Əlaqə Arxiv
news Image
2012.07.02
08:31
| A A A
Pulu az olan bankları böyük çətinliklər gözləyir
Nazim Məmmədov: “Nizamnamə kapitalının kifayət qədər yüksək olması bankın dayanıqlı olmasından xəbər verir” Xalid Mikayılov: “Azərbaycanda bank sisteminin kapitalının artırılmasına ehtiyac böyükdür”

Oqtay Haqverdiyev: "Azərbaycan kimi ölkə üçün bankların kapitalı ən azı 25-30 milyon manat olmalıdır"

İqtisadiyyatın qollarından biri də bank sektorudur. Ölkəmizdə isə mövcud bankların demək olmaz ki, hamısı yüksək səviyyədə inkişaf edib. Bu yaxınlarda "Röyal Bank"ın fəaliyyətini dayandırması da qeyd edilənlərin təsdiqidir. Ekspertlər isə tələblərə cavab verməyən bankların daha tez sıradan çıxması üçün sərt addımların atılmasını zəruri sayırlar.

Bu addımlardan biri də fəaliyyət göstərən bankların nizamnamə kapitalının artırılması ilə bağlıdır. İqtisadçı-ekspert Nazim Məmmədov qeyd edir ki, istənilən halda bankın reytinqini müəyyən edən əsas göstəricilərdən biri onun nizamnamə kapitalının həcmidir: "Bununla yanaşı, həm də onun məcmu kapitalının strukturu da önəm daşıyır. O baxımdan nizamnamə kapitalının kifayət qədər yüksək olması bankın dayanıqlı olmasından xəbər verir. Azərbaycan müstəqillik qazandığı zamandan sonra ilk növbədə, bank sektorunda islahatların aparılması və yeni bankların yaradılması baş verib. Burada bir neçə dəfə də nizamnamə kapitallarına qoyulan tələblər yüksəldilib. Əvvəlki illərdə yeni bank sistemi formalaşan zaman nizamnamə kapitalını təkcə nağd vəsait hesbına yox, hətta daşınmaz əmlakda da qoymaq mümkün idi. İndinin özündə də nizamnamə kapitalını əsas vəsait olaraq daşınmaz əmlakla təmin edən banklar var. Nəticə etibarı ilə bu banklar korperativ müştərilərlə işləməyə daha çox can atmayıblar. Ancaq xırda köçürmə əməliyyatlarından, bəzi qeyri-rəsmi maliyyə mexanizmlərindən istifadə edərək ayaqda durmağa çalışıblar. Ancaq Azərbaycanda bank sektorunda gördüyümüz odur ki, ucuz resurslar heç də çox deyil və ucuz resursları cəlb etmək də çox çətin bir mexanizmdir. Hətta əvvəl cəlb edilmiş vəsaitlərin hesabına da bankda yüksək rentabelliyi təmin etmək mümkün deyil. Ona görə də Mərkəzi Bank bu və ya digər bankların nizamnamə kapitalı ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib və onların lisenziyalarının dayandırılması ilə bağlı addımlarında haqlıdır. Əslində, Mərkəzi Bank tərəfindən bu kənar idarəçilik qoyulduqdan sonra sağlamlaşma prosesi baş verməlidir. Bundan da əhalinin əmanətləri əziyyət çəkməməlidir. Ona görə də nəticə etibarı ilə bankların sağlamlaşması üçün Mərkəzi Bank öz dəstəyini əsirgəməməlidir".

Digər iqtisadçı Xalid Mikayılov da bildirir ki, Azərbaycanın bank sistemində Mərkəzi Bankın apardığı son islahatlar çox vacibdir: "Çünki Azərbaycanda bankların sayı çox olsa da onların göstərdiyi xidmətlərin sayı çox azdır. Bu baxımdan yanaşdıqda Azərbaycanda bankların maliyyə vəziyyətini möhkəmləndirib, kapitalını artırıb, daha çox real sektora vəsait yönəldilməsinə ehtiyac var. Çünki Azərbaycandakı kiçik bankların əksəriyyəti daha çox qısa müəddətli istehlak kreditləri verməklə məşğuldur. Bu isə real sektorun inkişafını stimullaşdırmır. Bu baxımdan bankların birləşərək öz gücünü artırıb, uzun müddətli və real sektora yönələn fəaliyyətə keçməsi daha vacibdir. Digər tərəfdən də bu yaxınlarda Mərkəzi Bank Bazel prinsiplərinin daha da geniş tətbiqinə çalışacaqlarını elan edib. Bu da müsbət təcrübədir. Getdikcə Azərbaycanda bank təcrübəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün bu addımların atılması çox vacibdir".

Ekspert həm də onu əlavə etdi ki, banklarda bəzi yeni xidmətlərin göstərilməsi üçün kadrların potensialının artırılması da vacib məsələlərdən biridir: "Bundan başqa banklarda yeni xidmət olan "İxracı dəstəkləyən faktorinq" kimi xidmətlərin təşkil edilməsinə çox ciddi ehtiyac var. Çünki Azərbaycan qeyti-neft sektorunun inkişafının vacibliyini elan edib. Bu baxımdan qeyri-neft sektorunda kiçik və orta sahibkarların dəstəklənməsində bu cür xidmətlərin göstərilməsinə böyük ehtiyac var. Ona görə də ümumiyyətlə, Azərbaycanda bank sisteminin nizamnamə kapitalının artırılmasına ehtiyac böyükdür. Bu sahədə atılan addımlar tam düzgün hesab edilir".

Digər ekspert Oqtay Haqverdiyev isə nizamnamə kapitalının artırılmasına ehtiyacın çoxdan olduğunu bildirir: "Çünki bu qədər milyardların arasında 10 milyon çox kiçikdir. Belə balaca ölkə üçün bu qədər bankın olması da düzgün deyil. Vaxtı ilə kimlərsə bank açıbsa, indi onları bağlamaq asan olmayacaq. Amma bank sektoruna yenidən baxılmanın vaxtı artıq gəlib. Ümumiyətlə, bank sisteminin özündə müəyyən formalar həyata keçirilməlidir. Bizim kommersiya banklarının çoxu kreditlərin verilməsi ilə məşğuldur. Bu onların funksiyasına aid olan məsələdir. Amma bank sisteminin mövqeyini bərkitmək üçün ayrı konseptul proqram yoxdur. Çünki bank sistemi elə bir sistemdir ki, iqtisadiyyatı həm yıxa, həm də qaldıra bilər. Odur ki, bank sisteminə baxmaq lazımdır. Çünki, bizim bank sistemi 90-cı illərdən qalan sistemdir. O, bir növ qocalmış sayılır. Zamanın yeni tələblərinə uyğun hansısa bir islahatlar aparılmalıdır. İlk növbədə də kapitalın artırılmasından başlamaq lazımdır ki, bu gün onların kapitalı Azərbaycan kimi ölkə üçün təxminən ən azı 25-30 milyon manat olmalıdır. 10 ildən sonra isə bu rəqəm 100 milyon manata qədər qalxmalıdır. Ona görə də bu formalar tədricən getməlidir. Onda da yavaş-yavaş nizamnamə kapitalı artacaq".

Sizin Reklam Yeriniz