evlərin kifayət qədər baha olduğu Londona da az vəsait axmır. "Knight Frank" rieltor agentliyinin məlumatına görə, Londonda ucuz mənzil almaq mümkün olmayan işdir.

Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb. Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən yeddi dəfə artıb. Orta hesabla isə ölkə boyu bu fərq beş dəfəyə çatır. "Knight Frank" agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub.

Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Belə ki, Londondan mənzil alanların əksəriyyəti misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar olublar.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı-ekspert Nüsrət İbrahimov "Mövqe"yə açıqlamasında bildirdi ki, Londonda daşınmaz əmlak alanlar azərbaycanlıların əksəriyyəti imkanlı şəxslərdir: "Birincisi, onların bir çoxunun övladları Londonda təhsil alır. Ona görə də orada ev almaq, özlərinin gedib-gəlməsi, övladlarının müvəqqəti yaşaması üçün olan zərurətdən irəli gəlir. İkincisi, Londonda daşınmaz əmlakla bağlı hüquqların qorunması çox yüksək səviyyədədir. Yəni, İngiltərənin daşınmaz əmlak bazarında risklər çox aşağıdır. Bu baxımdan vəsaitin İngiltərinin daşınmaz əmlak bazarına yatırılması daha etibarlı hesab edilir. Üçünücü amil isə, dünyada kvadratmetr dəyərinə baxanda ən bahalı şəhərlərdən birinin İngiltərənin paytaxtı Londonun olmasıdır. Orada qoyulan vəsait bir neçə ildən sonra digər sahələrə qoyulan vəsaitdən daha çox gəlir gətirir. Bu baxımdan investorlar üçün Londona investisiya yatırmaq cəlbedicidir. Qeyd olunan səbələrdən imkanlı şəxslər Londonda investisiya yatırmağa meylli olurlar".

Ancaq ekspert xaricdən daşınmaz əmlak almağın mənfi tərəflərini də vurğuladı: "İlk mənfi amil ölkədən xaricə vəsaitin çıxmasıdır. Normalda ölkəyə daxil olan vəsait ölkədən çıxan vəsaitdən çox olmalıdır. Düzdür, hələlik Azərbaycan bu istiqamətdə əziyyət çəkmir. Bizə daxil olan vəsait xaric olan vəsaiti qat-qat çoxdur. Ancaq gələcəkdə neft, qaz ixracatı azalsa, idxal ixracatı üstələyərsə, onda iqtisadi baxımdan pulların çıxarılması ölkəyə mənfi təsir edə bilər".

İqtisadçı-ekspert Yusif Vəliyev hesab edir ki, son dövrlərdə Azərbaycandan Böyük Britaniyaya meyllənmə çoxalıb: "Bu, özünü əsasən də təhsil sahəsində göstərir. Ora gedən tələbələrin təhsili bir neçə il davam edir. Təhsil müddəti bitdikdən sonra isə bəziləri orada qalıb yaşayır və hansısa əmək fəaliyyəti ilə məşğul olurlar. Bu da sonda orada yaşamaq, Londonda daşınmaz əmlak almaqla nəticələnir. Bunu da əsasən ipoteka kreditləri və ya öz gəlirləri hesabına əldə edə bilirlər. Odur ki, Azərbaycandan Londona oxumağa gedənlərin bəzilərinin orada qalıb işləmələrini nəzərə alsaq, onların İngiltərədən daşınmaz əmlak almaları normal haldır. Prosesin müsbət tərəfi onların orada əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Mənfi tərəfi isə odur ki, oradan daşınmaz əmlak almaqla yatırımlar Azərbaycana yox, Böyük Britaniyaya qoyulur. Yəni, xaricdən daşınmaz əmlak alınması Azərbaycan vətəndaşının digər ölkəyə daha çox vergi ödəməsi deməkdir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs