Əlaqə Arxiv
news Image
2014.10.21
17:19
| A A A
Suraxanı rayonunda 2014-cü ilin birinci yarısının yekunları müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində RİHB yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən yığıncaqda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü il ölkəmizdə "Sənaye ili" elan edilmişdir. Suraxanı rayonunun sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 16-da yeni sənaye müəssisəsinin - Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Dövlət Başçısına məlumat verilmişdir ki, 6 hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılmış, gələcəkdə burada daha 4 min panelin quraşdırılması nəzərdə tutulmuş və bu panellər gündə 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. 

Sənaye ili çərçivəsində eyni zamanda Qaraçuxur qəsəbəsində Transformator zavodunun yeni korpusunun tikintisi, Bülbülə qəsəbəsində isə "Bakı Toxuculuq" ASC-də yenidən qurma işləri davam etdirilmişdir.

Rayon rəhbəri məlumat verdi ki, 2014-cü  ilin 9 ayı ərzində rayonda sənaye məhsulunun istehsalı 284,0 milyon manat (artım +31,1%), tikinti işləri 145, milyon manat (artım +0,2%), nəqliyyat xidmətləri 13,0 milyon manat (-11,0%), əsas kapitala yönəldilən investisiyalar 70,0 milyon manat (artım +9,9%), orta aylıq əmək haqqı 576 manat (artım +0,1%) olmuş, pərakəndə ticarət dövriyyəsi 8,5% artaraq 220,0 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 20,8% artaraq 175,0 milyon manat təşkil etmiş, 2653 yeni iş yeri açılmışdır (+67,3%).

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 51, ümumərazi inkişaf üzrə 3 tədbir nəzərdə tutulmuş, onların 3-ü icra olunmuş, 19-nun icrasına başlanılmış, başlanılan tədbirlər proqramın 40,74 faizini təşkil etmişdir. Dövlət Proqramına əsasən bu dövr ərzində rayonda mövcud olan 71,0 min abonentin 27,0 mini, yəni 38,5 faizi 24 saat fasiləsiz su ilə təmin edilmişdir. Rayonun elektrik enerjisi şəbəkəsində 3 Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 4 Transformator Məntəqəsi əsaslı təmir olunmuş, qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1942 p.m. yeni qaz xətti çəkilmiş, yollara və məhəllələrə 120,0 min kv.m. asfalt örtüyü salınmış, 204 ədəd işıq dirəyi quraşdırılmış, 20,0 min kv.m dam örtüyü təmir edilmiş, qəzalı istinad divarlarında bərpa işləri aparılmış və bir çox digər işlər görülmüşdür.

Əmircan qəsəbəsində 84 saylı orta məktəbin köhnə binası sökülərək yerində yeni 960 şagird yerlik müasir məktəb binası tikilmiş, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin açılışında iştirak etmişdir.

Dövlət Proqramına uyğun olaraq rayon "Gənclər evi" istifadəyə verilmiş, Yeni Günəşli "D" yaşayış sahəsində 282 nömrəli məktəb, Əmircan qəsəbəsində 87 saylı məktəb, 114 saylı məktəbin ibtidai siniflər üçün korpusu əsaslı təmir olunmuş, Hövsan qəsəbəsində 118 saylı məktəb əsaslı təmir olunmuş, 500 şagird yerlik əlavə tədris korpusu, yeməkxana, idman və akt zalı, Qaraçuxur qəsəbəsində 104 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusu tikilmiş, Bülbülə qəsəbəsində 140 saylı  məktəbdə bərpa-gücləndirilmə işləri aparılmış və bina əsaslı təmir olunmuş, Yeni Günəşli "D" yaşayış sahəsindəki 290 nömrəli məktəbin stadionu ilə 4 nömrəli avtobus dayanacağı arasında yeni istinad divarı, Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində ATS binası tikilmiş, 146 saylı məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusunun, idman və akt zalının tikintisi, Yeni Suraxanı qəsəbəsində mini-futbol meydançasının əsaslı təmiri, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının salınması, Əmircan qəsəbəsində idman zalının tikintisi davam etdirilmiş, Qaraçuxur qəsəbəsində idman zalının və Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində rayon İcra Hakimiyyəti tərəfindən 100 yerlik uşaq bağçasının tikintisinə başlanılmışdır.

Yeni Suraxanı qəsəbəsi, Suraxanı Tibbi Bərpa Mərkəzinin ətrafyanı sahələri əsaslı təmir olunmuş, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində "Şəhid bulağı" kompleksi yenidən qurulmuş, ətrafyanı sahələri abadlaşdırılmış və müasir tipli yeni avtobus dayanacağı quraşdırılmışdır. 

Qaraçuxur qəsəbəsində "Veteranlar xiyabanı"nın, "Vətən şəhidlərini unutmur" xatirə kompleksinin, Bülbülə qəsəbəsində Böyük Vətən Müharibəsində həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidənin ətrafı əsaslı təmir edilmiş, Yeni Suraxanı qəsəbəsində "Vətən Şəhidləri" kompleksi yenidən qurulmuş, Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun büstü təmir olunmuş və ətrafyanı sahəsi abadlaşdırılmış, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində "Şəhid bulağı" kompleksi yenidən qurulmuşdur.

Əmircan qəsəbəsinin Vladimir Balandin, Neftçi və Malik Mustafayev,  Hövsan qəsəbəsi, Oqtay Şabanov, İlqar Əhlimanov, Hafiz Quliyev və Elman Qasımov küçələrində, Səttar Bəhlulzadə küçəsinin Əmircan və Bülbülə qəsəbələrindən keçən hissəsində, Yeni Suraxanı qəsəbəsinin Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları yenidən qurulmuş və hal-hazırda işlər davam etdirilir. 

Əmircan və Hövsan qəsəbələrində 137 ədəd qeryi-yaşayış obyektinin fasadları yenidən qurulmuş, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev, Hövsan qəsəbəsi, Dənizkanarı və Zığ qəsəbəsi, İdris Süleymanov küçələrində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması ilə bağlı layihələr hazırlanmışdır. 

Əmircan qəsəbəsi, Abbasqulu Ağa Bakıxanovun adını daşıyan parkda əsaslı təmir və yenidənqurma işləri aparılmış, rayon ərazisində 9 yerdə abad məhəllə salınmış, Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilmişdir.

İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında"  12 fevral 2014-cü il tarixli Sərəncamının Suraxanı rayonunda icrasını təmin etmək məqsədi ilə müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına uyğun olaraq Abbasqulu Ağa Bakıxanov adına parkda geniş abadlıq işləri həyata keçirilmiş, burada qəsəbə sakinlərinin istirahəti, uşaqların əylənməsi üçün əlverişli şərait yaradılmış, Abbasqulu Ağa Bakıxanovun parkda büstü qoyulmuşdur. 

 Rayon ərazisində 9 abad məhəllə salınmışdır. Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı,  200 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur  qəsəbəsində və Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti kredit yarmarkaları keçirilmiş, 14 sahibkarlıq subyektinə 395,5 min manat güzəştli şərtlərlə kredit verilmişdir.

Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 2,3 ha olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, texniki rekultivasiya işi aparılaraq 8,1 ha torpaq sahəsi bərpa edilmiş, 18 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, 12 ümumrayon iməciliyi keçirilmiş, 8,0 min ağac, o cümlədən mədən ərazilərində 3,0 min ağac və kol əkilmişdir.  Sevindirici haldır ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 milyon manat vəsait ayrılmışdır.

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə qədər Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 49000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 13,5 mindən artıq istifadəçi faydalanmış, 2014-cü ilin 9 ayında Mərkəzdə 19 ümumrayon tədbiri, Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 10 açıq dərs, yeni ailə quran 16 gənc ailənin nikah mərasimi keçirilmişdir.

Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ölkəmizdə ilk dəfə olaraq "Rayon təhsil müəssisələrinin birinci sinif şagirdlərinin "Gənc Heydərçilər" sırasına qəbulu" layihəsi gerçəkləşdirilmiş, artıq 330 nəfər birinci sinif şagirdi rayondakı Heydər Əliyev Mərkəzində ilk tədbirdə iştirak etmiş və gələn ilin mayın 10-na qədər rayonun 35 məktəbində təhsil alan 4600 nəfər 1-ci sinif şagirdi "Gənc Heydərçilər" sırasına qəbul olunacaqdır. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə  Heydər Əliyev parkında "Gül bayramı", "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda konfrans, Milli Qurtuluş Günü münasibəti ilə "Heydər Əliyev Qurtuluş mübarizəsinin qalibidir!" mövzusunda konfrans, Ulu Öndər Heydər Əliyevin siyasi

hakimiyyətə gəlməsinin 45 illiyi münasibəti ilə tədbir keçirilmişdir. 

28 aprel tarixdə görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.

Bundan əlavə  Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 45 illiyi münasibəti ilə, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri ilə birgə Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş yubiley tədbiri, narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində silsilə maarifləndirici və digər tədbirlər keçirilmişdir. Əmircan qəsəbəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin bərpasından sonra açılışı, Bülbülə qəsəbəsində "İgid" güləş idman klubunun açılışı, 04 iyun tarixdə Misir Ərəb Respublikasının   "İsmailiyyə" folklor ansamblının Heydər Əliyev parkında rayon sakinləri qarşısında konseti, 21 iyun tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında tatar xalqının milli "Sabantuy" bayramı olmuşdur. 

RİH-in və FHN-nin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirilmişdir.

İyun ayında RİH-in və Səhiyyə Nazirliyinin Bakı şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Regional Bölməsinin birgə təşkilatçılığı ilə rayonun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yataqxana və binalarda, konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara qarşı birdəfəlik kütləvi dezinfeksiya işləri aparılmışdır.

 2014-cü ilin 9 ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7306 nəfərə 4,3 milyon manat sosial müavinət,  2320 ailəyə 3,0 milyon manat ünvanlı sosial yardım ödənilmiş, 251 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, onlardan 51 nəfəri istirahət mərkəzlərinə göndərilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu dövr ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1,3 milyon manat vəsait toplanmış, artım 12,4% təşkil etmiş, 27584 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 46,9 milyon manatdan artıq pensiya ödənilmişdir.

Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 877 nəfər işaxtaran vətəndaşdan 387 nəfəri işlə təmin olunmuş, 82 nəfərə işsiz statusu verilmiş, 93 nəfərə işsizlik müavinəti təyin edilmiş, 56 nəfər peşə hazırlıq kurslarına göndərilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində əhaliyə  613 ton kənd təsərrüfatı məhsulları satılmışdır.

 Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir.

2014-cü ilin 9 ayı ərzində  RİH-ə 4000 vətəndaş müraciəti və 754 xidməti sənəd daxil olmuş, müraciətlər əsasən fərdi yaşayış evlərinin layihələrinin təsdiqi, ilkin hüquqi qeydiyyata alınması, mənzil növbəsinə götürülmə, mənzil və torpaq sahəsi ilə təmin olunma, su və kanalizasiya xətlərinin çəkilməsi, küçə və yolların asfaltlanması, maddi köməklik göstərilməsi, kommunal problemlər, sosial yardım və s. məsələlərlə bağlı, xidməti sənədlər isə əsasən zəbt olunmuş torpaq sahələrində aparılan qanunsuz tikintilərin ləğv edilməsi, zəruri tikililərin inşası üçün torpaq sahəsinin ayrılması və s. məsələlərlə bağlı olmuşdur.

Sakinlərlə yerlərdə səyyar görüş-qəbulların keçirilməsi davam etdirilmiş, 2014-cü ilin 9 ayı ərzində 2721 nəfər sakinin  iştirakı ilə 30 səyyar görüş-qəbul keçirilmiş, səyyar görüşlərdə qaldırılmış  məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.  2014-cü ilin 9 ayı ərzində RİH-də  1659  nəfər vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 701 nəfər vətəndaş qəbul edilmiş, rayon İcra Hakimiyyətinin başçısı yanında 9 Şura iclası keçirilmiş, rayon üçün mühüm əhəmiyyət kəsb edən 29 məsələ müşakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. 

RİH-də yaradılmış Operativ idarəetmə mərkəzinin, Heydər Əliyev parkında və Qaraçuxur qəsəbəsində yerləşdirilmiş elektron lövhələrin, Heydər Əliyev Mərkəzinin elektron təbliğat vasitələrinin imkanlarından geniş istifadə edilməsi davam etdirilmişdir.   

2014-cü ilin 9 ayında RİH-in internet saytı,  elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilməsi, RİH-ə daxil olan və göndərilən sənədlərin "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sisteminə yerləşdirilməsi işləri davam etdirilmiş, RİH-in elektron poçtuna daxil olmuş 143 elektron məktub cavablandırılmışdır. 

Yığıncaqda rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığını müzakirə olundu. Qeyd olundu ki, payız-qış mövsümünə hazırlığı yüksək səviyyədə təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Qərargah yaradılmış və təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğınların qarşısının alınması üçün işlər görülmüş və hazırda da davam etdirilir. Payız-qış mövsümünə hazırlığın vəziyyəti Qərargah tərəfindən daim nəzarətdə saxlanılır.

Məruzədən sonra yığıncaq iştirakçılarına Suraxanı rayonunda 2014-cü ilin üçüncü rübdə görülmüş işlər haqqında sujet göstərilmişdir.

Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və digərləri çıxış etmişdir.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar. 

Hesabat yığıncağında Milli Məclisin deputatı Fərəc Quliyev iştirak etmişdir.

Müzakirələrdən sonra müvafiq qərar qəbul edilmişdir.


Sizin Reklam Yeriniz